“Georgian Post” yerli və beynəlxalq bağlamaların göndərilməsinin qiymətini artırıb. Artırılmış tariflər 3 yanvar 2024-cü il tarixindən qüvvəyə minir. Gürcüstan üzrə 2 kiloqrama qədər bağlamaların çatdırılmasının qiyməti 124% artaraq 19 lari olub. İndiyə qədər onun qiyməti 8,5 lari idi.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bağlamanın poçt xidmət mərkəzindən götürülməsi də bahalaşıb və indi 14 laridir. Həmçinin, kiçik paketlər ləğv edilib və müvafiq olaraq istifadəçinin paket göndərə biləcəyi minimum məbləğ 14 laridir.
Beynəlxalq tariflər də artıb. 1 kiloqramlıq bağlamanın ABŞ-a təyyarə ilə göndərilməsinin qiyməti 23 lari artaraq 185 lari olub. Yunanıstan, Polşa, İtaliya, Türkiyə istiqamətində yeni tarif 152 laridir.
“Georgian Post MMC”-nin səhmlərinin 100%-i dövlətə məxsusdur. Levan Çikvaidze 2012-ci ilin noyabrından şirkətin direktorudur. “Beynəlxalq Şəffaflıq- Gürcüstan”ın məlumatlarına görə, son iki ildə Levan Çikvaidze öz bəyannaməsində dörd dövlət şirkətinin direktorluğundan əldə etdiyi gəliri göstərməyib. Bundan əvvəl, 6 il ərzində (2015-2020) Çikvaidzenin “Georgian Post”dakı illik gəliri üç dəfə artaraq 36 707 laridən 111 622 lariyə yüksəlmişdi.
Levan Çikvaidze eyni anda 4 dövlət şirkətinin direktorudur: “Georgian Post” MMC; “Georgian Cargo” MMC; “Gürcüstan Lotereya Şirkəti” MMC; “Express” MMC.
Bəyannamədə Çikvaidze, həmçinin ona və həyat yoldaşına (direktor və/yaxud səhmdar) aid olan 6 başqa şirkəti göstərmir: “Rustavi Puri” MMC, “Macroenergy” MMC, “LC Radio” MMC, “Botec Georgia” MMC, “LC Company” MMC, “Futsal Club Tbilisi” MMC.
Çikvaidze rəsmi şəxs kimi bütün bu məlumatları bəyannamədə əks etdirməyə borcludur. Dövlət Qulluğu Bürosu onu 2019-cu ildə sahibkarlıq fəaliyyəti ilə bağlı məlumatları, həyat yoldaşının adına olan daşınmaz əmlakı və bank hesablarını gizlətdiyinə görə artıq bir dəfə cərimələyib.