“Gürcü Arzusu” homofobiya və senzura tətbiq edən qanunvericilik paketini irəli sürür

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament çoxluğu bu gün LGBT fərdlərin hüquqlarını, o cümlədən sərbəst toplaşmaq, söz və ifadə azadlığını məhdudlaşdıran “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini irəli sürəcək. Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdən biri də mayın 17-də Ailə müqəddəsliyi gününün təsis edilməsi və onun qeyri-iş günü elan olunmasını nəzərdə tutur.

Parlamentin sədri Şalva Papuaşvili bu gün keçirilən brifinqdə bildirib ki, qanunvericiliyə dəyişikliklər cari yaz sessiyası başa çatmamış birinci oxunuşda qəbul olunacaq.

“Paket bir əsas və 18 törəmə qanun layihəsindən ibarətdir ki, bunun vasitəsilə müxtəlif qanunlara - Mülki Məcəlləyə, Əmək Məcəlləsinə, təhsil haqqında qanunvericiliyə və s. ediləcək dəyişikliklər daxildir”, - Papuaşvili bildirib və əsas dəyişikliklərdən danışıb:

  • “Nikah məsələsi - 2017-ci ildə konstitusiya ailə qurmaq məqsədi ilə kişi və qadının birliyi kimi nikah məsələsini tənzimlədi, lakin Gürcüstanda alternativ nikah formalarının tətbiq edilməsi ilə bağlı müxtəlif söhbətlər eşidirik. Ona görə də qanunla tənzimlənəcək ki, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş nikah şərtlərinə zidd olan, yəni qadınla kişi arasında birliyi nəzərdə tutmayan alternativ nikah birliyinin qeydə alınmasına icazə verilmir;
  • İkinci məsələ övladlığa götürmə məsələlərinə aiddir və burada da özlərini cinsindən fərqli cins kimi tanıdan və ya heteroseksual olmayan insanlar tərəfindən yetkinlik yaşına çatmayan uşağın övladlığa götürülməsi, o cümlədən, övladlığa götürmək istəyən şəxs subay olsa belə yolverilməz olacaq;
  • Üçüncü məsələ cinsiyyətin dəyişdirilməsi əməliyyatına aiddir. Xüsusilə, şəxsin cinsini dəyişdirmək məqsədilə cərrahi əməliyyat keçirməsi və ya hər hansı digər tibbi manipulyasiyadan istifadə etməsi qadağan ediləcək;
  • Dördüncü - dövlət tərəfindən verilən sənədlərdə cinsin göstərilməsi məsələsi. Şəxsiyyəti təsdiq edən sənəddə və ya dövlət tərəfindən verilən digər sənəddə şəxsin cinsindən fərqli göstərilməsi qadağan ediləcək;
  • Beşinci - təhsil sektorunda təbliğatın qadağan olunması məsələləri. Təhsil müəssisəsində LGBT təbliğatının aparılmasına icazə verilməyəcək. Xüsusilə, şəxsin özündən fərqli cinsə aid edilməsini, eyni cinsin nümayəndələri və ya qohumluq münasibətlərini (insest) təbliğ etməyə yönəlmiş bu cür məlumatların yayılmasının təşviq edilməsi;
  • Altıncı - məlumatın yayılması. Yayımçının öz efirində şəxsin öz cinsindən fərqli cinsə aid edilməsini, eyni cins nümayəndələri arasında münasibətləri, insesti təbliğ etmək məqsədi daşıyan bu cür məlumatların yayımına icazə verilməyəcək. Bu qadağa yalnız o çərçivəyə şamil edilir ki, eyni cins nümayəndələri arasında intim münasibəti əks etdirən səhnənin və ya insest əlaqəsi səhnəsinin yayımlanmasına icazə verilmir. Həmçinin, oxşar məzmunlu reklamlar qadağan olunacaq;
  • Yeddinci məsələ toplaşma və nümayiş məsələlərindən bəhs edir. Burada şəxsin özünü öz cinsindən fərqli cinsə aid etməsini, eynicinsli münasibətləri və ya insesti təşviq etmək məqsədi daşıyan ictimai toplaşmalara və ya nümayişlərə icazə verilməyəcək;
  • Səkkizinci məsələ əmək münasibətlərinə aiddir - istər özəl, istərsə də dövlət qurumlarında. Bioloji cinsə etinasız yanaşmaq məqsədi daşıyan əmək münasibətləri çərçivəsində qoyulan öhdəlik etibarsız olacaq”, - Papuaşvili bildirib.

Hakim partiya “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” konstitusiya qanun layihəsini də irəli sürüb, lakin müxalifətin dəstəyi olmadan Konstitusiyaya dəyişiklik edə bilmir. Şalva Papuaşvilinin bu gün təqdim etdiyi qanunları qəbul etmək üçün “Gürcü Arzusu” parlamentdə kifayət qədər səsə malikdir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur