"Gürcü arzusu"na inanmırıq - 19:00-da parlament qarşısında aksiya keçiriləcək

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Müxalif siyasi partiyaların nümayəndələri bu gün, martın 9-da saat 19:00-da parlament qarşısında aksiya keçiriləcəyini açıqlayıblar. Onların sözlərinə görə, “Gürcü arzusu” geri çəkilməyə məcbur olub, lakin agentlər haqqında rus qanunundan imtina etdiyinə inanmırlar.

“Bu, bizi dəfələrlə aldadan yalançı rusların komandasdır. İyunun 20-də bizi aldatdı, proporsional seçkilərlə bağlı aldatdı, Şarl Mişelin sənədi ilə bağlı aldatdı. Bizi hər şeydə aldatdı.

Gürcüstan parlamentinin reqlamenti birinci oxunuşda qəbul edilmiş qanun layihəsinin geri götürülməsi üçün hüquqi proseduru tanımır. “Gürcü arzusu”nun bu qanunu rədd etdiyinə inanmağın yeganə yolu belədir: Venesiya Komissiyasına göndərilən bu Rus qanununun hər iki variantını geri götürsünlər, hər ikisini səsverməyə çıxarıb və ləğv etsinlər. Belə olan halda biz hesab edəcəyik ki, “Gürcü arzusu” Rus qanunlarından imtina edib. Bu baş verənə qədər biz etirazımızı davam etdiririk”, - Droa partiyasının üzvü Qiqa Lemonjava bildirib.

Aksiya təşkilatçıları son iki gündə həbs edilən nümayişçilərin azadlığa buraxılmasını tələb edirlər.

“Bu gün mütləq aksiya olacaq, çünki gənclərin çoxu “Gürcü Arzusu”na inanmır. Biz hər iki bəndin yerinə yetirilməsini tələb edirik - bir tərəfdən onların bu qanun layihəsini necə geri çəkəcəklərinə aydınlıq lazımdır, çünki onların bəyanatları qeyri-müəyyəndir, digər tərəfdən də bizimlə birgə mübarizə aparan insanlar tələyə düşüb, onlarazadlığa buraxılana qədər, “Gürcü Arzusu” məsələnin asan olacağını düşünməsin”, – “Qirçı – Daha Çox Azadlıq” partiyasından olan Tbilisi Şəhər Şurasının üzvü Tsotne Koberidze bildirib.

“Bizim etirazımız dayanmayıb. Biz bunu qələbə kimi qəbul edə bilmərik, xüsusən də dostlarımız nəinki saxlandıqlarını, hətta onların harada olduğunu belə bilmədiyimiz halda.

Biz əsas tələbə cavab almamışıq - “Gürcü arzusu” öz bəyanatında əhali ilə bəzi məsləhətləşmələrdən danışıb. Bu [geri götürmə] qeyd-şərtsiz edilməlidir. Gürcü xalqı öz həyat və sağlamlığının riski bahasına buna cavab verdi.

Biz Avropanın gələcəyini Rusiyaya verməyəcəyik, qələbəyə qədər mübarizə olacaq. Biz bilirik ki, “Rus Arzusu” bu qanunu geri götürsə belə öz rus təbiətini dəyişməyəcək, amma ən əsası biz mübarizəyə hazırıq”, - “Vahid Milli Hərəkat” Siyasi Şurasının üzvü İrakli Favlenişvili bildirib.

“Gürcü arzusu” iki gün əvvəl birinci oxunuşda qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürəcəyini açıqlayıb. “Cəmiyyətin hər bir üzvü qarşısında məsuliyyət daşıyan hakim güc olaraq, heç bir qeyd-şərt olmadan dəstəklədiyimiz qanun layihəsini geri götürmək qərarına gəldik”, - hakim partiyanın bəyanatında deyilir.

Bu qərarın əvvəlində parlamentin yaxınlığında Rus qanununun qəbuluna qarşı keçirilən və hakimiyyət tərəfindən gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrlə dağıdılan etiraz aksiyası gəlirdi. Bununla yanaşı, xüsusi təyinatlıların əməkdaşları aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər. Media nümayəndələrinə də şifahi və fiziki hücumlar olub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə polis əməkdaşlarına xəsarət yetirməkdə təqsirli bilinən 1 nəfər və xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaq maddələri ilə 133 nəfər nazirlik tərəfindən inzibati məsuliyyətə cəlb edilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur