“Gürcüstan yenidən sovetləşməyə imkan verməyəcək!”, - prezident

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Prezident Salome Zurabişvili minlərlə insanın iştirakı ilə parlament qarşısında rus qanununa qarşı keçirilən dinc nümayişə münasibət bildirib.

“Tbilisidə vətəndaş cəmiyyətinin “rus qanununa” qarşı kütləvi dinc nümayişi. “Spetsnaz” su və qaz reaktivləri ilə Avropadakı gələcəyini müdafiə edən mülki şəxslərə qarşı hərəkətə keçməyə hazırdır. Həbslər davam etməkdədir. Gürcüstan bir daha sovetləşməyə imkan verməyəcək”, - Zurabişvili “X” sosial şəbəkəsində yazıb.

Prezident onu da yazır ki, qanun layihəsi Hüquq Məsələləri Komitəsində səsverməyə qoyulmazdan əvvəl “Gürcü Arzusu”nun əksəriyyəti bütün müxalif parlamentariləri sessiyadan qovub.

12 saat davam edən müzakirədən sonra parlamentin Hüquq Məsələləri üzrə Komitəsi müstəqil media və ictimai təşkilatların fəaliyyətini məhdudlaşdıran qanun layihəsini dəstəkləyib. Rus qanununun müəlliflərindən biri, çoxluğun lideri Mamuka Mdinaradze deyib ki, bu həftə plenar iclasda müzakirəyə çıxarılacaq.

Parlament binası yaxınlığında minlərlə insan dinc nümayişə toplaşıb. Onlar bəyan edirlər ki, “Gürcüstanın Avropa gələcəyinə xələl gətirəcək” qanunun qəbuluna imkan verməyəcəklər.

Polis aksiyanın bir neçə iştirakçısını həbs edib. Əraziyə xüsusi təyinatlılar və xüsusi texnika, o cümlədən su maşını səfərbər olunub. Daxili İşlər Nazirliyi nümayişçiləri polislərin “qanuni tələbinə” tabe olmağa, ifadə və dinc toplaşmaq azadlığının qanun ilə müəyyən edilmiş normalarını aşmamağa çağırır. Əks halda, “asayişi qorumaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları qanunda nəzərdə tutulmuş xüsusi vasitələrdən istifadə edəcəklər”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur