Tsalencixa Bələdiyyəsinin meriyası birinci sinif şagirdlərinin qida təminatı proqramını həyata keçirəcək. 2023-cü ilin yerli büdcəsindən proqram üçün 220 min larinin ayrılması nəzərdə tutulub. Bələdiyyənin 30 ictimai məktəbinin 300 nəfər birinci sinif şagirdinin gündəlik yemək ilə təminatı 4 lari ilə maliyyələşdiriləcək. Bu, Tsalencixadakı uşaq bağçalarında uşaqların qidalanması üçün nəzərdə tutulan məbləğdən 10 tetri azdır. Proqramın icrasına 2023-cü il fevralın 1-dən başlanılacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Proqrama qoşulmaq üçün birinci sinif şagirdinin valideyni meriyaya ərizə, şagirdin doğum haqqında şəhadətnaməsi, birinci sinifdə oxuması haqqında məktəbdən arayış təqdim etməlidir.
Tsalencixa Bələdiyyəsi merinin müavini Tamar Belkaniyanın “Gürcüstan Xəbərləri”nə verdiyi məlumata görə, uşaqlara bank kartları paylanacaq və onlar məktəbin qida obyektlərindən və yerli mağazalardan məhsul almaq üçün istifadə edə biləcəklər. Kartdan istifadə ilə bankomatdan vəsait çıxarmaq və ya onlayn ödəmələr məhdud olacaq. Tsalencixa Bələdiyyəsinin 30 dövlət məktəbindən yalnız 6-da qida bloku var.
“Bağçalarda uşaqlar yeməklə təmin olunurlar. Uşağın inkişafı üçün lazım olan qədər kalori qəbul edirlər. Ancaq növbəti mərhələdə, uşaq birinci sinfə girəndə, qida ilə təminat proqramı işləmir. Çox vaxt valideynlərin uşaq məktəbdə olduğu müddətdə yemək üçün mütləq ehtiyac duyduqları gündəlik 3-4 larini maliyyələşdirmək imkanı olmur. Belə ki, bağçada öyrəşmiş orqanizm məktəbdə qidalanmadan kənar qalır. Bu, təbii olaraq uşağın həm psixi, həm də sümük, qığırdaq inkişafına, böyümə prosesinə mane olur. Tsalencixa Bələdiyyəsi uşaqların maraqlarını və yaradılmış sosial fonu nəzərə alaraq birinci sinif şagirdləri üçün qidalanma proqramını həyata keçirmək qərarına gəlib. Bu proqram bütün Gürcüstanda ilk olacaq”, - deyə bildirib Tsalencixa Bələdiyyəsinin Meri Giorgi Xarçilava.
Tsalencixa Gürcüstanda 2 oktyabr 2021-ci ildə keçirilən özünüidarəetmə seçkilərindən sonra koalisiya hökuməti tərəfindən idarə olunan yeganə bələdiyyədir və meri müxalifət partiyasının nümayəndəsidir.
Tsalencixa Bələdiyyəsinin 2023-cü il büdcəsi hazırda 14.444.100 laridir. 4.584.500 lari yerli hökumətin ehtiyaclarına sərf olunur.
Yol infrastrukturunun təkmilləşdirilməsi üçün 735.000 lari; su sisteminin təkmilləşdirilməsi üçün 158.400 lari; xarici işıqlandırma üçün 585.000 lari; abadlıq tədbirləri üçün 329.200 lari; ətraf mühitin mühafizəsi və təmizlənməsi üçün 1.211.600 lari; məktəbəqədər təhsilin maliyyələşdirilməsinə 2.600.000.lari; idmanın inkişafının təşviqi üçün 755.000 lari; mədəniyyətin inkişafı üçün 870.000 lari; əhalinin sağlamlığının qorunması və sosial təminatı üçün 1.835.400 lari; sosial cəhətdən müdafiəsiz əhalini ərzaqla təmin etmək üçün 375.000 lari nəzərdə tutulub.
“UNICEF”in 2019-cu il göstəricilərinə görə, Gürcüstanda demək olar ki, hər dördüncü uşaq (24,4 %) yoxsulluq içində yaşayır. Sorğuda iştirak edən şagirdlərin 77 %-i məktəbədə bəzən (42 %) və ya həmişə (35 %) aclıq hiss etdiklərini bildirir ki, bu da şagirdlərin savadlılıq üzrə aşağı nəticələrinə birbaşa təsir edir.
“Gürcüstanda məktəbdə qida təminatı sisteminin yaradılması ehtiyacları və perspektivləri” siyasəti sənədinə əsasən, 2021-ci ilədək ölkədə sosial cəhətdən müdafiəsiz statusa malik 18 yaşınadək 189.690 uşaq vardı. Qida defisitinin bütün formaları ilə ən böyük yükü yoxsul və təcrid olunmuş icmalarda yaşayan uşaq və yeniyetmələrin üzərinə düşür.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun araşdırmasına görə, yeniyetmələrdə dəmir və yod kimi mikroelementlərin çatışmazlığı mühüm məsələdir, hansı ki, bu çatışmazlıqlar onların böyüməsinə, inkişafına və qan azlığının yaranmasına səbəbiyyət verir.
Məktəbdə qidalanma proqramlarının beynəlxalq təcrübəsinə əsasən, məktəbdə qidalanma modeli şagirdlərin müəyyən edilmiş vaxtda (əsasən səhər yeməyi və/yaxud nahar) gündəlik hazır yeməklə təmin olunmasını nəzərdə tutur. Bu model məktəblərdə yemək hazırlamaq üçün uyğun mətbəx avadanlığı və ya hazır yeməklərin mütəşəkkil təchizatını tələb edir. Gücləndirilmiş qida – vitamin və minerallarla zənginləşdirilmiş qidadır. Daha çox qəlyanaltı şəklində olur, məs. Gücləndirilmiş biskvitlər. Evə aparıla bilən porsiyalar – qida çatdırılmasının tezliyi konkret haldan asılıdır, adətən şagirdə aylıq və ya mövsümi qida çatdırılmasını nəzərdə tutur (və sonra evdə istifadəsini). Qida modellərinin başqa bir forması nahar qutusudur – üçüncü tərəfdən (məsələn, valideyn) təmin edilən gündəlik yeməkdir. Əvvəlcədən hazırlanmış yeməyi ehtiva edir. Yerli məhsulların istifadəsinə yönəlmiş model – bu model şagirdlərə yerli sahibkarlar tərəfindən təmin edilən yerli məhsullardan istifadə etməklə hazırlanmış qida təklif edir. Mikronutrient tozu -tərkibində mikronutrientlərlə doymuş quru toz olan dozalı paketdir. Toz hazır yeməyə əlavə oluna bilən 15-ə qədər mikroelement ehtiva edir. Şagirdlərin yaşına uyğun olaraq dozanın təyin edilməsi vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi ən sadə üsullardan biridir ki, müxtəlif ölkələrdə uğurla tətbiq olunur. Bu model xüsusilə şagirdlərdə qida çatışmazlığı hallarında, məsələn, anemiyaya qarşı təsirlidir.
Müxtəlif ölkələrdəki proqramların təhlili göstərir ki, bütün il ərzində bir şagirdə ayrılan orta məbləğ 91 ABŞ dollarıdır. Bu göstərici aşağı gəlirli ölkələrdə 42 dollar, orta gəlirli ölkələrdə 124 dollar, inkişaf etmiş iqtisadiyyata sahib ölkələrdə isə 242 dollardır. Tsalencixa Bələdiyyəsində bu göstərici təxminən 13,3 dollar təşkil edir.