“Beynəlxalq Şəffaflıq”ın dərc etdiyi 2023-cü ilin Korrupsiyanın Qavranılması İndeksinə (KQİ) görə, Gürcüstan 53 bal toplayıb ki, bu da əvvəlki illə müqayisədə 3 bal azdır. Gürcüstan 2015-ci ilin sonunda (52 bal) oxşar mənfi qiymətləndirməyə malik idi. Hesabata görə, bir neçə ildir ki, ölkədə demokratik geriləmə müşahidə olunur, dövləti ələ keçirmə və yüksək səviyyəli korrupsiya dərinləşir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Korrupsiyanın Qavranılması İndeksində Gürcüstan 2022-ci ildə 41-ci olduğu halda, 2023-cü ildə 180 ölkə arasında 49-cu yerdə qərarlaşıb. İlk onluqda Avropa ölkələri- Danimarka (90 xalla), Finlandiya (87 xal), Norveç (84 xal), İsveç (82 xal), İsveçrə (82 xal), Hollandiya (79 xal), Almaniya (78 xal) və İrlandiyadır (77 xal).
“Korrupsiya Gürcüstanda problem olaraq qalır ki, bu da daha dərin sistematik problemlərə - gücün cəmləşməsinə və elitaların dövlət institutlarına və qərarların qəbuluna geniş təsirinə işarə edir. Bir neçə ildir ki, Gürcüstanda dövlətin ələ keçirilməsinin dərinləşdiyi və yüksək səviyyəli korrupsiyanın hökuməti kleptokratiyaya çevirdiyi demokratik geriləmə var. Bunun daha bir əlaməti hakim partiyanın qurucusu Bidzina İvanişvilinin aktiv siyasətə “qayıtması”dır. Məhz onun ölkə institutlarının ələ keçirilməsində mühüm rolu olub. Bir vaxtlar antikorrupsiya çempionu hesab edilən Gürcüstanda korrupsiya problemi o qədər böyüyüb ki, indi bu, Avropa İttifaqına inteqrasiya yolunda əsas maneələrdən biridir”, - beynəlxalq təşkilatın yanvarın 30-da dərc etdiyi hesabatda deyilir.
“Beynəlxalq Şəffaflıq” qeyd edir ki, Aİ-nin tələbi ilə yeni antikorrupsiya agentliyinin yaradılmasına baxmayaraq, onun müstəqilliyi sual altındadır və ona “hal-hazırda da cəzalandırılmayan”yüksək səviyyəli korrupsiyanın öhdəsindən gəlmək üçün istintaq səlahiyyətləri verilməyib.
“Beynəlxalq Şəffaflıq” yazır: “Əhəmiyyətli islahatlar aparılmasa, Gürcüstanın kleptokratik idarəçiliyə daha da dərin batacağı gözlənilir”.
Qeyd edək ki, Gürcüstan Korrupsiyanın Qavranılması İndeksində regionun digər ölkələrindən daha yaxşı mövqedədir. Rusiyanın 26 (141-ci yer), Azərbaycanın 23 (154-cü yer), Türkiyənin 34 (115-ci yer), Ermənistanın 47 balı (62-ci yer) var.
42 (76-cı yer) və 36 (104-cü yer) bala malik olan Moldova və Ukrayna Gürcüstandan, müvafiq olaraq geridə qalırlar. Hesabatda qeyd olunur ki, korrupsiyaya görə cəzasızlıq Gürcüstan kimi Moldova və Ukraynanın da Avropa İttifaqına daxil olmasına mane olur, “baxmayaraq ki, bu ölkələr öz məhkəmə sistemində əsaslı islahatlar həyata keçirir”.
Korrupsiyanın Qavranılması İndeksi (KQİ) dünyada ən geniş istifadə edilən qlobal korrupsiya reytinqidir. O, mütəxəssislərin və iş adamlarının rəyləri əsasında dövlət sektorunda korrupsiyanın səviyyəsini qiymətləndirir. İndeksdə 100 bal ən yaxşı nəticə, 0 bal isə ən pis nəticədir. 2023-cü ildə, eləcə də 2022-ci ildə 180 ölkədə Korrupsiyanın Qavranılması İndeksi üzrə tədqiqat keçirilib.