Əhalinin 62%-nin maraqlarını ölkədə heç bir partiya ifadə etmir - NDI

NDI-nin yeni sorğusuna əsasən, ictimaiyyətin siyasi partiyalara qarşı məyusluğu davam edir. 62% heç bir siyasi partiyanın onların maraqlarına xidmət etmədiyini bildirib.

18-34 yaşlı insanların cəmi 13%-i “Gürcü Arzusu”nun onların fikirlərinə ən yaxın olan partiya olduğunu deyir. “Milli Hərəkat”ı gənclərin 2%-i bu cür ifadə edir. “Gürcü Arzusu” 55+ yaş qrupunda ən çox tərəfdarlara malikdir.

Sorğuda iştirak edənlərin 54%-i hökumətin fəaliyyətini müsbət, 38%-i mənfi qiymətləndirir, 6%-i bilmədiklərini deyir, 2%-i isə cavab verməkdən imtina edib.

NDI qeyd edir ki, 2023-cü ilin mart ayı ilə müqayisədə oktyabrda hökumətin fəaliyyətinin müsbət qiymətləndirilməsi 11% artıb. Müsbət qiymətləndirmə ən çox kənd yerlərində, gənclər və qərarsız seçicilər arasında artıb.

Əhalinin yalnız 33%-i ölkənin düzgün istiqamətdə inkişaf etdiyini düşünür. 25%-in fikrincə, Gürcüstan ümumiyyətlə dəyişmir, 37% isə yanlış istiqamətdə inkişaf etdiyini düşünür. Tbilisi sakinləri, müxalifət tərəfdarları və qadınlar ölkənin istiqamətinə ən çox tənqidi yanaşanlardır.

Sorğu CRRC Georgia tərəfindən NDI-nin sifarişi ilə 2023-cü ilin oktyabr-noyabr aylarında üzbəüz müsahibə üsulu ilə aparılıb. Tədqiqatda 2068 nəfər iştirak edib. Orta yanılma payı +/- 2,2% təşkil edir. Tədqiqat Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici, Birlik və İnkişaf İdarəsinin Yaxşı İdarəetmə Fondu tərəfindən maliyyələşdirilir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur