Hökumət Rusiya ilə əlaqəli şəxslərə Kvemo Svanetidə su elektrik stansiyasının tikintisi icazəsi verib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan hökuməti Kvemo Svanetinin Lentexi bələdiyyəsində 22,74 MVt gücündə “Tsxenistkali 1 SES” su elektrik stansiyasının tikintisi üçün Rusiyanın “İnter Rao” dövlət şirkəti ilə yaxından əlaqəsi olan şəxslərə müsbət qərar verib. Sərəncam fevralın 10-da verilib. Layihə ilə Zesxo və Tsxenistkali çaylarının kəsişməsindən başlayaraq Rusiya-Gürcüstan sərhədi istiqamətində uzunluğu təxminən 8 kilometr, eni 9 metr olacaq yeni yolun çəkilməsi planlaşdırılır. 

Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına əsasən, “Tsxenistkali 1 SES” il ərzində təxminən 96,2 GVt/saat elektrik enerjisi istehsal edəcək. Əsas konstruksiyadan SES binasına suyun verilməsi üçün Tsxenistkali çayı təzyiqli boru kəməri ilə 7,7 kilometrlik hissədə axacaq. Boru kəmərinin diametri 2 metrdən çoxdur. Layihənin dəyəri 21 milyon ABŞ dollarıdır.

Sərhəd bölgəsində su elektrik stansiyasının tikintisi ilə bağlı Rusiya ilə sıx bağlı olan şəxslərə müsbət qərar verən Ətraf Mühitin Milli Agentliyinin rəhbəri Tamar Pitsxelauri sərəncamında 8 kilometrlik yeni yolun tikintisinə bu cür haqq qazandırır: “Tsxenistkali çayı vadisində SES-in əsas strukturunun yerləşdiyi yerə avtomobillə hərəkət mümkün deyil. Əraziyə yalnız piyada cığırları ilə getmək olar, ona görə də planlaşdırılmış qazma və təzyiqli boru kəmərinin dəhlizindən keçəcək yeni yolun tikintisi əsasən buldozer və ekskavatorlarla aparılacaq”.

Qərarda qeyd olunur ki, “Tsxenistkali 1 SES”in ətraf mühitə təsirinin qiymətləndirilməsi hesabatına ictimai baxış 2022-ci il oktyabrın 4-də Lentexi bələdiyyəsinin Çixareşi kənd inzibati ərazi vahidliyinin binasında keçirilib, müzakirələrdə yerli əhalinin nümayəndələri də iştirak edib və layihə ilə bağlı heç bir şərh və fikir bildirməyiblər.

"Tsxenistkali 1 SES"i tikməyə "Hydro Invest GE" MMC  hazırlaşır. Şirkət 25 mart 2021-ci ildə qeydiyyatdan keçib. Bu şirkətdən iki gün əvvəl yaradılan müəssisənin 50 faiz payının sahibi, demək olar ki, eyni adlı “Hydro İnvestment” MMC-dir, qalan 50 % isə Ermənistan vətəndaşı Karen Harutunyana məxsusdur.

Gürcüstan vətəndaşı Zurab Gelenidze “Hydro Invest” MMC-nin səhmlərinin 85 %-nə sahibdir. O, “Telas” Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının direktor müavinidir. Tbilisidə yeganə elektrik paylayıcı şirkət olan “Telas” Rusiyanın “İnter Rao” şirkətinə məxsusdur (səhmlərin 75 %-i). "İnter Rao"nun əsas səhmdarı Rusiyanın "Rosneftegaz" dövlət şirkətidir (27,63 %). Səhmlərin 8,57 %-i “Vahid Enerji Sisteminin Federal Şəbəkə Şirkəti”nə (ФСК ЕЕС) məxsusdur, onun 80 %-i Rusiyanın “Rosset” şirkətinə məxsusdur. Digər tərəfdən, "Rosset"in nəzarət paketinin sahibi "Rosneftegaz"dır. “İnter Rao Capital”ın payı 29,56 % təşkil edir.

“İnter Rao”nun direktorlar şurasının sədri Boris Kovalçukdur. Rusiyanın Ukraynaya müdaxiləsi və müharibəsi səbəbindən Kovalçuk 11 mart 2022-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiya tətbiq edilənlər siyahısındadır.

Şuranın sədr müavini eyni zamanda Rusiya Müdafiə Nazirliyi yanında Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru olan Dmitri Şuqayevdir. 2022-ci il martın 12-də Şuqayevə ABŞ Dövlət Departamenti Rusiya Müdafiə Agentliyinin yüksək vəzifəli məmuru olarq da sanksiya tətbiq edib. Şuqayevə Avstraliya və Böyük Britaniya hökumətləri də sanksiya qoyub. “İnter Rao”nun direktorlar şurasının qeyri-icraçı sədri rusiyalı oliqarx, keçmiş yüksək vəzifəli dövlət məmuru, Rusiyanın “Rosneft” neft-qaz şirkətinin baş icraçı direktoru İqor Seçindir. 2022-ci il fevralın 24-də o da ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qalanlar siyahısına daxil edilib və martın 10-da Böyük Britaniya da maliyyə sanksiyaları tətbiq edib.

"Hydro Invest GE" 50 % payın sahibi Karen Harutunyana gəlincə, o, “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin baş direktorudur. 2006-cı ildən “Ermənistan Elektrik Şəbəkələri” də Rusiyanın “İnter Rao” şirkətinə məxsus idi. 2015-ci ildə “İnter Rao”nun elektrik enerjisi tariflərini artırması səbəbindən Yerevanda keçirilən kütləvi etirazlardan sonra “İnter Rao” ilə “Taşir” Şirkətlər Qrupu arasında Ermənistanın elektrik enerjisi aktivlərinin alınmasına dair müqavilə imzalanıb. “Ermənistan Elektrik Şəbəkələri”nin “Taşir”ə verilməsi o vaxt İrəvanda müsbət qiymətləndirildi, çünki Ermənistanın enerji sektorunun Rusiyanın təsirindən müəyyən qədər xilas olduğunu düşünürdülər, lakin ekspertlər bunun “Rusiya layihəsi” olduğunu və Rusiyanın təsirini itirmədiyini də ehtimal edirdilər.

“Taşir” Rusiya Federasiyasının iqtisadiyyatının müxtəlif sahələrində 200-dən çox şirkəti birləşdirir. “Taşir”in prezidenti Samvel Karapetyandır. 1965-ci ildə Ermənistanın Taşir şəhərində anadan olub, 1990-cı illərdə Rusiyaya köçərək Kaluqa şəhərində məskunlaşıb. 1999-cu ildə o, 20 il ərzində ən böyük federal əhəmiyyətli qrupa çevrilən "Taşir" şirkətini qurdu. Hazırda “Ermənistan Elektrik Şəbəkələri”nin 70 %-i “Tashir Capital”, 30 %-i isə 2010-cu ildə Kiprdə yaradılmış “Liormand Holdings Limited”ə məxsusdur. Bu şirkət də Samvel Karapetyan və onun ailəsinə məxsusdur.

15 aprel 2022-ci il tarixində "Hydro Invest GE" MMC-nin tərəfdaşlarının iclasının protokoluna əsasən Karen Harutunyan öz payının 50 %-dən ümumilikdə 33,2 %-ni övladlarına, Ermənistan vətəndaşları, 1993-cü il təvəllüdlü Ara və 1994-cü il təvəllüdlü Ayk Darbinyana pulsuz verib.

"Hydro Invest GE" MMC Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən Lentexi Bələdiyyəsində daha bir SES-in tikintisi ilə bağlı müsbət qərar alıb. Zesxo və Koruldaş çaylarında 20,3 MVt gücündə su elektrik stansiyasının (Zesxo - 1 SES) tikintisi üçün Zesxo 3,1 km-də, Koruldaş isə 5,3 km-də metal boru kəmərinə birləşdiriləcəkdir.

გელა მთივლიშვილი
გელა მთივლიშვილი
„საქართველოს ამბების“ რედაქტორი. პროფესიით იურისტია. აშუქებს ადამიანის უფლებებთან, ეთნიკურ უმცირესობებთან, კონფლიქტის ზონებთან და ტერორიზმთან დაკავშირებულ თემებს. E-mail: Mtivlishvili@gmail.com