Üzümə subsidiya verilməsi bu il də davam edəcək. Hökumət bu qərarı seçkiqabağı qəbul edib. Dövlət subsidiyasından Kaxetidə yetişdirilən ən azı 100 ton Rkatsiteli növlü üzümünü alıb emal edəcək və alınan 1 kiloqram üzüm alıcısına ən azı 1 lari ödəyəcək şirkətlər faydalanacaq. Şirkətlərə verilən subsidiya hər kiloqram Rkatsiteli üçün 20 tetri olacaq.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Baş nazir İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib ki, dövlət tərəfindən həyata keçirilən maliyyə müdaxiləsi nəticəsində 20 mindən çox üzümçüyə məhsullarını satmaq, məhsul yığımında iştirak edən 500-ə yaxın şirkət isə satın almaq və emal etmək imkanı əldə edəcək.
“2024-cü ildə proqnozlaşdırılan üzüm məhsulu təxminən 300 min ton təşkil edir. Ona görə də dövlətin bu məhsulun düzgün saxlanması və düzgün satışı üçün bütün tədbirləri görməsi çox vacibdir. Bu səbəbdən məhsulun tam yığılması və fermerlərin adekvat gəlir əldə etməsi, eləcə də şərabçılıq sənayesinin son illərin sabit inkişaf tempini qoruyub saxlaması üçün bu il də məhsula subsidiya veriləcək”, - Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, 2023-cü ildə üzümçülər 306 milyon lari gəlir əldə ediblər. Bundan əlavə, ötən il şərab ixracının maksimal göstəricisi qeydə alınıb - dünyanın 66 ölkəsinə 260 milyon dollar dəyərində şərab ixrac edilib.
Gürcüstanda üzümə subsidiya verilməsinə 2008-ci ildə başlanılıb. 2018-2019-cu illərdə hökumət üzüm yığımına birbaşa subsidiya verməyib, lakin, o zaman bazarda artıq üzüm alması üçün “Akura” dövlət şirkətinə 10-10 milyon lari ayırıb. 2019-cu ildə 10 milyon kifayət etməyib və şirkətə ayrılan məbləğ 80 milyon lari olaraq müəyyən edilib. 2020-ci ildə məhsula 87 milyon lari, 2021-ci ildə 138 milyon, 2022-ci ildə isə 150 milyon lari subsidiya verilib.
“Beynəlxalq Şəffaflıq - Gürcüstan” üzümün subsidiyalaşdırılması məsələsini araşdırıb və korrupsiya tipli problemləri müəyyən edib. 2021-ci ilin məhsulu üçün verilən 138 milyon lari subsidiyanın 30 343 512 milyonunu son illərdə hakim partiyaya 3 626 420 lari ianə verən 31 şirkət alıb. Subsidiyadan əsas faydalananlar arasında “Kaxuri Ənənəvi Şərab Zavodu”, “Askaneli Qardaşları”, “Sarajişvili”, “Qruzvinprom”, “Kotexi-Qurcaani Şərab Zavodu”, “Douqladze Şərab Şirkəti” və s. var.
Bəzi iqtisadçılar hesab edirlər ki, üzümün subsidiyalaşdırılması üzümçülüyün və şərabçılığın inkişafına kömək etmir.