Parlamentin Hüquq Məsələləri üzrə Komitəsi parlament çoxluğunun üzvlərinin təşəbbüsü ilə irəli sürülmüş və martın 9-da keçiriləcək plenar iclasa təqdim olunacaq olan “Xarici agentlər haqqında” hər iki qanun layihəsini dəstəkləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu qanun layihələri medianın və vətəndaş cəmiyyətinin şəffaflaşdırılmasına yönəlməyib. Məsələ başqa şeydir. Məsələ burasındadır ki, xaricdən maliyyələşən bu adamlar başqa dövlətlərin maraqlarına işləməkdə şübhəli bilinirlər və burada onların yaxşı və ya pis olması fərqi qoyulmur - hamısı pisdir. Bu [agent] termin bunu nəzərdə tutur. İndi bizim Aİ üzvlüyünə namizəd olmaq üçün tarixi şansımız var və qorxuram ki, bu proses bizə bu şansı əldən verdirsin. Gəlin bu risklərə getməyək”, - “Gürcüstan Milli Platforması”nın nümayəndəsi Laşa Tuğuşi bildirib.
“Gürcüstan Yaşıllar Hərəkatının” rəhbəri Nino Çxobadze qeyd edib ki, qanun layihəsi onun, xarici donorların maliyyə dəstəyi ilə qorunan ərazilər yaradan təşkilatını da Gürcüstanın düşməni elan edir.
“Gürcüstanda həm medianın, həm də qeyri-hökumət təşkilatlarının şəffaflığı kifayət qədər qorunur. Bu qanun layihələrinin heç biri şəffaflıq deyilən şeyə cavab vermir.
Belə çıxır ki, mən 30 ildən artıq Gürcüstan üçün çalışmış və eyni anda Gürcüstanın düşməni olmuşam, çünki o vaxtlar məhz almanların və amerikalıların köməyi ilə mənim əlimdən bir çox donorlar keçib və biz qorunan ərazilər, ətraf mühitin qorunmasına xidmət edən məkan yaradaraq bir çox təhlükələrdən qaçınmışıq.
Problem ondadır ki, Rusiya Federasiyasında ilk zərbəni elə məhz ətraf mühitin qorunması ilə məşğul olan qeyri-hökumət təşkilatları aldılar. Qanun layihələrini diqqətlə oxusanız, bunu birbaşa onun içərisində görə bilərsiniz - siz bizi susdurmağa çalışacaqsınız.
Mən, keçmişdə sədri bu parlamentin spikeri olan təşkilatın nümayəndəsiyəm. “Biz xarabalığa çevrilmiş Gürcüstanda qorunan ərazilərin yaradılmasına qərar verən təşkilat idik”, - Çxobadze bildirib.
“Bu iki gün ərzində cəmiyyət bəzi qeyri-hökumət təşkilatlarının xalq, cəmiyyət bu və ya digər fəaliyyəti kimin maliyyələşdirdiyini öyrənəcək deyə necə qorxduğunu və tam isteriyaya sürükləndiyini gördü”, - deyə qanun layihəsinin müəlliflərindən biri olan Eka Sefaşvili bildirib.
“Gürcü arzusu”nun üzvü, Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri İrakli Çikovaninin sözlərinə görə, “qanun iblisləşdirilir” və ictimaiyyətə izah edilməlidir ki, söhbət Avropa İttifaqını və ya Gürcüstanın strateji tərəfdaşlarını təmsil edən donorlar və qeyri-hökumət təşkilatlarından getmir.
“Hesab edirəm ki, bu ölkənin ərazisində bir çox ölkələrin maraqlarının kəsişdiyi barəsində həmfikirik. Kimin, niyə, nə üçün, necə, - kimi üzakirələrə girmirəm, amma düşünürəm ki, həmin maliyyə və resurslar hər birimiz üçün maraqlıdır. Düşünürəm ki, insanların, o cümlədən məhdud fiziki imkanları olan şəxslərin şəraitini yaxşılaşdırmaq, kənd təsərrüfatımızı, ətraf mühitimizi və s. daha yaxşı hala gətirmək məqsədlərinə xidmət edilməsi heç də damğalanmağa yönəliləcək hallar deyil. Burada damğalanma tamamilə təsəsvvüredilməzdir. Bu, gizlətməyə nələrisə olanlar üçün problemdir”, - Çikovani bildirib.
“Avropa sosialistləri”nin üzvü Fridon İncia “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə dəstəyini bir daha ifadə edərək, bunu “yarımqanun” adlandırıb.
“Biz niyə şəffaflıq istəyirik? Bax, deyək ki, burada biz şəffaf şəkildə başa düşdük ki, o, oradan - Asiyadan, Avropadan və ya Amerikadan maliyyələşir. Sonra nə olsun? Cəriməni ödəyəcək, maksimum 25 mindir, bir milyon maliyyə alacaq və başqa heçnə. Burada dövlət maraqları haradadır? Bu şəffaflığı, aydındır ki, biz görmüşük, amma bu bizi hansısa nəticələrə gətirib çıxarmalıdır, elə deyilmi? Bunun daha çox baş verməməsi, qarşısının alınması üçün müəyyən tədbirlər görülməli deyilmi? Bu yarımqanundur, çünki bunu davam etdirmək lazımdır”.
“Yaxınlaşan 2024-cü il seçkiləri olmasa idi, bu gün bu şəffaflıq niyə bu qədər lazımlı olardı?”, - müstəqil deputat Teona Akubardia “Agentlər haqqında” qanun layihələrinin müəlliflərinə bu sualla müraciət edib.
“Bu, 2024-cü ildə heç kimin sizi tənqid etməməsi və səsini çıxara bilməməsi üçün zəmanət almaq istəyindən başqa bir şey deyil, çünki onların hamısı casus elan ediləcək. O zaman niyə milli təhlükəsizlik motivli olmasın? Niyə gizlədirsiniz? Birbaşa deyə bilərsiniz ki, ən əsası “Gürcü arzusu”nun təhlükəsizliyidir.”
- Müxalifətçi deputat diqqəti işğal olunmuş Abxaziyanın Rusiya Federasiyasında qüvvədə olan “Xarici agentlər haqqında” qanunun qəbuluna qarşı çıxmasına yönəldib.
“Onlar iddia edirlər ki, bu qanun işğal olunmuş Abxaziyada vətəndaş cəmiyyəti və demokratiya məsələsinə xələl gətirəcək.
Müstəqil Tiflisin işğal olunmuş Abxaziyanın etiraz etdiyi qanunu qəbul etməsini abxazlara necə izah edirsiniz?
Yaxud işğal altındakı Erqnetidə, yuxarı ayırıcı xəttin yaxınlığında yaşayan, qəzalı vəziyyətdə olan evini Qərb qrantları ilə təmir etdirən və orada işğal muzeyi olan xanım, Lia Çlaçidzeyə nə cavab verirsiniz? “Bir çox təşkilatlara nə deyərdiniz... İllərdir kifayət qədər çətin vəziyyətdə olan, tez-tez hökumət tərəfindən diqqətdən kənarda qalan, işğal xətti yaxınlığında yaşayan qadınlara Qərbin qrantlarınnın köməyi ilə yardım edən Yuliya Xaraşvili xanıma nə deyərdiniz”, - deyə Akubardiya bildirib.
Komitənin iclası zamanı parlament çoxluğunun üzvləri bir neçə dəfə qanun layihəsində “agent” ifadəsinin əvəzinə “xaricdən maliyyələşən subyekt” yazılmalı olduğunu bildiriblər.
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Hüquq Məsələləri üzrə Komitənin iclası ilə eyni vaxtda mediaya şərh verib və parlamenti agentlər haqqında qanunu qəbul etməməyə çağırıb.
“Bu vacib deyil. Burada xarici yardımlardan necə istifadə olunması ilə bağlı kifayət qədər şəffaflıq var.
Bu qanunun, şübhəsiz ki, dağıdıcı təsiri olacaq və ölkə miqyasında çətinlik içərisində olan digər Gürcüstan vətəndaşlarına kömək etmək üçün yaxşı işlər görən gürcü təşkilat və qruplarını dayandıracaq.
Bu qanuna ehtiyac yoxdur və biz parlamenti bu qanuna yenidən baxıb geri götürməyə çağırırıq. Bu, mütləq deyil və Gürcüstanın ən yaxşı maraqlarına da daxil deyil”, - ABŞ səfiri jurnalistlərə bildirib.
“Gürcü arzusu” fraksiyasının sədri Mamuka Mdinaradzenin sözlərinə görə, martın 9-da keçiriləcək plenar iclasda “xarici təsir agentləri” haqqında qanun layihələri müzakirə olunacaq və birinci dinləmədəcə qəbul olunacaq. Bundan sonra hər iki qanun layihəsi hüquqi qiymət verilməsi üçün Venesiya Komissiyasına göndəriləcək. Deputat Quram Maçaraşvili bildirib ki, Venesiya Komissiyasının rəyi qanunun qəbulu üçün məcburi olmayacaq.
“Biz birlikdə reallıqda nə baş verməsindən asılı olmayaraq, tərəfdaşlarımızın bizə dediklərini etməliyik kompleksidən birtəhər qurtulmaq istəyirik. Bu, suveren ölkə yanaşması deyil. Venesiya Komissiyası əksini dediyi təqdirdə, bu qanunun qəbulunu dayandırmalı olduğumuz qurum deyil. Biz qanun layihələrini Venesiya Komissiyasına ona görə göndəririk ki, onların, bir çoxunu artıq nəzərə aldığımız rəy və tövsiyyələrini alaq. Biz bu qorxu kompleksini aşacağıq. Venesiya Komissiyası nə deyəcək, Avropa Birliyi nə deyəcək. Bu nədir? Budur, suveren ölkənin qanunverici orqanının təmsilçiliyi?” - deyə Maçaraşvili bildirib.
Bu gün səhər saatlarından deputatları qorumaq üçün yüzlərlə polisin səfərbər edildiyi parlament binası yaxınlığında etiraz aksiyası keçirilirdi. Aksiya iştirakçıları rus qanun layihələrinin müzakirə olunmasına etiraz edir və “Gürcü arzusu”nu Avropa kursunu dəyişməkdə ittiham edirdilər.