Nüfuzlu insan haqları təşkilatı olan “Human Rights Watch” bildirir ki, Gürcüstan parlamentinə bəzi qeyri-hökumət qruplarını və media qurumlarını “xarici gücün maraqlarını daşıyan təşkilatlar” kimi qeydiyyatdan keçməsini nəzərdə tutan qanun layihəsinin təqdim edilməsi ölkədəki təməl hüquqlara təhlükə yaradır və parlament bunu son oxunuşda rədd etməlidir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Gürcüstan parlamenti deputatları və hökumət rəsmiləri qanun layihəsini şəffaflığın təminatçısı kimi formal olaraq müdafiə edirlər, lakin onun nəzərdə tutulan məqsədini gizlətmirlər. Müstəqil qrupları və medianı xarici maraqlara xidmət edən kimi qələmə verməklə, onlar ölkədə fəaliyyət göstərən istənilən demokratiya üçün əsas olan tənqidi səsləri boğmaq və marginallaşdırmaq niyyətindədirlər.
Xarici təsir haqqında qanun layihəsi fundamental hüquqları pozur və Gürcüstan hökuməti ondan imtina etməlidir.
Onlar həmçinin polis zorakılığı ilə bağlı iddiaları tez və effektiv şəkildə araşdırmalı, dinc toplaşmaq və ifadə azadlığı hüquqlarını qorumalıdırlar”, - “Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib.
Təşkilatın məlumatına görə, qanun layihəsinin tərəfdarları yalandan onun ABŞ-ın Xarici Təsir Agentlərinin Qeydiyyatı Aktı olan “FARA” ilə oxşar olduğunu iddia edirlər.
“Lakin ABŞ qanunları xaricdən maliyyələşməni tamamilə və ya qismən xarici gücün rəhbərliyi və nəzarəti altında olmaqla eyniləşdirmir. O, ilk növbədə lobbiçiləri tənzimləyir və vətəndaş cəmiyyəti təşkilatlarını və medianı zəiflətmək üçün mexanizm deyil. Rusiya da bu yanlış ekvivalentlik arqumentindən öz amansız və zorakı qanunvericiliyinə haqq qazandırmaq üçün istifadə edir.
2022-ci ildə Avropa İnsan Haqları Məhkəməsi Rusiyanın gürcü qanun layihəsinə bənzəyən “xarici agentlər” qanununun birləşmək hüququnu qoruyan Avropa Konvensiyasının 11-ci maddəsini pozduğuna qərar verib. Məhkəmə müəyyən edib ki, beynəlxalq və ya xarici mənbələrdən maliyyə alan təşkilatlar üçün xüsusi statusun və hüquqi rejimin yaradılması əsaslı deyil və bu cür məhdudiyyətlər onların qanuni funksiyalarını yerinə yetirməsinə mane olur. Milli, beynəlxalq və xarici mənbələrdən resurslar axtarmaq, əldə etmək və istifadə etmək birləşmək azadlığı hüququnun tərkib hissəsidir”, - “Human Rights Watch”un bəyanatında deyilir.
3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyası bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyaları nəticəsində geri götürdüyü "xarici agentlər" haqqında rus qanununu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq, təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 15-dən Tbilisidə rus qanununa qarşı kütləvi etiraz aksiyaları keçirilir. Artıq “Gürcü Arzusu” qanun layihəsini iki oxunuşda qəbul edib. Yekun oxunuş mayın 13-ü həftəsinə təyin edilib.