İrakli Kobaxidze səfirləri rus qanunu ilə bağlı debata dəvət edir

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın baş naziri İrakli Kobaxidze "xarici agentlər" haqqında rus qanununu tənqid edən Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Aİ-yə üzv ölkələrin səfirlərini canlı efirdə debata dəvət edir.

Baş nazir stratejik tərəfdaşların nümayəndələrini diplomatiya standartlarını pozmaqda ittiham edir və deyir:

“Son illərdə Gürcüstanda tətbiq edilən təcrübəyə uyğun olaraq, xarici diplomatlar ölkədə gedən siyasi debatlarda fəal iştirak etməkdə davam edirlər. Onlar xüsusilə intensiv şəkildə qanunverici funksiyanı mənimsəməyə qanun yaradıcılığı prosesində fəal iştirak etməyə və təmsilçi demokratiyanın əsas orqanına – gürcü xalqının seçdiyi parlamentə hansı qanunları qəbul edib, hansını qəbul etməməyi diktə etməyə çalışırlar.

Siyasi müxalifətin bu cür əvəzlənməsi praktikası diplomatiya standartlarına cavab verməsə də, müxalifətin siyasi və intellektual resurslarının azlığını nəzərə alsaq, bunu müəyyən qədər başa düşə bilərik. Bununla belə, xarici diplomatların bağlı qapılar arxasında bizim arqumentlərimizə arqumentlərlə cavab verə bilməməsi və ictimai məkanda əsassız siyasi bəyanatlar yayması praktikasının geniş yayılmasına anlayışla baxa bilmərik”.

İrakli Kobaxidze hesab edir ki, xarici diplomatların rus qanunu ilə bağlı tənqidi bəyanatları “hər cür arqument və əsaslandırmadan” məhrumdur.

Xarici diplomatlardan tez-tez eşitdiyimiz əsassız tənqidlər cəmiyyət tərəfindən müvafiq ölkələr üçün ümumiləşdirilir ki, bu da ciddi risklər ehtiva edir. Gürcüstan cəmiyyəti tərəfdaş ölkələrə etimadı qoruyub saxlamalıdır ki, bu bizim borcumuz və məsuliyyətimizdir. 

Səfirlər vaxtaşırı qapalı görüşlər tələb edirlər. Biz heç vaxt görüşlərdən imtina etməmişik və gələcəkdə də qapalı görüşlərə hazırıq. Lakin “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ətrafında qeyri-şəffaf siyasi müzakirələrin Gürcüstan cəmiyyətinin tərəfdaş ölkələrimizə olan inamını zədələməsindən irəli gələrək, mən Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının və Avropa İttifaqına üzv dövlətlərin səfirlərinə təklif edirəm ki, bu qanun layihəsi ilə bağlı ictimai müzakirələr aparaq.

 Əminəm ki, hökumət rəhbərləri ilə səfirlər arasında baş tutan müzakirənin canlı yayımı şəraitində Gürcüstan cəmiyyəti qanun layihəsinin mahiyyəti və dövlət suverenliyinin qorunması üçün onun qəbul edilməsinin zəruriliyi haqqında daha aydın təsəvvürə malik olacaq”, - Bu barədə İrakli Kobaxidzenin bəyanatında deyilir.

Ötən həftə Avropa İttifaqının səfiri Pavel Herçinski bildirib ki, “Gürcü Arzusu”nun şəffaflıq bəhanəsi ilə qəbul etmək istədiyi vətəndaş cəmiyyəti və müstəqil media ilə bağlı məhdudlaşdırıcı qanun yaxşı deyil, bu, nə avropayönlü, nə də amerikayönlüdür. Diplomat bildirib ki, söz azadlığı xüsusilə Aİ üzvlüyünə namizəd ölkə kimi Gürcüstan üçün lazımdır.

ABŞ səfiri Robin Daniqan izah edib ki, hakim partiyanın qanun layihəsi Amerika qanunvericiliyinə bənzəmir. ABŞ qanun layihəsinin Gürcüstanı Avropa yolundan yayındıracağından və yerli vətəndaş cəmiyyətlərinin “gürcü xalqına gündəlik olaraq kömək etmək” imkanlarına mənfi təsir edəcəyindən narahatdır.

Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri deyir ki, “şəffaflıq vətəndaş cəmiyyətinin sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıran alət kimi istifadə edilməməlidir”.

Britaniya səfirliyi də rus qanununu tənqid edib. Onların yaydığı bəyanatda deyilir ki, qanun nəhayət qəbul olunarsa, bu, Gürcüstanın dostları və strateji tərəfdaşları üçün Gürcüstanın demokratik və iqtisadi inkişafının təşviqini davam etdirmək üçün təhlükə yaradacaq.



Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur