İsrailin baş naziri Benyamin Netanyahu kütləvi etirazlar və tətillər fonunda məhkəmə sistemi ilə bağlı qanunvericiliyin müzakirəsinin dayandırılacağını açıqlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Ümummilli məsuliyyətdən, xalq arasında parçalanmanın qarşısını almaq istəyindən irəli gələrək, geniş konsensus əldə etmək üçün vaxt verdim və qanunun ikinci və üçüncü dinləməsini dayandırmaq qərarına gəldim. Dialoq yolu ilə vətəndaş müharibəsindən qaçınmaq imkanı olduqda, mən, baş nazir kimi dialoq üçün vaxt ayırıram, real dialoq üçün real imkan verirəm. Biz israrla təsdiq edirik ki, hüquq sisteminə lazımi düzəlişlər edilməlidir və bizə geniş konsensusa gəlmək imkanı verilir. Bu, çox layiqli məqsəddir”, - Netanyahu bildirib.
Qanun layihəsi ilə bağlı dinləmələrin aprelin sonunda Knessetin yay sessiyasına toplaşdığı vaxtda davam etdiriləcəyi ehtimal olunur.
Hökuməti və qanunverici orqanı ağıllarını başlarına toplamağa və qanunun qəbulu prosesini dərhal dayandırmağa çağıran İsrail prezidenti Yitzhak Hersoq baş nazirin düzgün qərar verdiyini bildirib. Onun sözlərinə görə, indi səmimi, ciddi və əsaslı söhbətin vaxtıdır ki, bu da tezliklə gərginliyi azaldacaq, alovu sakitləşdirəcək.
İsrail vətəndaşları artıq üçüncü aydır ki, hökumətin Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdırmaq planlarına etiraz edirlər. Etirazlar xüsusilə bazar günü baş nazir tərəfindən müdafiə nazirinin işdən çıxarılmasından sonra daha da güclənib. Martın 25-də nazir Yoav Qalant bəyan edib ki, məhkəmə sistemində planlaşdırılan islahat dövlət təhlükəsizliyinə təhlükə yaradır. Bundan sonra Netanyahu onu yanına çağırıb və işdən çıxarılması barədə ona şəxsən məlumat verib.
Yerusəlim, Təl-Əviv, Hayfa və Beer Şeva da daxil olmaqla bir sıra şəhərlərdə on minlərlə insan yürüş keçirib. Etirazların təşkilatçıları bildirirlər ki, ölkə miqyasında nümayişlərdə 630 000-ə yaxın adam iştirak edib, onlardan 300 000-i Təl-Əvivdə toplaşıb. Polis və ordu nümayişçilərə qarşı su şırnaqlarından istifadə edib.
Martın 27-də etiraz əlaməti olaraq ölkədə kütləvi tətil elan edilib, buna nəqliyyat, tibb və bank sahəsində çalışanlar, dövlət qulluqçuları və özəl şirkətlər də qoşulub. İsrailin dünya üzrə bütün səfirlikləri fəaliyyətini dayandırıb.
Baş nazir Netanyahunun təşəbbüsü ilə irəli sürülən qanun layihəsi məhkəmə sisteminin qanunvericilik və icra hakimiyyəti orqanlarına təsir və nəzarət imkanlarından məhrum edilməsini nəzərdə tutur. Bu gün Ali Məhkəmə parlamentin qərarını qanuna zidd hesab edərsə, onu bloklaya bilər və qanunvericilik dəyişikliyi təsdiqləndiyi halda parlamentin sadə səs çoxluğu (Knessetin 120 üzvündən 61-i) ali məhkəmənin istənilən qərarını veto edə bilər. Bu o deməkdir ki, parlamentdə çoxluğa malik olan hakim koalisiya qanunları maneəsiz qəbul edəcək və ya ləğv edəcək.
Fevralın 20-də İsrail Knesseti qanun layihəsini birinci dinləmədə qəbul edib.