Xüsusi İstintaq Xidməti Laşa Jğentinin saxlanılması ilə bağlı aparılan istintaqın ilkin nəticələrinə dair məlumatları dərc edir və bildirir ki, hazırda əldə edilən sübutlar hüquqmühafizə orqanları əməkdaşlarının ifşa olunması və onların məsuliyyətə cəlb edilməsinə əsas vermir. Köhnə Tbilisi Polis İdarəsinin dörd əməkdaşı Laşa Jğentiyə qarşı fiziki zorakılıq və şifahi təhqiri inkar edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
21 yaşlı Laşa Jğenti iyulun 20-də Tbilisidə, Qoqebaşvili küçəsində inzibati qaydada həbs edilib. Laşa Jğenti və qardaşı Lukanın sözlərinə görə, onlar dostu ilə birlikdə hərəkət edərkən, polislər səbəbini izah etmədən onları saxlayıb və yoxlamağa başlayıblar.
“Mənə niyə, nəyə görə saxlandıqlarını demədilər. Mənə kim olduqlarını da demədilər. Səthi axtarışa başladılar və artıq şeylər etdilər, hətta “alt paltarımı” da çəkib baxdılar. Onlara dedim ki,əllərini çəksinlər. Qıcıqlandılar. Sən demə, “əlini çək” sözü polisi təhqirdir və mən polislə belə danışmamalıyam. Qışqırmağa başladılar və məni maşına mindirdilər. Biri boynumdan tutub boğurdu, mən necə müqavimət göstərə bilərdim?! İçəridə, maşında da boğurdular. Başıma vurdular. Məni maşına mindirəndə qollarıma qandal vurdular ki, yerindən tərpənməyim, iki nəfər məni arxadan tutdu, biri məni vururdu. Əvvəlcə bizi yoxlamağa gələn iki nəfər məni təhqir etdi və onlardan biri məni maşında döydü. Biri sükan arxasında oturmuşdu, digəri isə məni vururdu. Məni həm də söydülər”, - deyə Laşa Jğenti azadlığa çıxdıqdan sonra bildirib. Onun boyun, qol və bilək nahiyəsində xəsarətləri var.
Xüsusi İstintaq Xidməti Laşa Jğentinin anasının bildirişi əsasında polis əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması faktı ilə bağlı Cinayət Məcəlləsinin 333-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə araşdırmalara başlayıb.
İstintaq xidmətindən verilən məlumata görə, iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri, o cümlədən hadisəni əks etdirən videokamera görüntülərinin əldə edilməsi və faktın “bitərəf şahidlərin”in dindirilməsi təmin edilib.
“Xüsusən, saxlanılma yerində olan 6 nəfər hadisə şahidi dindirilib, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq faktını görmədiklərini bildiriblər. İş üzrə şəxsi obyekt və saxlanılma yerində olan şəxslərdən birinin mobil telefonla çəkdiyi videogörüntülər əldə edilib. Materiallara baxılaraq müəyyən edilib ki, polis əməkdaşları Qoqebaşvili küçəsində gəzən 3 nəfəri saxlayır və söhbətdən sonra onlardan birinin üzərində səthi yoxlayışa başlayırlar. Adıçəkilən şəxs polis əməkdaşlarına yoxlamanı tam aparmağa imkan vermir və müqavimət göstərir, bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu tutub maşına mindirməyə başlayırlar. Hadisə yerinə gələn və polislərlə fiziki təmasda olan yaşlı qadın polislərə saxlanılan şəxsin aparılması və maşına mindirməsinə mane olur. Vətəndaşları saxladıqdan təxminən 7-8 dəqiqə sonra polis maşını hadisə yerini tərk edir. Sözügedən video görüntülərdə polis əməkdaşları tərəfindən fiziki zorakılıq faktı qeydə alınmayıb”, - Xüsusi İstintaq Xidmətinin açıqlamasında bildirilir.
İstintaq Laşa Jğentinin saxlanılmasında iştirak edən və saxlanılma yerində olan Köhnə Tbilisi Polis İdarəsinin 4 əməkdaşı ilə müsahibə aparıb. Onların izahatına görə, Qoqebaşvili küçəsi N 30 yaxınlığında 3 gənc dayandırılıb və onlardan şəxsiyyətləri soruşulub, onlardan biri Laşa Jğentinin davranışı şübhəli hesab edilib və onun razılığı ilə polis əməkdaşları tərəfindən tədbir görülüb - ona səthi yoxlama və axtarış həyata keçirilib.
“Axtarış zamanı Laşa Jğenti onlara müqavimət göstərib və polisləri şifahi təhqir edib, bunun əsasında onu inzibati qaydada həbs etməyə başlayıblar. Laşa Jğenti tutularaq maşına mindirilərkən yoldaşları, həmçinin L. Jğentinin nənəsi - Qulnazi Jğenti polis əməkdaşlarına müqavimət göstərib. O cümlədən, Qulnazi Jğenti polis maşınının sükanı arxasına əyləşərək onlara saxlanılan şəxsi aparmağa imkan verməyib. Polisin məlumatına görə, nəhayət, tətbiq edilən proporsional tədbirlər nəticəsində onlar Laşa Jğentini polis bölməsinin binasına qədər apara biliblər.
Polis əməkdaşları saxlanılan şəxsə və/və ya digər şəxsə qarşı fiziki zorakılıq, şifahi təhqir və/və ya digər qanunsuz hərəkətlərin olmadığını izah ediblər.
“Levan Samxarauli Milli Məhkəmə Ekspertiza Bürosu”nda Laşa və Luka Jğenti ekspertə şəxsən təqdimat yolu ilə ekspertizadan keçiblər. Bu mərhələdə ekspertizanın rəyləri alınmayıb.
Saxlanılan şəxsin saxlanılmasında iştirak edən nənəsi, bədənində xəsarətlər olan Qulnazi Jğenti də tibbi ekspertizadan keçib. Xəsarətlərə gəlincə, o, istintaqa izah edib ki, polis əməkdaşlarına müqavimət göstərib və saxlanılan Laşa Jğentini aparmağa imkan verməyib. Qulnazi Jğenti bildirib ki, polis əməkdaşlarına müqavimət göstərməsi nəticəsində bədən xəsarətlər alıb. İndiyədək əldə edilmiş yuxarıda qeyd olunan sübutlar hüquqmühafizə orqanları əməkdaşlarının məsuliyyətə cəlb edilməsinə əsas vermir”, - Xüsusi İstintaq Xidməti bildirir.
Qurum izah edir ki, işin istintaqı “intensiv rejimdə” davam edir ki, “işin obyektiv mənzərəsini yaratmaqla yekun ədalətli və ümumi qərar qəbul etmək mümkün olsun”.