Kaladze avropalı diplomatların aksiyadaki çıxışını “düşmənçilik” və “çevriliş cəhdi” adlandırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

“Kənardan ölkədə dövlət çevrilişi etmək cəhdi var. Buna, hətta gəlib birbaşa aksiyaya çıxan xariciləri misal göstərmək olar. Bilmirəm, bundan böyük lüstrasiya və bizim dediklərimizi göstərən nə ola bilər”, - deyə Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze Avropa ölkələrinin xarici işlər nazirlərinin rus qanununu əleyhinə aksiyada çıxışı ilə bağlı bildirib.

Jurnalist söhbətin “dörd dost ölkənin xarici işlər naziri”ndən getdiyini vurğuladıqdan sonra Kaladze davam edib:

“Bu dostluq deyil. Bu, birbaşa düşmənçilikdir, ölkədə qütbləşməni qızışdırmaq cəhdidir.

Biz hər şeyi öz adı ilə çağırmalıyıq, biz deşifr etmişik, bu əməllərin arxasında kimlər dayanır, radikal qruplar kimlərdir, donorlar kimlərdir, xaricdən haradan maliyyələşirlər və s. Hər şey aydındır”.

Bundan əlavə, Kaladze prezident Salome Zurabişvilini zorakılığın təhrikçisi adlandırıb.

Mayın 15-də Litva, Estoniya, İslandiya və Latviyanın xarici işlər nazirləri Gürcüstana səfər ediblər. Onlar prezident, parlament sədri, baş nazir, müxalifət partiyalarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüblər.

“Siyasi qütbləşməni sadəcə olaraq alternativ baxışları qadağan etməklə həll etmək olmaz. Bu cür üsullar heç vaxt Aİ-yə üzvlüklə uzlaşa bilməz və mən görüşümüz zamanı bunu açıq şəkildə təkrarladım”, - deyə Litvalı diplomat Qabrielius Landsberqis baş nazirlə görüşdən sonra bildirib.

Günün sonunda xarici işlər nazirləri jurnalistlər üçün mətbuat konfransı keçiribər, sonra isə Rustaveli prospektində keçirilən “xarici agentlər” haqqında rus qanununa qarşı nümayişə qoşularaq etirazçılara müraciət ediblər.

Mayın 13-də Almaniya, Çexiya, Polşa, Litva və Finlandiya parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri də aksiyaya gəliblər. Bundestaq nümayəndəsi Maykl Rot nümayişçiləri təslim olmamağa və hakimiyyəti rus qanununu ləğv etməyə və “Avropaya qayıtmağa” çağırıb. Baş nazir İrakli Kobaxidze onları Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur