Rabitə Komissiyasının üzvləri yekdilliklə Kaxa Bekaurini üçüncü dəfə, üç il müddətinə sədr vəzifəsinə seçiblər. Bekauri komissiyanın sədrliyinə yeganə namizəd olub.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
2017-ci ilin may ayından Kaxa Bekauri yayım və elektron rabitə sahələrində tənzimləyici orqan olan Rabitə Komissiyasına rəhbərlik edir. Gürcüstan parlamenti onu ilk dəfə 2014-cü ildə, ikinci dəfə isə 2019-cu ildə Komissiyanın üzvü seçib.
Rabitə Komissiyası altı il müddətinə seçilən beş üzvdən ibarətdir. Komissiya üzvünün qalan səlahiyyət müddətindən asılı olmayaraq, komissiyanın istənilən üzvünün komissiya sədrliyinə namizəd kimi qeydiyyatdan keçmək hüququ vardır. 2019-cu ilə qədər qüvvədə olan nizamnaməyə əsasən eyni şəxsin bir müddətdən artıq komissiya sədri seçilməsinə icazə verilmirdi. 2019-cu ilin sonunda tənzimləmədə dəyişiklik edilib və sözügedən məhdudiyyət ləğv edilib. Hazırda komissiyanın üzvləri Vaxtanq Abaşidze, Natia Kukuladze, Yekaterine İmadedze, İvane Maxaradze və Kaxa Bekauridir.
Media məsələləri ilə məşğul olan yerli qeyri-hökumət təşkilatları tez-tez Rabitə Komissiyasını müxalifət mediasına qarşı qəbul etdiyi qərarlara görə tənqid edir və onu hakim partiyanın maraqlarına xidmət etməkdə ittiham edirlər.
Ötən il 23 avqust tarixində “Gürcü arzusu”nun tələbi ilə Komissiya “Evə, Avropaya” kampaniyasının reklam çarxını yerləşdirdiyinə görə “Mtavari ari” kanalını 118.689 lari cərimələyib. Eyni qərarla “Formula” və “Pirveli” teleşirkətinə də sanksiya (xəbərdarlıq) verilib.
Kaxa Bekauri Rabitə Komissiyasının üzvü seçilməzdən əvvəl 2012-ci ildə 9 ay müddətində “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin ailəsinə məxsus “Doqquzuncu kanal” telekanalının direktoru olub. Onun həyat yoldaşı jurnalist Eka Beridze də həmin televiziyada işləyirdi və hazırda “Georgian water and power” MMC-nin kommunikasiya direktorudur.
Kaxa Bekauri Gürcüstanda ən yüksək maaş alan dövlət qulluqçularından biridir. Əmlak bəyannaməsinə görə, 2014-cü ildən 2020-ci ilə qədər Milli Rabitə Komissiyasının üzvü kimi o, maaş olaraq 1.564.262 lari alıb. Bundan əlavə, Bekauri kommersiya fəaliyyəti ilə də məşğuldur və “Ori Nabidzi” MMC-nin 33,33 % səhmlərinə sahibdir. 2020-ci ildə o, “Ori Nabidzi”dən 4.299.570 lari gəlir əldə edib.