Kobaxidze Davitaşviliyə Avro-2024 üçün əlavə ucuz uçuşlar təmin etməyi tapşırıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Baş nazir İrakli Kobaxidze iqtisadiyyat naziri Levan Davitaşviliyə futbol üzrə Avropa çempionatı ilə əlaqədar Almaniyaya əlavə birbaşa uçuşlar təşkil etməyi tapşırıb. Kobaxidzenin sözlərinə görə, Gürcüstan millisinin oyunlarına çoxlu sayda gürcü azarkeşin gəlməsi vacibdir.

“Aviabiletlərə böyük tələbat var, aviaşirkətlər bundan artıq yararlanıblar. İqtisadiyyatın qanunu budur ki, tələb təklifi müəyyənləşdirir, ona görə də təyyarə biletlərinin qiyməti artıb. Bəzi hallarda qiymətlər bir neçə dəfə artıb. Mən İqtisadiyyat Nazirliyindən Düsseldorf və Hamburqa əlavə birbaşa reyslərin təşkili üçün işə başlamasını xahiş etmək istərdim və həmvətənlərimizə biletlərin sabit aşağı tariflə təklif olunması vacibdir. Bütün bunlar həm azarkeşlər, həm də futbol komandası üçün vacibdir.

Futbol oyunlarına nə qədər çox gürcü azarkeş gələrsə, təbii ki, bu, futbol komandasının uğuru üçün bir o qədər yaxşıdır. Futbol oyunlarında gürcü azarkeşlərin çoxsaylı iştirakını təmin etmək bizim üçün vacibdir. Əminəm ki, komanda qrupdan çıxa bilər və buna öz töhfəmizi vermək üçün əlimizdən gələni etməliyik. Müvafiq olaraq, həmvətənlərimizin aşağı qiymətlərlə Almaniyaya rahat gediş-gəlişini təmin etmək üçün hər şey ediləcək”, - deyə İrakli Kobaxidze bildirib.

Gürcüstan tarixdə ilk dəfə futbol üzrə Avropa çempionatında mübarizə aparacaq. Yığma qruplardaki açılış oyununu iyunun 18-də Dortmundda Türkiyə, ikinci oyununu iyunun 22-də Hamburqda Çexiya və son oyununu iyunun 26-da Qelzenkirşendə Portuqaliya ilə keçirəcək.

Martın 26-da Yunanıstan millisini məğlub edən  Gürcüstan Avro-2024-ə vəsiqə qazanıb. Bu tarixi qələbədən bir həftə sonra hakim partiya etirazlar və beynəlxalq təzyiqlər səbəbindən 2023-cü ilin martında ləğv edilən xarici agentlər haqqında “rus qanunu”nu geri qaytarıb. Müxalifət ehtimal edir ki, “Gürcü Arzusu” etirazlardan yayınmaq üçün qanunu iyunda, Avropa çempionatı ərəfəsində qəbul etməyə çalışacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur