Konstitusiya Məhkəməsi hakiminin baş məsləhətçisi Tornike Obolaşvili deyir ki, mülki geyimdə olan polislər onu küçədə qanunsuz olaraq saxlayıb, fiziki zorakılıq ediblər və şəxsi məlumatlarını əldə etmək üçün telefonunu əlindən alıblar. Hadisə iyulun 15-də Tbilisidə, Temkada baş verib. Tornike Obolaşvilinin sözlərinə görə, o, 4 saatdan çox polis bölməsində saxlanılıb və bu müddət ərzində vəkilinə zəng etməyə icazə verilməyib. Obolaşvili deyir ki, polislər onun qanunsuz saxlanılmadan əvvəl çəkə bildiyi bir neçə saniyəlik videonu onun telefonundan siliblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Axşam saat 6:30 radələrində mənzildən çıxdım və dostumla görüşmək üçün dayanacağa gedirdim. Dayanacağa tərəf gedərkən “Ciqaro, bura gəl” sözlərini eşitdim. Dönüb baxanda gördüm ki, 40 yaşlarında iki mülki geyimli kişi məndən onların yanına gəlməyi xahiş edirlər. Kim olduqlarını və nə istədiklərini soruşdum, cavab verdilər ki, polisdəndirlər və mənim şəxsiyyətimi müəyyənləşdirmək istəyirlər. Onlar polisə bənzəmədikləri üçün müvafiq sənədləri ilk özlərinin təqdim etmələrini xahiş etdim, bundan sonra onlardan biri xidməti vəsiqəsini mənə göstərdi. Onların həqiqətən də polisdən olduğuna əmin oldum, çantamdan şəxsiyyəti təsdiq edən sənədi çıxardım və onlardan biri onu məndən aldı”, – Tornike Obolaşvili “Facebook”da yazıb. Onun sözlərinə görə, polis ona səthi yoxlama edəcəyini deyib və o bununla müqavimət göstərmədən razılaşıb. Vətəndaşın sözlərinə görə, səthi yoxlamadan sonra polis çantanı açmağa çalışıb.
“Mən imtina etdim, izah etdim ki, çantamda qanunsuz heç nə yoxdur, hüquqşünasam, hüquqlarımı bilirəm, əgər çantamı açmaq istəyirlərsə, o zaman müvafiq prosedurlara riayət edərək axtarış aparsınlar. Polis açıq-aşkar təhdid tonuna keçdi və çantanı açmasam, məni 3 saat gecikdirəcəyini və heç yerə gedə bilməyəcəyimi söylədi.
Cavab verdim ki, onun hədələri qanunsuzdur və bir neçə dəfə şəxsiyyət vəsiqəmi qaytarmalarını və məni buraxmalarını xahiş etdim, çünki dostumla görüşə gecikirdim, yoxsa bütün bunları videokamera ilə çəkərdim. Çoxsaylı müraciətlərimə baxmayaraq, şəxsiyyət vəsiqəmi geri vermədilər, dedilər ki, həqiqətən də tələsirəmsə, çantanı açmalıyam”, - Obolaşvili deyir.
Vətəndaş onların qanunsuz hərəkətlərini mobil telefonu ilə lentə almağa çalışsa da, onun dediyi kimi, polislər cəld telefonu onun əlindən alıblar və onun qolunu burub maşına mindiriblər.
“Maşına çatmamış məni yolda itələyərək asfaltın üstünə yıxdılar, nəticədə dirsək və barmaqlarımdan qan axdı. Məni zorla maşının arxa oturacağına əyləşdirdilər, bir polis sükan arxasına, digəri isə yanımda oturub əlimi bərk-bərk bükürdü. Bu zaman dəstək heyəti də gəldi və başqa bir polis arxa oturacaqda oturub digər əlimi də bükdü. Beləcə məni Temka polis bölməsinə apardılar.
Polis bölməsinə daxil olandan sonra polislərdən biri mənə laqeyd bir tonda dedi - “Ha, indi ki, o çantanı açacaqsan?” Mən də cavab verdim ki, çantanı öz istəyimlə açmayacağam, əgər görmək istəyirlərsə, axtarsınlar. Bundan sonra məni kameraların olmadığı yerə endirdilər və çantamı açmaqdan nə cürətlə imtina etdiyim barədə qəzəbli tonda danışmağa başladılar.
Saxlanılan statusumun olub-olmadığımı dəqiqləşdirmələrini xahiş etdim və onlar mənə yenə də laqeyd bir tonda dedilər ki, əlim qandallı deyil və vəkiləmsə bunu bilməliyəm. Lakin təbii ki, polis binasını tərk etmək istəyimi rədd etdilər və mənə “izahat verdilər” ki, saxlanılmamışam, lakin yayındırılmışam (polis idarəsində). Bundan sonra vəkilə zəng etməyimi xahiş etdim, mənə dedilər ki, saxlanılmadığım üçün zəng etməyə haqqım yoxdur, zəng etdirmədilər”.
Tornike Obolaşvili deyir ki, polislərdən biri telefonu ona qaytararaq vəkilə zəng etmək hüququnun olduğunu deyib, lakin o, telefonu blokdan çıxaran kimi başqa bir polis gizlicə onun arxasına keçib və telefonu götürərək qaçıb.
“Onlar mənim telefonumda şəxsi məlumatları görmək istəyirdilər ki, bəlkə nəsə qeyri-qanuni bir şey tapalar”, - Tornike Obolaşivili deyir.
Onunla, çox güman ki, iş yeri ilə maraqlanan Temka polis bölməsinin rəisi də danışıb. Tornike Obolaşvilinin sözlərinə görə, sonradan polislər onun çantasında axtarış aparmaq qərarına gəliblər, lakin onlar heç bir qanunsuz əşya tapmayıblar.
“Əvəzində, üzərində həqiqətən də Gürcüstan Konstitusiya Məhkəməsi hakiminin baş məsləhətçisi olduğum yazılan xidməti şəhadətnaməm tapıldı. Bundan sonra mənə qarşı bəslədikləri laqeyd münasibət əsaslı şəkildə dəyişdi və bir anlaşılmazlıq olduğunu, əvvəldən onlara xidməti vəsiqəmi göstərsəydim, məni dərhal buraxacaqlarını və bütün bu “anlaşılmazlığın” baş verməyəcəyini deməyə başladılar. Məni inandırmaq üçün onlardan biri özünə söyüş söydü”.
Polis əməkdaşları Tornike Obolaşviliyə qarşı inzibati xəta haqqında protokol tərtib ediblər. O, polisə tabe olmamaqda ittiham olunur.
“Məni saxlayan polis gəlib dedi ki, saxlanılma protokolunu imzalamalıyam, 2 səbəbə görə imtina etdim: a) protokolda yazılanları oxumaq çox çətin və ya qeyri-mümkün idi; b) oxuya bildiklərim yalan idi, xüsusən də protokolda yazılıb ki, saxlanıldıqdan dərhal sonra törətdiyim inzibati xətanın mahiyyətini və saxlanılmamın səbəbini izah edib, yaxınlarıma məlumat vermə imkanı veriblər. Nəinki mənə bu hüquqlardan istifadə etmək imkanı verilmədi, hətta niya saxlanılmayıb, yayındırıldığım da mənə izah edilmədi. Həmçinin protokolda müəyyən etdiyim digər bir şey isə, mənə qarşı Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi mübahisələndirmələri idi ki, bu da, guya mənim səthi yoxlama aparmağa imkan verməməyimdə özünü göstərirdi. ...Protokolda həmçinin yazılıb ki, polislə guya kinli danışmışam, bu da yalandır, əgər kiniklikdə qanunda yazılanları bildiyimi və onları qanuna uyğun hərəkət etməyə çağırdığımı nəzərdə tutmurlarsa. Sonda 4 saatdan çox qanunsuz saxlanıldım”, - Tornike Obolaşvili deyir.
Obolaşvili funksiyası polis əməkdaşları tərəfindən törədilmiş cinayətlər və düzgün olmayan rəftar faktlarının səmərəli, vaxtında və müstəqil araşdırılması olan Xüsusi İstintaq Xidmətinə müraciət edib.
İyulun 17-də başqa bir vətəndaş, heyvan hüquqlarının müdafiəçisi Luka Kintsuraşvili bildirib ki, iyulun 9-da mülki geyimli polislər onu qanunsuz olaraq saxlayıblar və polis bölməsində alçaldıcı rəftardan sonra onu müvəqqəti saxlanılma bölməsinə aparıblar və iyulun 11-də buraxıblar.