Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin sözlərinə görə, Krım körpüsündə partlayan yük maşını Gürcüstanda da olub. Bastrıkin bunu prezident Vladimir Putinlə görüşündə deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Rusiya İstintaq Komitəsi oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışı terror kimi araşdırır. Bastrıkinin sözlərinə görə, “terror hücumu” Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və məqsəd Rusiya üçün çox vacib “mülki” infrastruktur obyektini məhv etmək olub. Onun qeyd etdiyi kimi, “terror aktı”nın hazırlanmasında Ukrayna xüsusi xidmət orqanlarına Rusiya və xarici ölkələrin vətəndaşları kömək edib.
“Biz partlayışın baş verdiyi yük maşınının marşrutunu müəyyən etmişik. Bunlar Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya, Krasnodar vilayətidir. Bundan əlavə, nəqliyyatçılar müəyyən edilir - bu yük maşınının hərəkətinin təşkilində iştirak edən şəxslər.
Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının köməyi ilə terror aktı hazırlaya bilən şübhəliləri və Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən şəxsləri müəyyən etmək mümkün olub”, - deyə Bastrıkin bildirib.
Oktyabrın 8-də səhər saatlarında Rusiya tərəfindən ilhaq edilmiş Krımı və onunla birləşdirən körpüdə güclü partlayış baş verib, nəticədə 19 kilometrlik strukturun bir hissəsi dağılıb, avtomobil və dəmir yolu hərəkəti dayandırılıb. Rusiya Milli Antiterror Komitəsi körpüdə yük maşınının partladığını, bunun ardınca yanacaq çənləri ilə dolu qatarın alovlandığını bildirib. Partlayış nəticəsində 3 nəfər həlak olub.
Ukrayna mediası hüquq-mühafizə orqanlarındakı öz mənbələrinə əsaslanaraq yazıb ki, partlayış Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində baş verib. Xidmət bu məsələni şərh etməyib, lakin Ukrayna Müdafiə Nazirliyi Twitter-də yazıb: “Rusiya gücünün iki simvolu - “Moskva” raket kreyseri və Kerç körpüsü – Ukraynanın Krımında batıb. Sırada növbəti nə olacaq, ruslar?”
“Qanunsuz olan hər şey məhv edilməli, oğurlanan hər şey Ukraynaya qaytarılmalı, Rusiyanın işğal etdiyi hər şey çıxarılmalıdır”, - Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak partlayışdan sonra deyib.
Günün sonunda Ukrayna prezidenti Volodimir Zelenski də Krım haqda danışıb. Onun sözlərinə görə, oktyabrın 8-i Ukrayna ərazisində günəşli gün olub, Krımdə isə buludlar olub: “Amma bulud necə olursa olsun, ukraynalılar nə edəcəklərini bilirlər və gələcəyimizin günəşli olduğunu bilirlər. Bu, bütün ərazimizdə, o cümlədən Krımda işğalçılarsız gələcəkdir”.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Krım körpüsündə baş verən partlayışa Rusiyanın cavabı yalnız “terrorçuların məhvi” olmalıdır.
Rusiya Kerç boğazı üzərindən iki paralel körpünün tikintisinə 2016-cı ildə Krım yarımadasının ilhaqından iki il sonra başlayıb. Avtomobil hissəsini 2018-ci il mayın 15-də prezident Vladimir Putin açıb və o, həmin günü “tarixi” adlandırıb. Dəmir yolu 2019-cu il dekabrın 23-də istifadəyə verilib. 2022-ci il fevralın 24-də Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Rusiya bu körpüdən Ukraynanın cənubundakı qoşunlarını təchiz etmək üçün istifadə edir.
Ukrayna hakimiyyəti körpünü qanunsuz tikili hesab edir. Avropa İttifaqı körpünün tikintisini Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün növbəti pozulması kimi qiymətləndirir və məqsədi Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Krımı Ukraynadan təcrid etməkdir.