Kvemo Kartlidə məktəbəqədər təhsil üçün bənzəri görünməmiş məhkəmə işi 

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Bolnisinin rayon məhkəməsi mülki fəallar Laşa Çxvimian və Ruslan Ömərovun şikayətlərini qəbul edib. Onlar Dmanisi bələdiyyəsinin kəndlərində - Yırğançay və Hamamlı icmalarında uşaq bağçalarının açılmasını tələb edirlər. Hər iki işlə bağlı iclas aprelin 5-də keçiriləcək.

Laşa Çxvimianın 29 yaşı var, Dmanisdə yaşayır. O, 4 il Dmanisi Dövlət Teatrının rəhbəri olub. Tea Tsulukiani mədəniyyət naziri təyin edildikdən sonra, o da "Tsulukianinin repressiv siyasəti"nin qurbanı oldu və teatrın bədii rəhbəri vəzifəsindən azad edildi. Teatrdan ayrıldıqdan sonra Laşa Dmanisidə “Görüş yeri” qeyri-hökumət təşkilatını təsis edib və fəal şəkildə Dmanisi sakinlərinə qeyri-formal təhsil almaq üçün müxtəlif imkanlar təklif etməyə çalışır - xalq maliyyəsi ilə mədəni-maarif məkanı qurur. Laşanın iki azyaşlı övladı var. Tezliklə 4 yaşı tamam olacaq olan böyük qızını Dmanisi uşaq bağçasına aparır. Onun övladından fərqli olaraq, etnik azərbaycanlıların yaşadığı Dmanisi kəndlərində uşaqların heç birinin məktəbəqədər təhsilə əlçatarlığı yoxdur. Bələdiyyənin 57 kəndindən cəmi yeddisində uşaq bağçası var. Azlıqların yaşadığı heç bir kənddə məktəbəqədər təhsil müəssisəsi yoxdur. Bu qeyri-bərabər vəziyyəti dəyişdirmək üçün Laşa vəkillik prosesində fəal iştirak edir, məqsədi dağlıq və azlıqların yaşayış məntəqələrində yaşayan uşaqlara təhsil almaq üçün konstitusiya hüquqlarını həyata keçirməyə kömək etməkdir. Vəkillik kampaniyası “USAID”in Vətəndaş Cəmiyyətinə İştirak Proqramının dəstəyi ilə “Vətəndaş Fəaliyyətləri Mərkəzi” tərəfindən həyata keçirilir.

Tbilisi Dövlət Universitetinin ingilis filologiyası fakültəsinin tələbəsi, 21 yaşlı Ruslan Ömərov Dmanisi bələdiyyəsində yaşayan və çoxsaylı təzyiqlərə baxmayaraq, bərabər hüquqlar uğrunda açıq mübarizə aparmaqdan çəkinməyən gənclər arasında nadir bir istisnadır. Ruslan Hamamlı icmasının Səfərli kəndində yaşayır. Onun 3 və 4 yaşlı əmisi oğlu var - həmin kənddə 6 yaşına qədər 20-yə yaxın uşağın bağçaya əlçatarlığı yoxdur. Vətəndaş bərabərliyi və inteqrasiyası üzrə 2021-2030-cu illər dövlət strategiyasında yazmışdıq ki, dövlət dilini öyrənməyin ən səmərəli yolu ona məktəbəqədər təhsil səviyyəsindən başlamaqdır. Qeyd əvvəlki strategiya sənədində də qeyd kimi qalmışdı. Təkcə Kvemo Kartli bölgəsində 5 minə yaxın uşaq məktəbəqədər təhsildən kənarda qalıb.

2022-ci ilin noyabrında "Vətəndaş Fəaliyyətləri Mərkəzi"nin dəstəyi ilə Laşa Çxvimian və Ruslan Ömərov Dmanisi Bələdiyyə Şurasına müraciət edərək Yırğançay və Hamamlıda uşaq bağçalarının açılmasını tələb ediblər.

Vətəndaşların özünüidarəetmədə iştirakının bir forması kimi petisiya 2015-ci ildən Yerli Özünüidarəetmə Məcəlləsində mövcuddur, amma Dmanisi Şəhər Şurasına petisiya ilə müraciətin ilki bu hal oldu. Hər petisiyanı 250-dən çox seçici imzalayır.

Dmanisi kəndlərində petisiya imzalarının toplanması zamanı “Vətəndaş Fəaliyyətləri Mərkəzi”nin əməkdaşlarına dəfələrlə maneələr olundu - sərxoş vəziyyətdə olan şəxslər və bələdiyyə sədrinin nümayəndələri kəndlərdə öz maşınları ilə fəalları təqib edərək onları maşınla vurmağa cəhd ediblər.

Dmanisi Bələdiyyəsinin meri Koba Muradaşvili “Vətəndaş Fəaliyyətləri Mərkəzi”nin nümayəndələrinə telefon danışığında bildirib ki, onun icazəsi olmadan “yad adamlar” Dmanisi kəndlərinə girməməlidir.

2012-ci ildən Muradaşvili əvvəlcə Daxili İşlər Nazirliyində, sonra isə Dövlət Təhlükəsizlik Xidmətində işləyib.

Qanunla şəhər şurası petisyanı baxılması üçün bələdiyyə sədrinə göndərmək, xüsusi işçi qrup yaratmaq və ya öyrənilməsi üçün komissiyaya göndərmək hüququna malikdir. Dmanisi Şəhər Şurası hər iki ərizəni bələdiyyə merinə göndərdi, o, bir ay ərzində ərizəyə baxmalı və Şəhər Şurası ilə birlikdə nəticələr barədə ərizəçilərə məlumat verməli idi. Bələdiyyə meri qanunla müəyyən edilmiş tələbləri pozdu.

Dekabrın 26-da Dmanisi Şəhər Şurası Şuranın Məkan-Ərazi Planlaşdırma və İnfrastruktur Komissiyasının qərarını nəzərə alaraq petisiyanın müzakirəsini məqsədə uyğun hesab etmədi. Bununla belə, məktəbəqədər təhsil hüququ konstitusiya ilə təmin edilir. Qanunvericilik bilavasitə özünüidarələri müvafiq yaşda olan bütün uşaqlar üçün məktəbəqədər təhsillə təmin etməyə öhdələndirir.

Şura öz qərarını bununla izah edib ki, baş nazirin təşəbbüsü ilə 2023-cü ildən bütün ölkədə uşaq bağçalarının tikintisi-bərpa proqramına başlanılacaq və bu proqram çərçivəsində Dmanisi bələdiyyəsində yeni uşaq bağçalarının tikintisi nəzərdə tutulub.

İrakli Qaribaşvili ötən il noyabrın 28-də hökumətin iclasında həqiqətən də uşaq bağçasının tikinti-bərpa proqramının başlanmasından danışmışdı.

“Ölkə üzrə uşaq bağçaları çox bərbad vəziyyətdədir. Cənab İrakli Karseladze mənim göstərişimlə bu məsələ üzərində işlədi. Məlum oldu ki, 885 uşaq bağçasının tikintisi və bərpasına ehtiyac var. Ona görə də biz uşaq bağçalarının tikintisi və bərpası proqramına başlamaq qərarına gəldik. Bu, üç mərhələdə həyata keçiriləcək və biz 2023-cü il yanvarın 1-dən birinci mərhələyə başlayacağıq. Bu proqramın maliyyələşdirilməsinə 100 milyon lari ayrılıb. Ümumilikdə bu bizə 1,3 milyard lariyə başa gələcək, uşaq bağçaları tam bərpa olunacaq və ölkənin hər yerində yeni bağçalar tikiləcək”, - Baş nazirin bu bəyanatını yoxlamaq üçün "Mtis Ambebi" Regional İnkişaf və İnfrastruktur Nazirliyinə iki dəfə müraciət edərək bu yeni proqramla bağlı Nazirlikdə mövcud olan ictimai məlumatı tələb edib.

Yalnız inzibati şikayət verildikdən sonra Nazirlik yazılı şəkildə cavab verdi ki, proqramla bağlı heç bir sənəd yoxdur.

Şikayətçilər Laşa Çxvimian və Ruslan Ömərov Dmanisi Şəhər Şurasına təqdim edilmiş petisyalara baxılması, öyrənilməsi və həlli üçün göstəriş verilməsini tələb edirlər. Hər iki işə hakim Nino Qiorqadze baxacaq.

Özünüidarə məcəlləsində petisya mexanizmi nəzərdə tutulduğundan son 7 ildə heç kim petisyanın təmin edilməməsi barədə qərardan məhkəməyə şikayət etməyib, üstəlik heç kim məhkəmə yolu ilə məktəbəqədər təhsil almaq hüququnun həyata keçirilməsini tələb etməyib.

Məktəbəqədər təhsilin əlçatanlığı ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində “Vətəndaş Fəaliyyətləri Mərkəzi” 32 bələdiyyənin təcrübəsini öyrənib. Ən pis vəziyyət Kvemo Kartli - Dmanisi, Bolnis və Tsalka rayonlarındadır.

Bolnisinin 48 kəndindən yalnız beşində uşaq bağçası var. Rayon əhalisinin 63 faizini etnik azərbaycanlılar təşkil edir. Azlıqların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur.

Tsalka bələdiyyəsinin 43 kəndindən yalnız altısında uşaq bağçası var. Əhalinin təxminən 53 %-ni etnik azlıqlar təşkil edir. Onların 39 %-i ermənilər haradasa 7 %-i azərbaycanlı və bir o qədər də yunanlardır. Ermənilərin və yunanların yaşadığı heç bir kənddə uşaq bağçası yoxdur. Məktəbəqədərki təhsil yalnız ermənilərin yaşadığı yeganə kənd olan Qızılkilisədə mövcuddur.

“Vətəndaş Fəaliyyəti Mərkəzi”nin təşkilatçılığı ilə Tsalka, Bolnisi, Dmanisi, Axalkalaki, Borjomi, Aspindze, Tkibuli, Saçxeri, Tsageri, Saqareco Şəhər Şuralarına 16 petisya verilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur