Hakimlərin konfransında Tbilisi Apellyasiya Məhkəməsinin hakimləri Levan Murusidze və Dimitri Qvritişvili Gürcüstan Ali Ədliyyə Şurasının yeni üzvləri seçiliblər.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Hakimlər Qoça Abuseridze və Giorgi Qoqinaşvili vəzifələrindən getdikdən sonra şurada iki üzvün yeri vakant olub. Qvritişvilinin namizədliyini Ali Ədliyyə Şurası təqdim edib, Murusidze isə özünü irəli sürüb. Yalnız onlar vakant yerləri tutmaq istəklərini bildiriblər.
Hakimlərin konfransında iştirak edən 279 hakimdən 268-i Murusidzenin seçilməsini dəstəkləyib, Qvritişvili isə 267 səs toplayıb.
“Mənə yenidən etimad göstərdiklərinə, mənə imkan yaratdıqlarına və eyni zamanda, bütün karyeram boyu həmişə olduğu kimi şuranın üzvü olmaq və ədliyyə orqanlarının maraqlarını qorumaq üçün böyük məsuliyyət daşıdıqlarına görə həmkarlarıma təşəkkür edirəm. Həmkarlarımın dəstəyi, yəqin ki, mənim bu yüksək statusa uyğun funksiyaları yerinə yetirmək üçün ixtisasıma və düzgünlüyümə dəlalət edir”, - 2017-2021-ci illərdə Ali Ədliyyə Şurasının hakim üzvü olmuş Qvritişvili bildirib.
Ömürlük hakim olan Levan Murusidzenin sözlərinə görə, o, Ali Ədliyyə Şurasının üzvü kimi məhkəmənin müstəqil olması üçün sona qədər mübarizə aparacaq.
“Bir neçə il səssiz, sakit idim. İşlərimi görürdüm, amma nədənsə dincəlmirdilər. İstər qeyri-hökumət sektoru olsun, istərsə də ayrı-ayrı siyasətçilər, ekspertlər mənim adımı tez-tez hallandırırdılar. Mənim adım çəkmələri birşey deyil, amma bunu məhkəmə sistemi ilə əlaqələndirirdilər. Nədənsə mənfi kontekstdə çıxarıb və soyadımı təhqir edirdilər. Məhkəmədə, ölkədə olan bütün problemləri mənim üzərimə atırdılar. Adi hakim olduğum üçün cavab vermək imkanım olmadığından xeyli fikirləşdikdən sonra qərara gəldim ki, kiminsə şikayəti varsa, özüm cavab verərəm.
Məndən qurtularaq, etibardan salmaqla məhkəmə sistemini sıradan çıxaracaqlarını, sonra idarə edəcəkləri kadrlarla gələcəklərini düşünürlər. Mən buna yol verə bilməzdim və ona görə də şuranın üzvü olmağa qərar verdim. Məhkəmənin müstəqil olması üçün sona qədər mübarizə aparacam. 21-ci əsrdir, yoxsa bu qeyri-hökumət təşkilatları bizi odda yandırardı. Qamsaxurdiyanın dediyi kimi, geri çəkilməyə öyrəşməyənlərdənəm. İstəyirlərsə, dost olaq, münasibət quraq, tənqidi yanaşaq və müsbət məqamları vurğulayaq, yoxsa, döyüşmək istəyirlərsə, döyüşək. Başqa yol yoxdur”, - Murusidze jurnalistlərə bildirib.
Qeyri-hökumət təşkilatları Levan Murusidzeni məhkəmə sistemində nüfuzlu hakimlər klanının liderlərindən biri kimi təqdim edirlər. 2013-2017-ci illərdə Ali Ədliyyə Şurasının katibi vəzifəsində çalışıb, 2018-ci ildən isə ömürlük Tbilisi Apellyasiya Məhkəməsinin İnzibati İşlər Palatasının hakimi vəzifəsinə təyin edilib. Bu günlərdə həbsdə olan Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq birinci müavini İoseb Qoqaşvili Levan Murusidzeni hakimlərə təzyiq göstərməkdə ittiham edərək, onun “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvili ilə sövdələşməsini bildirib. Murusidze bu ittihamları rədd edir.
Ali Ədliyyə Şurası məhkəmə sisteminin əlaqələndirici orqanıdır. Rayon (şəhər) və apellyasiya məhkəmələrinin hakimlərini, o cümlədən apellyasiya məhkəməsinin sədrini vəzifəyə təyin və vəzifədən azad edir. Bundan əlavə, Ali Ədliyyə Şurası Ali Məhkəmənin hakimi vəzifəsinə namizədləri parlamentə təqdim edir.