Batumi Şəhər Məhkəməsi jurnalist Malxaz Rexviaşvilinin İctimai Yayımçının Acarıstan televiziyasından işdən çıxarılmasını qanunsuz hesab edib. Qərarı hakim, Quliko Kajaşvili qəbul edib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Məhkəmədə Rexviaşvilinin maraqlarını müdafiə edən qeyri-hökumət təşkilatı “Sosial Ədalət Mərkəzi” iddia edir ki, sözügedən qərar mühüm presedentdir və əmək hüquqlarının, ifadə azadlığının və jurnalist fəaliyyətinə müdaxilənin yolverilməzliyinin müdafiəsini gücləndirəcək.
“Məhkəmə bizim arqumentimizlə razılaşdı ki, sözügedən qərar Malxaz Rexviaşvilinin əmək hüquqlarını və ifadə azadlığını pozur və onun işdən çıxarılmasının yeganə səbəbi ifadə azadlığı ilə tam qorunan şəxsi sosial şəbəkəsində ictimai şəkildə səsləndirdiyi tənqidi fikirlərdir və bu hüququ məhdudlaşdırmaq üçün heç bir əsas yoxdur”, - qeyri-hökumət təşkilatından bildirirlər.
Aparıcılıq etdiyi “Hashtag” verilişi bir neçə ay əvvəl bağlandığı üçün məhkəmə Malxaz Rexviaşvilinin yenidən işə bərpa olunması ilə bağlı vəsatətini təmin etməyib. İşə bərpa olunmağın mümkünsüzlüyünü kompensasiya etmək üçün məhkəmə Acarıstan Televiziyasına iddiaçıya 5000 lari ödənilməsini həvalə edib. İddiaçı və onun mənafeyini müdafiə edən şəxslər hakimin əsaslandırması ilə tanış olduqdan sonra qərarın bu hissəsinin şikayətini müzakirə edəcəklər. Rexviaşvili özü hesab edir ki, təzminat məbləği ədalətsiz şəkilkdə aşağıdır.
“Bu mərhələdə, məncə, apelyasiya şikayəti verməyəcəyəm. İşdən əsassız çıxarıldığımı sübut etmək məqsədimə nail oldum. Mən indi belə düşünürəm. Yorulmaz və mükəmməl vəkillərimlə söhbətim irəlidə olacaq”, – jurnalist deyir.
“Hashtag” verilişinin aparıcısı və yayımçının alternativ həmkarlar ittifaqının sədri Malxaz Rexviaşvili 2020-ci il mayın 11-də o vaxtkı direktor Qiorqi Koxreidzenin əmri əsasında tutduğu vəzifədən azad edilib. İşdən çıxarılmasına səbəb Facebook sosial şəbəkəsində dərc olunmuş, Rexviaşvilinin efirdən uzaqlaşdırılan həmkarını dəstəklədiyini və yayımçının qərarını tənqid etdiyi yazı olub. Malxaz Rexviaşvili direktorun əmrindən məhkəməyə şikayət edib. İşi Xalq Müdafiəçisi də araşdırıb və müəyyən edib ki, ifadə azadlığına əsassız və qeyri-mütənasib müdaxilə nəticəsində əmək hüquqlarının pozulması halı baş verib. Xalq Müdafiəçisi Acarıstan televiziyasının direktoruna işçinin işdən çıxarılması barədə əmrin etibarsız sayılması təklifi ilə müraciət edib.
Qiorqi Koxreidze 2019-cu ilin noyabrında Acarıstan Televiziya və Radiosunun məsləhət şurası tərəfindən direktor seçildikdən sonra yayımçının redaksiya siyasəti dəyişməyə başlayıb. Bir çox jurnalistlər işdən çıxarılıb, bəziləri təzyiqlər nəticəsində yayımı tərk edib. Məhkəmə həmçinin xəbər xidmətinin rəhbəri Şorena Qlontinin işdən çıxarılmasını qanunsuz hesab edib. Bir neçə iddianın müzakirəsi hələ də tamamlanmayıb.