Mən daxili işlər nazirinə müraciət edirəm, dinc nümayişin dağıdılmasına son qoyulsun - Prezident

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili daxili işlər naziri Vaxtanq Qomelauriyə müraciət edərək, rus qanunu əleyhinə keçirilən dinc nümayişin dağıdılmasını dərhal dayandırmağa çağırıb.

“Daxili işlər nazirinə müraciət edirəm ki, dinc aksiyanın dağıdılmasına, qeyri-proporsional güc tətbiqinə, əliaçıq gələn gənclərə qarşı zorakılığa dərhal son qoyulsun.

Mən Xalq Müdafiəçisinə müraciət edirəm ki, xüsusi təyinatlıların əsassız və yersiz hərəkətlərinin qarşısını almaq üçün dərhal reaksiya versin.

Aydın görünür ki, aksiya dinc şəkildə gedirdi, heç bir təhlükə törətmirdi, asayiş üçün heç bir təhlükə yox idi.

Milliyət iddianız ola-ola gəncliyinizə qarşı durmanız, inancınıza vurğu edib, müqəddəs həftədə zorakılıq etməniz biabırçılıqdır!”, - Salome Zurabişvili sosial şəbəkədə yazıb.

30 aprel aksiyası rus qanununun ikinci oxunuşunun müzakirəsi ilə paralel saat 19:00-da başlayıb. Vətəndaşlar Rustaveli prospektini bağlayıblar və onların bir hissəsi parlamentin arxa girişlərinə keçib, oradan isə qanunverici orqanın qanunun müəllifi və tərəfdarı olan deputatları  oranı tərk etməli idi. Xüsusi Təyinatlı Departamentinin və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları aksiya iştirakçılarını ərazini tərk etməyə məcbur ediblər. Dinc nümayişi dağıtmaq üçün bibər qazı, gözyaşardıcı qaz və şırnaqdan istifadə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları gənclərə fiziki təzyiq də ediblər.

Xalq Müdafiəçisi Levan İoseliani bildirib ki, Daxili İşlər Nazirliyinin güc tətbiq etməsi üçün heç bir əsas yoxdur. İoseliani istintaq orqanlarını qeyri-mütənasib güc tətbiqi, eləcə də media nümayəndələrinin xəsarət alması faktları ilə bağlı səmərəli araşdırma aparmağa çağırır.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. 

Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. 150-dən çox qeyri-hökumət təşkilatı və media qurumu heç bir halda “ləyaqət alçaldan reyestrdə” qeydiyyatdan keçməyəcəkləri ilə bağlı bəyanat yayıb. Aprelin 17-də 83 deputat rus qanununu birinci oxunuşda dəstəkləyib.

Aprelin 15-dən Tbilisidə hər gün kütləvi etiraz aksiyaları keçirilir. Aprelin 28-dəki nümayişdə on minlərlə insan iştirak edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur