Ötən ilki ilə müqayisədə Gürcüstanda media azadlığı ilə bağlı vəziyyət pisləşib və ölkə dünya mətbuat azadlığı indeksində 77-ci yerdən 103-cü yerə geriləyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Günündə “Sərhədsiz Reportyorlar” hüquq müdafiə təşkilatı illik reytinqini açıqlayıb. Təşkilat qeyd edir ki, Gürcüstanda vəziyyət xeyli pisləşib. “Hakim partiya cəmiyyəti qütbləşdirməyə davam edir, Moskva ilə yaxınlaşmanı inkişaf etdirir və mətbuat azadlığına getdikcə düşmənçilik edən siyasət yeridir”.
“Hökumət Aİ-nin mətbuat azadlığı ilə bağlı tövsiyəsini hələ də yerinə yetirməyib ki, bu da üzvlük danışıqlarına başlamazdan əvvəl zəruri addımdır. Plüralizmi və media şəffaflığını gücləndirən əvvəlki islahatlardan fərqli olaraq,
hökumət “Elektron Rabitə haqqında” qanuna dəyişiklik etməklə, eləcə də Rusiyadan köçürdüyü “xarici agentlər” qanunun vasitəsilə müstəqil radio stansiyalarına və televiziya şəbəkələrinə nəzarət etmək niyyətini açıq şəkildə ortaya qoyub.
Qanun küçə etirazları və beynəlxalq təzyiqlərdən sonra ləğv edilmişdi”, - 2023-cü il hadisələrini nəzərdən keçirən və “Gürcü Arzusu” tərəfindən 2024-cü ildə rus qanununun geri qaytarılmasını əks etdirməyən hesabatda deyilir.
“Sərhədsiz Reportyorlar” təşkilatı bir daha bəyan edir ki, hökumətin müdaxiləsi mətbuat azadlığının yaxşılaşdırılması səylərinə xələl gətirir, mühit müstəqil və müxalif mediaya qarşı düşmən mövqeyində qalır, jurnalistlərə qarşı şifahi və fiziki hücumların sayının artması və müstəqil medianın marginallaşdırılmasına və məhdudlaşdırılmasına yönəlmiş qanunların qəbulu səyləri azad söz mühitini sıxışdırır.
Əvvəlki illərdə olduğu kimi, 2023-cü il hesabatında da Gürcüstanda media landşaftının rəngarəng və eyni zamanda yüksək qütbləşdiyi, mediada, xüsusən də əsas informasiya mənbəyi olan televiziyada manipulyasiya, nifrət nitqi və dezinformasiyanın geniş yayıldığı bildirilir.
“Hökumət tez-tez onu tənqid edən mediaya cavab verməkdən imtina edir və bəzən senzuraya, reydlərə, qarayaxma kampaniyalarına və hədə-qorxulara əl atır. Bəzən məhkəmələr ifadə azadlığı haqqında qanunla bunun təmin edilməsinə baxmayaraq, mənbələrin məxfiliyinə xələl gətirməyə çalışırlar”, - deyə hesabatda bildirilir.
2023-cü il Dünya Mətbuat Azadlığı İndeksində Ukraynanın vəziyyəti 18 pillə yaxşılaşaraq 61-ci yeri tutur. Moldova 31-ci yerdədir.
Beynəlxalq reytinqə ümumilikdə 180 ölkə daxildir. Rusiya 162-ci, Belarus isə 167-ci yerdədir.
Reytinqdə mühitin media üçün ən əlverişli olduğu qabaqcıl ölkələrə gəlincə, səkkiz il ard-arda Norveç birinci yeri tutur. Ondan sonra Danimarka, İsveç, Hollandiya və Finlandiya gəlir. İlk onluğu Almaniya tamamlayır.