Gürcüstan prezidentinin parlament katibi Qiorqi Msxiladze Salome Zurabişvilinin yığılan pensiyalar haqqında qanuna dəyişiklikləri niyə imzalamamasının səbəbini açıqlayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Həyata keçirilmiş dəyişikliklərlə pensiya fondunun idarə heyətinin üzvlərini baş nazir təyin edəcək, əvvəlki modeldə isə fondun investisiya şurasının üzvləri parlament tərəfindən seçilirdi. Bu prosesin parlamentdən geri götürülməsi və hakimiyyətin baş nazirin əlində bu qədər cəmləşdirilməsi qəbuledilməz və yol verilməzdir.
Sözügedən dəyişiklik şuranın hakim gücün maraqlarını daşıyan kadrlardan ibarət olması riskini yaradır. Bu, fondun investisiyalarının hakim gücün siyasi qərarları ilə müxtəlif aşağı gəlirli dövlət layihələrində həyata keçirilməsinə şərait yaradacaq və əhalinin mənafeyinə xidmət etməyəcək.
Pensiya islahatı Gürcüstanda uğurlu islahatlardan biri hesab olunurdu, ona görə də bu islahatın nüfuzuna xələl gətirən, əhalinin ona olan inamını sarsıdan belə dəyişiklikləri qəbul etmək əsassızdır. Möhkəm pensiya sistemi və onun etibarlılığı birbaşa vətəndaşların rifahı ilə bağlıdır. Müvafiq olaraq, biz Gürcüstan hökumətini Gürcüstanın milyon yarımdan çox vətəndaşının maraqlarını nəzərə alaraq hərəkət etməyə çağırırıq”, - deyə Msxiladze bildirib.
Parlamentin iyunun 27-də keçirilən iclasında “yığılan pensiyalar haqqında” qanuna dəyişikliklərə üçüncü oxunuşda baxılıb və 75 səslə qəbul edilib. 66 səs “Gürcü Arzusu” fraksiyasının üzvlərinə, 9 səs isə hakim partiyanın sateliti “Xalqın Gücü”nün deputatlarına məxsusdur.
Qəbul edilən qanuna əsasən, Pensiya Agentliyinin adı dəyişdirilərək “Gürcüstan Pensiya Fondu” adlandırılıb və dəyişikliklər idarəetmə qaydalarına daxil edilib. O cümlədən, pensiya fondunda mövcud müşahidə və investisiya şurasını əvəz edəcək yeni idarə heyəti yaradılacaq. Mövcud qanunvericiliyə görə, İnvestisiya Şurasının üzvləri parlament tərəfindən seçilir və təqdim olunan dəyişikliklə Şuranın peşəkar üzvləri Baş Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək. Həmçinin Pensiya Fondu Müdirliyi icra orqanı kimi yaradılmışdır. Onun üzvləri İdarə Heyəti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. Qəbul edilən dəyişikliklə, digər növ aktivlərə investisiya etmək limitləri artır. Dəyişikliklər həmçinin pensiya fondunun Milli Bankın razılığının tələb olunacağı istənilən fəaliyyətinin autsorsinqə verilməsi imkanını da nəzərdə tutur.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan”nın fikrincə, qanunvericilik dəyişiklikləri pensiya fondunun müstəqilliyini və ona nəzarət imkanlarını zəiflədir ki, bu da fondda səfərbər olunan vəsaitlərin səmərəli idarə olunması üçün mühüm təminatdır. Hazırda bir milyondan çox Gürcüstan vətəndaşının pensiya təminatını özündə əks etdirən pensiya fondunda 5 milyard lari var.
Prezident Salome Zurabişvili yığılan pensiyalar haqqında qanunu imzalamayıb və onu parlamentə qaytarıb. Dəyişikliklər parlamentin sədri Şalva Papuaşvilinin imzası ilə qüvvəyə minəcək.