Ukraynada müharibə başlayandan sonra Rusiya Federasiyası vətəndaşları Gürcüstanda 21 326 şirkət təsis ediblər ki, bu da əvvəlki 27 ilin göstəricisindən 3 dəfə çoxdur. Bu barədə məlumatı “Beynəlxalq Şəffaflıq - Gürcüstan” (TI) yayır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Qeyri-hökumət təşkilatının verdiyi məlumatlara əsasən, 1995-ci ildən 2022-ci ilin fevralına qədər Rusiya vətəndaşları Gürcüstanda ümumilikdə 7788 şirkət yaradıblar və 24 fevral 2022-ci ildə Ukraynada müharibə başlayandan sonra isə ayda, orta hesabla 1300 şirkət qeydiyyatdan keçiriblər.
“Beynəlxalq Şəffaflıq” 2022-ci ildə Gürcüstanın Rusiyadan iqtisadi asılılığının artması barədə yazıb. Rusiya bazarından yüksək asılılığı ilə ənənəvi olaraq gürcü şərabının ixracı seçilirdi. 2022-ci ildə Rusiyaya şərab ixracı 23% artaraq 161 milyon ABŞ dolları təşkil edib. Rusiya bazarı Gürcüstan şərabının ixracının 64%-ni təşkil edib ki, bu da gürcü şərabının Rusiya bazarına qayıtdığı 2013-cü ildən bəri ən yüksək göstəricidir.
2022-ci ildə Rusiyadan idxal 79% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Gürcüstanın ümumi idxalında Rusiyadan idxalın payı 13,1% təşkil edib ki, bu da son 16 ilin ən yüksək göstəricisidir. Müharibə başlayandan sonra Rusiyadan ən çox neft məhsullarının (yanacaq) idxalı artıb və idxalda onun payı 51% təşkil edib. Ərzaq məhsullarının idxalı 45% artıb.
Ötən il Gürcüstanın Rusiya buğdası və unundan asılılığı hələ də yüksək idi. 2022-ci ildə Gürcüstanın buğda və buğda ununun ümumi idxalında Rusiya buğda və buğda ununun payı 97% təşkil edib.
2022-ci ildə Rusiyadan gələn ziyarətçilərin artım tempi əhəmiyyətli dərəcədə sürətləndi - cəmdə 1,1 milyon ziyarətçi gəldi. Gürcüstana üz tutan ziyarətçilərin ümumi sayında rusiyalıların payı 20% təşkil edib.
Ötən il Rusiya vətəndaşları Gürcüstan banklarında 60 mindən çox hesab açıb və onların cari hesablarında və depozitlərində yerləşdirilmiş pul vəsaitlərinin həcmi 2021-ci illə müqayisədə təxminən 4 dəfə artaraq 2,8 milyard lariyə çatıb. Rusiyadan Gürcüstana pul köçürmələri 5 dəfə artaraq 2,1 milyard ABŞ dolları təşkil edib.
Təxminən bir il ərzində, 2022-ci il martın 1-dən 2023-cü il aprelin 26-dək Gürcüstanda Rusiya vətəndaşları ümumilikdə 474 649 kv.m torpaq sahəsi satın alıblar. Rusiya vətəndaşlarının mülkiyyətində olan bina və tikililəri olmayan torpaq sahələrinin ümumi sahəsi 265,049 kv.m, bina və tikililəri olan torpaq sahələrinin ümumi sahəsi isə 209,600 kv.m-dir. Rusiya vətəndaşlarına məxsus qeydiyyatlı yaşayış mənzillərinin ümumi sahəsi 424 449 823 kv.m-təşkil edib.