Gürcüstanın səhiyyə naziri Mixeil Sarcveladze təsdiqləyib ki, Amerika Birləşmiş Ştatları Luqar Laboratoriyası və Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) bir neçə layihəsinin maliyyələşdirilməsini dayandırır. Sarcveladzenin sözlərinə görə, “söhbət, uzağı 2 milyon laridən gedir”.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Biz kifayət qədər məsuliyyətsiz bəyanatlar eşitmişik, azad və bir çox hallarda iyrənc şərhlərlə ki, guya Luqar Laboratoriyasının və Xəstəliklərə Nəzarət Mərkəzinin fəaliyyəti dayandırılır, maliyyələşdirilməsi tamamilə dayandırılır. Mən tam məsuliyyətlə bəyan edib ictimaiyyətə çatdırmaq istəyirəm ki, Luqar Laboratoriyasının və Xəstəliklərə Nəzarət Mərkəzinin bağlanması və fəaliyyətinin dayandırılmasından söhbət gedə bilməz. Həm Luqar Laboratoriyası, həm də Xəstəliklərə Nəzarət Mərkəzləri fasiləsiz fəaliyyətini davam etdirəcək.
Əslində söhbət davam edən bir neçə layihənin dayandırılmasından gedir, onların məzmunu tədqiqat fəaliyyəti, təlimlər və s. idi. Bu, hər hansı səhiyyə proqramının həyata keçirilməsinin asılı olduğu proqram və müvafiq olaraq, bu mənada sistem üçün vacib deyil.
Luqar Laboratoriyası və Xəstəliklərə Nəzarət Mərkəzləri haqqında danışarkən, 95 milyon və bu kimi astronomik rəqəmlərdən danışmırıq. Söhbət, uzağı, deyək ki, 2 milyon laridən gedə bilər. Ona görə də təbiidir ki, hər şey üçün qiymətləndirmə lazım olacaq, ola bilər ki, heç bu rəqəm də olmasın”, - Sarcveladze bu gün keçirilən brifinqdə bildirib.
Səhiyyə nazirinin sözlərinə görə, rəhbərlik etdiyi qurum yaxın günlərdə həyata keçirilən layihələri qiymətləndirəcək və vacib olan bütün layihələr həmişəki kimi davam etdiriləcək.
“Hər iki ölkə üçün qarşılıqlı maraqlı və vacib layihələrin maliyyələşdirilməsi ilə bağlı belə bir qərarın qəbul edilməsi məni çox təəssüfləndirdi. Düşünürəm ki, bu, təkcə ölkələrimiz üçün vacib layihə, ictimai səhiyyə üçün mühüm layihə deyil, həm də qlobal miqyasda səhiyyə sistemlərinin dayanıqlığını yaxşılaşdırmaq üçün planlaşdırılan bəzi təşəbbüslərdir və onların həyata keçirilməsi hamı üçün eyni dərəcədə maraqlı və vacib olmalıdır. Çox ümid edirəm ki, çox “bütün münasibətlər tez bir zamanda öz ritminə qayıdacaq”, - Mixeil Sarcveladze qeyd edib.
Rus qanununun qəbulu ilə ABŞ-dan maliyyələşmənin dayandırılması arasında hər hansı əlaqə görüb-görmədiyi ilə bağlı suala Sarcveladze cavab verib ki, obyektiv olaraq belə bir əlaqə yoxdur.
“Hesab edirəm ki, o qanunun demokratiya və ədalət baxımından heç bir problemi olmadığı kimi, eyni şəkildə bu qərarla həmin qanunvericilik aktı arasında elə bir əlaqə yoxdur”, - deyə səhiyyə naziri bildirib.
Rus qanununun qəbulundan sonra ABŞ Gürcüstanla ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayıb. İyulun 31-də dövlət katibi Entoni Blinken ABŞ-ın Gürcüstan hökumətinə birbaşa fayda verən 95 milyon dollardan çox yardımını dayandırdığını açıqlayıb. Buna səbəb, Blinkenin sözlərinə görə, hökumətin Aİ və NATO-ya üzvlük normalarına uyğun gəlməyən “antidemokratik hərəkətləri və yalan bəyanatları”dır. Luqar laboratoriyası və Milli Xəstəliklərə Nəzarət Mərkəzinin 95 milyon dolların bir hissəsini almayacağı barədə məlumatı ilkin olaraq “Formula” telekanalı yayıb.