“Biz bütün ölkələrin suverenliyinə hörmət edirik, bütün ölkələrə hörmət edirik, lakin hər şeydən çox öz ölkəmizi sevirik və buna görə də bizim hamımızın əsas borcumuz ilk növbədə öz dövlətimizin maraqlarını qorumaqdır”, - bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili səfirlər konfransının açılışında çıxışı zamanı bildirib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Bu böyük işdə sizin rolunuz, səfirlərin rolu xüsusidir: mesajımızı paytaxtlara düzgün çatdırmaq, ölkəmizin maraqlarını düzgün təmsil etmək, təəssüf ki, təkcə öz ölkəmizdən deyil, başqa ölkələrdən də gələn dezinformasiya kampaniyası ilə düzgün və effektiv mübarizə aparmaq. Biz yaxşı başa düşürük ki, bu, ölkəmizin milli maraqlarına qarşı təşkil edilmiş hücumdur. Ona görə də bu hücuma, bu dezinformasiyaya təsirli, əks cavab tədbirləri lazımdır”, - deyə baş nazir bildirib.
2022-ci ilə yekun vuran Qaribaşvili qeyd edib ki, bütün dünyanın əsas problemi Ukraynadakı müharibədir: “Rusiyanın əsassız hərbi təcavüzü bütün dünya düzənini alt-üst edib”.
“Başqa ölkələrin səfirlikləri Kiyevi tərk edərkən səfirliyimiz son dəqiqəyə kimi öz vəzifəsini yerinə yetirdi. Səfirliyimizə, Ukraynadakı səfirimizə, hər bir işçimizə təşəkkür etmək istəyirəm. Bugünkü hadisələr bizim üçün, hamı üçün böyük sınaqdır. Bizim bəyan etdiyimiz arzumuz budur ki, bu müharibə mümkün qədər tez bitsin, çünki bu müharibə təkcə Ukraynanın özünü deyil, bütün Avropanın təhlükəsizlik arxitekturasını, bölgəmizi təhdid edir və təbii ki, bu müharibə və onun nəticələri təkcə ölkəmizə deyil, bütün dünyaya təsir edəcək”, - Qaribaşvili bildirib.
Baş nazir qeyd edib ki, Gürcüstan “ukraynalı dostlara” kömək etmək üçün əlindən gələni edib və edir. Onun sözlərinə görə, müharibə başlayandan Gürcüstan 400-dən çox qətnamə və bəyanata qoşulub.
“Burada qeyd etməliyəm ki, Ukrayna hakimiyyətinin nümayəndələrindən eşitdiyimiz bəyanatları dinləmək bizim üçün əlbəttə ki, xoş olmadı. Ancaq burada qeyd etmək istərdim ki, ölkə və onların hökuməti və xalqı müharibə vəziyyətində olduğundan bu mövzuda heç bir lüzumsuz açıqlama vermək, şərh vermək istəmirik”, - deyə bildirib İrakli Qaribaşvili.
O, ilin mühüm müsbət hadisəsi kimi ölkənin Avrointeqrasiya yolunda əldə etdiyi uğurları, xüsusən də Avropa perspektivinin qəbulunu qeyd edib:
“Bizim, hamımızın gözləntisi o idi ki, ölkə namizəd statusu alacaqdı. Təəssüf ki, bu siyasi qərarın verilmədiyini hamımız çox gözəl anlayırıq. Mən həmkar dövlətlər haqqında alçaldıcı bir söz demək istəmirəm, amma siz çox yaxşı bilirsiniz ki, biz eyni islahatlar baxımından, onları həyata keçirmək baxımından Ukraynaya münasibətdə, Moldovaya münasibətdə qat-qat artıq - iki dəfə, üç dəfə irəlidəyik və idik, amma aydındır ki, hamımız bunun siyasi bir qərar olduğunu çox yaxşı başa düşürük. Açıq şəkildə bildirilirdi ki, Ukrayna müharibə şəraitində olan ölkə olduğu üçün ona namizəd statusu verilib. Moldova da müharibəyə bərabər vəziyyətdə kimi qiymətləndirilib. Belə ki, biz bu motivasiyanı çox yaxşı başa düşürük. Lakin biz dost dövlətlərimizə - Moldovaya və Ukraynaya yalnız uğurlar arzulayırıq. Biz bu ölkələrdə sülh və firavanlıq olsun istəyirik”.
Baş nazirin sözlərinə görə, “dünyada iqtisadiyyatlarında daralma, tənəzzül və gözlənilməz mühitin yaşandığı” bir vaxtda hökumətin “apardığı əsaslı, ardıcıl siyasət nəticəsində bu gün nəinki ölkədə əmin-amanlıq, sabitlik hökm sürür, həm də ikirəqəmli iqtisadi artım var”.
“Bizim qarşımızda duran əsas vəzifə müharibə nəticəsində yaranan mənfi effektləri və təsirləri azaltmaq, riskləri sığortalamaq və təhlükələri azaltmaq idi... Bu vəziyyətdə kiçik, lakin qüdrətli dövlətimiz əmin-amanlığı, firavanlığı, sabitliyi və ikirəqəmli iqtisadi artımı qoruyur” – deyə Qaribaşvili səfirlər qarşısında çıxışı zamanı qeyd edib.
Xarici İşlər Naziri İliya Darçiaşvili Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri rəhbərlərinin “Səfirlərin Konfransı 2022” illik toplantısını açıb. Tədbirdə baş nazirlə yanaşı, parlamentin sədri Şalva Papuaşvili də çıxış edib. Gürcüstan prezidenti Salome Zurabişvili konfransa gəlməyib, buna səbəb olaraq onun administrasiyası Xarici İşlər Nazirliyi tərəfindən protokol qaydalarının “kobud şəkildə pozulması”nı göstərib.