Onkoloji dərmanlara qoyulan 25 min larilik limiti ləğv edə biləcəyik - Azaraşvili

Hökumət onkoloji xəstələr üçün dərmanların maliyyələşdirilməsinin illik 25.000 lari limitini ləğv etməyi planlaşdırır. Bu haqda Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili bu gün parlamentdə çıxışı zamanı bildirib.

Azaraşvilinin sözlərinə görə, nazirlik bahalı onkoloji dərmanlarla bağlı istehsalçılarla birbaşa danışıqlar aparır.

“Keçən həftə mənim müavinim müvafiq qrupla birlikdə artıq iki tanınmış istehsalçı ilə İsveçrədə idi. Birbaşa danışıqlar əsasında gələn aydan bu şirkətlərlə müqavilələrimiz olacaq və dövlət, bizim hesablamalarımıza görə, onkoloji dərmanlara ödənilən qiymətin 40-50 faizinə qənaət edəcək.

Müvafiq olaraq, onkoloji dərmanlara qoyulan 25 000 lari limitini dərmanların bir hissəsi üçün ləğv etmək və vətəndaşlarımızın lazımi dərman preparatları ilə tam təmin etmək imkanımız olacaq”, - deyə Azaraşvili bildirib.

Səhiyyə naziri uşaq onkologiyası barədə də danışıb. Onun sözlərinə görə, artıq layihəyə başlanılıb və bu layihə çərçivəsində 18 yaşınadək 300-ə yaxın uşağın dünyanın müxtəlif klinikalarında diaqnostika və müalicəsinin maliyyələşdirilməsi nəzərdə tutulub: “Hətta onlara İspaniyada keçəcəkləri  proton terapiyası da təklif edəcəyik. Bu xidmət Respublika Xəstəxanasına tam inteqrasiya olunduqdan sonra, Gürcüstanda, Kutaisidə də proton terapiyası imkanımız olacaq və müalicəni artıq burada davam etdirəcəklər”.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur