Rusiya prezident seçkilərinin yekun nəticələrinin açıqlanmasından sonra Macarıstanın baş naziri Viktor Orban Vladimir Putini yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Aİ ölkələrinin liderləri arasında bunu edən yeganə şəxs Orbandır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“RTL” teleşirkətinin məlumatına görə, Putinə göndərdiyi məktubda Orban yazır ki, Macarıstanla Rusiya arasında əməkdaşlığın qarşılıqlı hörmətə əsaslanmasından şaddır və bu, hətta bugünkü çox çətin geosiyasi vəziyyətdə də mühüm məsələləri müzakirə etməyə imkan verir. O, həmçinin qeyd edir ki, Macarıstan sülh tərəfdarıdır.
“Biz əminik ki, dialoqun davam etdirilməsi sülhün mümkün qədər tez bərqərar olması üçün əsas şərtdir”, - Macarıstanın baş naziri yazıb.
Viktor Orban Vladimir Putini əmin edir ki, Macarıstan beynəlxalq hüquqla məhdudlaşdırılmayan sahələrdə ölkələr arasında əməkdaşlığı genişləndirməyə hazırdır.
Rusiyada prezident seçkiləri martın 15-17-də keçirilib. Gürcüstan və Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində də seçki məntəqələri açılıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Putin 87,28% səs toplayıb ki, bu da ona daha 6 il vəzifədə qalmağa imkan verir.
Nəticələr yekunlaşdıqdan sonra Putini qələbə münasibətilə Asiya, Afrika və Latın Amerikası ölkələri, o cümlədən Çin, İran, Misir, Venesuela, Türkiyə, Özbəkistan, Serbiya və Belarus prezidentləri, həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan, Hindistanın baş naziri Narendra Modi, Şimali Koreya lideri Kim Çen İn, Roma Papası Fransisk və “Həmas” lideri İsmayıl Haniyə təbrik edib.
Qərb ölkələrinin hökumətləri və liderləri uydurma prezident seçkilərini pisləyiblər. Martın 15-də, seçkilərin ilk günü Avropa Şurasının prezidenti Şarl Mişel “X” sosial şəbəkəsində istehza ilə yazıb: “Mən Vladimir Putini bu gün başlayacaq seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etmək istəyirəm. Müxalifət yox. Azadlıq yox. Seçim yox”. Aİ-nin xarici işlər üzrə komissarı Cozef Borel deyib ki, seçkilər “ciddi məhdudiyyətlər altında keçirilib” və bir çox namizədlərin, o cümlədən müharibəyə qarşı olanlar;n seçkilərdə iştirak etməsinə icazə verilməyib.
Müstəqil tədqiqatçı İvan Şuşkinin qiymətləndirməsinə görə, prezident seçkilərində Vladimir Putinin lehinə 22 milyona yaxın səs saxtalaşdırılıb, “Novaya Qazeta” nəşri isə Rusiya prezidentinin azı 31,6 milyon səsi, yəni səslərin təxminən yarısını saxtakarlıq yolu ilə əldə etdiyini yazır. Məqalədə oxuyuruq ki, “bu, Rusiya prezident seçkilərində səslərin saxtalaşdırılmasının rekord miqyasıdır”.