Parlament 3 hakimi ömürlük Ali Məhkəməyə seçib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament Ali Ədliyyə Şurası tərəfindən irəli sürülmüş hər üç namizədin - Qizo Ubilava, Badri Şonia və Qoça Ceiranaşvilinin Ali Məhkəməyə ömürlük təyin olunmasını dəstəkləyib. Qizo Ubilava bu gündən səlahiyyətlərinin icrasına başlayacaq və o, Aleksandre Tsuladzenin yerini tutacaq.

“Gürcüstanın Ali Məhkəməsinin bir üzvünün postu bu günə kimi boşdur, iki vəzifə isə 18 oktyabr 2024-cü ildən vakant olacaq. Hüquq Məsələləri Komitəsi bunu müzakirə edib və yekunda əlifba sırası ilə təqdim olunan namizədlərə səs verməyi təklif edib. Birinci seçiləcək namizəd sərəncamın qəbulundan dərhal sonra, digər iki namizəd isə 2024-cü il oktyabrın 18-dən Ali Məhkəmənin üzvü vəzifəsinə təyin ediləcək”, - deyə parlamentin sədri Şalva Papuaşvili səsvermədən əvvəl bildirib.

Səsvermədə iştirak etmək üçün 83 deputat qeydiyyatdan keçib. Qizo Ubilavanı 80 deputat, Badri Şonia və Qoça Ceiranaşvilini isə 78 deputat dəstəkləyib. Müxalifət prosesdə iştirak etməyib.

Bir neçə gün əvvəl Hüquq Məsələləri Komitəsində keçirilən prosesdə indiyə qədər Tbilisi Şəhər Məhkəməsinin Cinayət Məcəlləsi Kollegiyasının ömürlük hakimi olan Qizo Ubilava bildirib ki, məhkəmədə heç bir nüfuzlu qrup, “klan” yoxdur. Tbilisi Şəhər Məhkəməsinin İnzibati İşlər Kollegiyasının sədri Badri Şonia məhkəmənin üzləşdiyi “bir nömrəli problem” kimi “məhkəmə hakimiyyətinin “klan” tərəfindən idarə olunması təbliğatını adlandırıb.

Qeyri-hökumət təşkilatı “Gürcüstanın Məhkəmə Gözətçisi” Qizo Ubilava, Badri Şonia və Qoça Ceiranaşvilinin seçilməsini tənqidi qiymətləndirir və bildirir ki, bu “Gürcü Arzusu” Ali Məhkəmənin ömürlük təyin olunmalarını istədiyi hakimlərlə komplektləşdirilməsi prosesini faktiki olaraq başa çatdırıb.

“Aİ-yə namizəd statusu ilə yanaşı, Gürcüstan üçün qoyulan şərtlərdən biri də ədliyyə sistemində islahatlara aiddir, onun çərçivəsində məhkəmədə rəhbər vəzifələrdə olan şəxslərin dürüstlüyünün yoxlanılması üçün beynəlxalq mütəxəssislərin iştirakı ilə fövqəladə mexanizm yaradılmalıdır. Lakin “Gürcü Arzusu” nəinki hakimlərin dürüstlüyünün yoxlanılması mexanizminin yaradılması üzərində işə başlamadı, hətta baş nazir və parlamentin sədri məsələni qapalı elan etdilər. Bu, məhkəmə sistemini gələcək hərtərəfli islahatlar perspektivindən məhrum edir.

“Bu gün hökumətin dürüstlüyün yoxlanılması mexanizmini yaratmaqdan imtina etdiyi bir şəraitdə parlament tərəfindən nüfuzlu hakimlər qrupuna sadiq üç hakimin nahaq yerə məhkəmənin ali instansiyasına seçilməsi Gürcüstanı Avropa İttifaqından uzaqlaşdırır”, - “Məhkəmə Gözətçisi”nin bəyanatında deyilir.

Ali Məhkəmə 28 hakimdən ibarətdir. Oktyabrda Nino Bakakuri və Zurab Samabaşvilinin səlahiyyət müddəti başa çatacaq.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur