Parlament "agentlər haqqında" Rus qanununu ləğv etdi

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Minlərlə insanların iştirak etdiyi etirazların nəticəsi olaraq parlament çoxluğu “xarici təsir agentləri” haqqında Rus qanununu rədd edərək, 35 əleyhinə bir lehinə səslə ikinci dinləmədə ləğv edib. Qanunun lehinə səs verən yeganə deputat “Gürcü arzusu” Siyasi Şurasının üzvü, partiyanın regional katibi Dimitri Samxaradzedir.

Parlament çoxluğunun lideri və hakim partiyanın sədri İrakli Kobaxidze səsvermə başa çatdıqdan sonra qanun layihəsinin müxtəlif aspektlərdə mühüm iş gördüyünü bildirib və onun təşəbbüskarlarına təşəkkür edib.

“Birincisi, hamı etiraf etdi ki, kimin agenti olmağından asılı olmayaraq, agentlik çətin işdir. Bu, bu qanun layihəsinin ilk nailiyyətidir. İkincisi - o insanların, daha doğrusu, səhnədən hökumətin istefasını tələb etmək kimi, QHT-nin işi olmayan, eləcə də saxtalaşdırılmamış seçkini saxtalaşdırılmış elan edən, kilsəyə söyən, LGBT təbliğatı aparan, qondarma Cənubi Osetiya sərhədində təxribatlar təşkil edən qeyri hökümət təşkilatlarının qeyri-dövlət işlərlə məşğul olduğunu hər kəs anladı. Bu təşkilatlar əslində agentləri deyil, qeyri-gürcü xalqlarının agentləridir. Bu, bu qanun layihəsinin Gürcüstan ictimaiyyəti ilə çox açıq və aydın şəkildə bölüşdüyü ikinci məlumatdır. Bu qanun layihəsinin üçüncü mühüm mesajı isə budur ki, Bakuriani planı heç vaxt həyata keçirilməyəcək, yəni Gürcüstanda “Vahid Milli Hərəkat”ı NGO-ların köməyi ilə heç kim hakimiyyətə qaytarmayacaq.

Buna görə bu qanun layihəsi təşəbbüsünü irəli sürən “Xalq Gücü” nə və mən bu qanun layihəsini birinci oxunuşda dəstəkləyən hər bir millət vəkilinə təşəkkürümü bildirirəm. “Biz prinsipial qərar qəbul etdik, çox şey haqqında hesabat verdik və bu gün parlamentdə bu qərar imzalandı”, - Kobaxidze jurnalistlərə deyib.

Müxalifət deputatlarının fikrincə, son hadisələr “Gürcü arzusu”nun gürcü xalqının iradəsinə zidd getməməsi ilə bağlı xəbərdarlıqdır.

“Gürcü arzusu” martın 7-də 78 deputatın dəstəyi ilə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanun layihəsi maliyyə gəlirinin 20%-dən çoxu xaricdən olan media qurumları və qeyri-hökumət təşkilatlarını “agent” kimi qeydiyyatdan keçirməyə məcbur edirdi. Ədliyyə Nazirliyinə media qurumları və qeyri-hökumət təşkilatlarını yoxlamaq, şəxsi məlumatların emalı və 25 min lari cərimə etmək səlahiyyəti verilirdi. Qanun layihəsində bu qanunu pozan şəxsin 5 il müddətinə azadlıqdan məhrum edilməsi nəzərdə tutulurdu.

Rusiya Federasiyasında “Xarici agentlər” haqqında qanun 2012-ci ildən qüvvədədir və müstəqil medianı, vətəndaş cəmiyyətini və müxalifəti susdurmaq üçün istifadə olunur. 2022-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, sözügedən qanun Avropa Konvensiyasının 11-ci maddəsi ilə qorunan birləşmək hüququnu pozur. Məhkəmə beynəlxalq və ya xarici mənbələrdən maliyyə alan təşkilatlara xüsusi status və hüquqi rejim yaradılmasının əsaslı olmadığını və məhdudiyyətlərin onların qanuni funksiyalarına müdaxilə olduğunu bildirib.

Martın 7-8-də Rus qanununun qəbuluna qarşı Tbilisinin Rustaveli prospektində bir neçə min nəfərin iştirak etdiy etiraz aksiyaları keçirilib. Hər iki aksiya Daxili İşlər Nazirliyi tərəfindən xüsusi təyinatlılar vasitəsilə dağıdılıb. Hökumət dinc nümayişçilərə qarşı gözyaşardıcı qaz, su şırnaqları və digər vasitələrdən kütləvi şəkildə istifadə edib. Xüsusi təyinatlıların əməkdaşları aksiya iştirakçılarına fiziki təzyiq göstəriblər. Martın 8-nə keçən gecə aksiya iştirakçılarını amansızcasına dağıtdıqdan sonra nümayişçilərlə xüsusi təyinatlılar arasında qarşıdurma yaşanıb. Nümayişçilər onların maşınlarına daş atıblar. Parlamentin yaxınlığındakı küçələrdə polis maşınları zədələyərək yandırıb, parlament binasının şüşələri sındırıblar. Daxili İşlər Nazirliyi iki gündə 134 aksiya iştirakçısını həbs edib.

Martın 9-da səhər saatlarında “Gürcü arzusu” qanun layihəsini geri götürəcəyini bəyan edib. Dünən parlament binası yaxınlığında daha bir çoxminlik etiraz aksiyası keçirilib. Nümayişçilər parlamentin dərhal toplanmasını və qanunun rəsmi şəkildə ləğv edilməsini, Daxili İşlər Nazirliyindən isə bütün məhbusların azad edilməsini tələb ediblər. Dünən Daxili İşlər Nazirliyi inzibati qaydada saxlanılan 133 nəfərin azadlığa buraxıldığını, ancaq işlərinə məhkəmədə bxılacağını açıqlayıb.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur