Parlament Ali Ədliyyə Şurasına 3 hakim olmayan üzv seçib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlament gizli səsvermə yolu ilə Gürcüstan Ali Ədliyyə Şurasının hakim olmayan beş üzvündən üçünü seçib. Tristan Benaşvili və Zurab Quraspaşvilinin namizədliyini 93 deputat dəstəkləyib, Qiorqi Qzobava isə 91 səs toplayıb. Qalan iki vakant yerin doldurulması üçün təkrar səsvermə keçiriləcək.

Şərqi Avropa Universiteti və “Gürcüstan Müəllif Hüquqları Assosiasiyası” tərəfindən Ali Ədliyyə Şurasının üzvlüyünə namizəd kimi irəli sürülən Tristan Benaşvili hüquq sahəsi üzrə mütəxəssisdir. Zurab Quraspaşvili Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin istintaq şöbəsinin rəisi vəzifəsini tutur. Onun həyat yoldaşı Tamar Bliadze Tbilisi Apellyasiya Məhkəməsində hakim köməkçisidir. Quraspaşvilinin namizədliyi “Vətəndaş İnkişaf Cəmiyyəti” və “İctimai Proqramlaşdırma Fondu” tərəfindən irəli sürülüb. Qiorqi Qzobava vəkildir və Gürcüstan Vəkillər Assosiyasiyasının üzvüdür. O, “Gənc Hüquqşünaslar” və “Azad İnkişafı Müdafiə Assosiasiyası” tərəfindən Ali Ədliyyə Şurasının üzvlüyünə namizəd kimi irəli sürülüb.

Parlament Ali Ədliyyə Şurasının hakim olmayan 5 üzvünü tam tərkibin ən azı beşdə üç (90 deputat) səs çoxluğu ilə seçir.“Gürcü Arzusu” və çoxluğa daxil olan “Xalqın Gücü” 84, “Gürcü Arzusu” təşəbbüslərini tez-tez dəstəkləyən “Avropa sosialistləri” siyasi qrupu isə 4 səsə malikdir. Gizli səsvermənin nəticələri göstərib ki, Ali Ədliyyə Şurasının üzvlüyünə namizədlərə  digər müxalifət deputatları da səs veriblər.

“Lelo”nun üzvü Ana Natsvlişvilinin qiymətləndirməsinə görə, “Klan”ın müdafiəsi üçün Ali Ədliyyə Şurasına adamlar cəlb etmək üçün müxalifətin bir neçə nümayəndəsi satılıb və gizli şəkildə, bağlı qapılar arxasında “Gürcü Arzusu” ilə sövdələşib.

“Ali Ədliyyə Şurasının üzvlərinin seçilməsi Aİ-nin tövsiyələrinin həyata keçirilməsində ən mühüm məsələlərdən biridir və bu, konsensus tələb edir”. Əks halda, o tamamlanmış hesab edilməyəcək. Bu, siyasi konsensus deyil. Bu, “Gürcü Arzusu”nun bir neçə müxalifətçi ilə etdiyi gizli sövdələşmədir”, – Ana Natsvilişvili etiraz əlaməti olaraq müxalifətin böyük bir hissəsi ilə iclas zalını tərk etdikdən sonra deyib.

“Vahid Milli Hərəkat” nümayəndələrinin sözlərinə görə, Ali Ədliyyə Şurasının üzvlərini onların fraksiyasının deputatları – Nika Maçutadze, Baçuki Kardava, Nato və Rostom Çxeidze də dəstəkləyib.

“Bu bir faktdır ki, bu gün müxalifətin bu prosesə müdaxilə etmək, klan üzvlərinin şuraya üzv olmasının qarşısını almaq imkanı olduğu bir vaxtda Ali Ədliyyə Şurasının üzvləri müxalifətin iştirakı ilə seçilib. Fraksiyamızı da təmsil edən bu şəxslər barədə rəy bildirmək mənim üçün asan deyil. Mənim mövqeyim ondan ibarətdir ki, bu insanlar siyasi məsuliyyəti öz üzərinə götürməlidirlər, mən onların yerini  bizim fraksiyada görmürəm”, - Vahid Milli Hərəkatın üzvü Ani Tsitlidze bildirib.

Parlamentdə baş verənləri qeyri-hökumət təşkilatları da dəyərləndirib. “Müstəqil və Şəffaf Ədalət Koalisiyası” üzvlərinin fikrincə, hakim partiya ədliyyə sistemində klan idarəçiliyinin gücləndirilməsi üçün hər şeyi edir.

“Çox təəssüfləndirici haldır ki, bəzi müxalifət partiyaları “Gürcü Arzusu”na ədalətin və cəmiyyətin mənafeyinə zidd olan bu qərarların qəbuluna kömək edib, bu namizədləri dəstəkləyiblər. Biz koalisiya olaraq rəqabəti və namizədlərlə müsahibələri müşahidə edirdik. Bir şey aydındır - bu namizədlər şuraya tənqidi mövqelərinə görə yox, əksinə loyallıqlarına görə seçiliblər. Ona görə də bizim, bu kadr dəyişikliklərinin Ali Ədliyyə Şurasının fəaliyyətinə ciddi təsir göstərəcəyi barədə gözləntimiz yoxdur, əksinə mövcud nöqsanlar və problemlər güclənəcək”, - deyə “Sosial Ədalət Mərkəzi”nin ədliyyə proqramının koordinatoru Quram İmnadze bildirib. 

Bu gün keçirilən plenar iclasda Ali Ədliyyə Şurasının üzvlüyünə 29 namizədə səs verilib. Parlamentin sədri Şalva Papuaşvili izah edib ki, qalan iki vakant yeri tutmaq üçün yalnız birinci səsvermə zamanı digərlərindən daha yaxşı nəticə göstərən namizədlərə yenidən səs verəcəklər. Bunlar arasında Rusudan Kvinikadze (89 səs), Qoqa Kikilaşvili (89 səs), Levan Nemsadze (88 səs) və Nino Nişnianidzenin (87 səs) var.

Ali Ədliyyə Şurası 15 üzvdən ibarətdir. Səkkiz üzvü ümumi məhkəmələrin hakimlərinin özünüidarə orqanı - Hakimlər Konfransı, beş üzv Parlament, bir üzv isə Prezident tərəfindən seçilir. 15-ci üzv isə Ali Məhkəmənin sədridir, o, həm də Ali Ədliyyə Şurasına rəhbərlik edir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur