Parlamentin Hüquq Komitəsi rus qanununu ikinci oxunuşda dəstəkləyib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Parlamentin hüquq məsələləri komitəsi təxminən on saatlıq müzakirədən sonra rus qanununu ikinci oxunuşda da dəstəkləyib. “Hüquq komitəsi qeyd olunan qanun layihəsini dəstəkləyir və onun qəbul edilməsini məqsədəuyğun hesab edir”, - gün ərzində 14 müxalifətçi deputatı komitədən qovub, onların mikrofonlarını söndürən və onlara çıxışlarını bitirməyə imkan verməyən komitə sədri Anri Oxanaşvili bildirib.

Oxanaşvili rus qanununun müzakirəsindən Qiorqi Vaşadze, Levan Bejaşvili, Salome Samadashvili, Tamar Kordzaia, Tamar Çarkviani, Ketevan Turazashvili, Ana Tsitlidze, Levan Xabeishvili, Davit Kajishvili, Qiorqi Qodabrelidze, Xatia Dekanoidze Tina Bokuçava və Nika Dekanoidzeni ixrac edib. Deputatlar İaqo Xviçia, Ana Natsvlişvili, Paata Mancqaladze və Davit Usupaşvili etiraz əlaməti olaraq iclası tərk ediblər.

“Qanun yox, qanun layihəsi olan bir şəraitdə bu gün hansı üsullardan, repressiv üsullardan istifadə edirsiniz, bu məhz, bu qanunun nəyə lazım olduğunu göstərir. Bu parlament iclası deyil, demokratik müzakirə də deyil. Çox yaxşı ki, hər şey həll olundu, çünki dövlətə xəyanətlə bağlı ittihama sizin burada verdiyiniz ifadələr lazım olacaq”, - “Lelo”nun üzvü Ana Natsvlişvili iclası tərk etməzdən əvvəl bildirib.

“Qirçi”nin üzvü İaqo Xviçianın sözlərinə görə, iclas saxta olub və hətta texniki baxımdan qanunu ikinci oxunuşda qəbul edilmiş hesab etmək olmaz. “Bu, qaydaları pozmaqla qəbul edilmiş qanundur, onun müzakirəsinə əhalinin nümayəndələri cəlb olunmayıb”, - Xviçia bildirib.

Anri Oxanaşvili qeyri-hökumət təşkilatlarının bir neçə nümayəndəsini, o cümlədən rus qanununun bütün maddələrinin problemli olduğunu və ölkədə demokratiyanı sarsıdacağını hesab edən regional yayımçılar assosiasiyasının direktoru Natia Kupraşvili və “Beynəlxalq Şəffaflıq - Gürcüstan”ın parlament katibi Lika Sajaianı komitədən qovub.

3 aprel 2024-cü ildə “Gürcü Arzusu” bir il əvvəl minlərlə insanın iştirak etdiyi aksiya nəticəsində geri götürülən “xarici agentlər” haqqında rus qanunu bir daha qəbul etməyəcəyinə söz verməsinə baxmayaraq onu təkrardan irəli sürüb. Rus qanunu beynəlxalq təşkilatların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarının xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir. Aprelin 17-də parlamentin 83 üzvü birinci oxunuşda rus qanununu dəstəkləyib, bu gün, aprelin 29-da isə qanuna ikinci oxunuşda Hüquq Məsələləri Komitəsində baxılır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur