Pasxa münasibəti ilə Axalqori və Cava sakinləri üçün qondarma buraxılma məntəqələri açılacaq

Rusiya tərəfindən işğal olunmuş Cxinvali vilayətinin Axalqori və Cava rayonlarının əhalisi üçün Pasxa bayramı münasibəti ilə aprelin 14-18-də qondarma keçid məntəqələri açılacaq.

Qondarma prezident Alan Qaqloyevin də iştirak etdiyi de-fakto Təhlükəsizlik Şurasının bugünkü iclasında qərara alınıb ki, işğal olunmuş rayonların sakinləri aprelin 14-ü cümə günü səhər saat 8-dən “Razdaxan” (Odzii/Mosabruni) və “Pereu” (Perevi) keçid məntəqələri vasitəsilə de-fakto sərhədi keçə biləcəklər. Aprelin 18-i saat 20:00-dan etibarən hərəkət yenidən məhdudlaşdırılacaq.

Yerli medianın məlumatına görə, de-fakto Cənubi Osetiya Respublikasının hüquq-mühafizə orqanları Pasxa bayramı dövründə gücləndirilmiş iş rejimində çalışacaq.

2022-ci ilin avqustunda qəbul edilən qərara əsasən, “Razdaxan” və “Pereu” keçidləri hər ayın 20-dən 30-na kimi fəaliyyət göstərir. Onadək, demək olar ki, üç il ərzində işğal olunmuş Cxinvali istiqamətində hərəkət qadağan idi.

Qondarma sərhədi keçmək üçün de-fakto hökumət tərəfindən verilmiş pasport/doğum haqqında şəhadətnamə və ya qondarma Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi buraxılış sənədinin olması lazımdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur