Polis Tbilisinin Kekelidze küçəsinin №1-də yerləşən yaşayış mənzilindən ailənin çıxarılması prosesi zamanı 20 nəfəri saxlayıb. Onlardan ikisi Milli İcra Bürosunun avtomobilinə ziyan vurmaqda, 18-i isə polis əməkdaşının qanuni tələbinə tabe olmamaqda və ictimai asayişi pozmaqda ittiham olunur.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Daxili İşlər Nazirliyinin bəyanatına görə, toplaşan vətəndaşlar İcra Hakimiyyətinin Milli Bürosunun əməkdaşlarına fiziki müqavimət göstərib, icra prosesinin həyata keçirilməsinə imkan verməyiblər.
“Polisin vətəndaşların etiraz aksiyasını dinc şəkildə keçirmək üçün çoxsaylı çağırışlarına baxmayaraq, toplaşan kəslər asayiş keşikçilərini fiziki və şifahi şəkildə təhqir edib, sprey şəklində xüsusi vasitədən istifadə ediblər. Həmçinin yaşayış mənzilinin pəncərəsindən polis əməkdaşlarına müxtəlif əşyalar atılıb”, - Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Nazirlikdən verilən məlumata görə, çıxarılma prosesi zamanı polis əməkdaşına, xüsusi penitensiar xidmətin əməkdaşına və ya hökumətin digər nümayəndəsinə müqavimət göstərmə və ictimai asayişin qorunmasına mane olma faktı ilə bağlı Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə cinayət işi başlanılıb.
“Yerdə toplaşmış vətəndaşlar Milli İcra Bürosuna məxsus avtomobilə qəsdən ziyan vurublar ki, bu da Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “c” bəndini, yəni obyektə qrup şəklində zərər vurmanı nəzərdə tutur. Qeyd olunan faktla bağlı 2 nəfər saxlanılıb və istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Evdən çıxarılma prosesi zamanı polis əməkdaşının qanuni tələbinə tabe olmamama və ictimai asayişi pozma faktı ilə bağlı da 18 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən inzibati qaydada saxlanılıb.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi və barələrində müvafiq qanuni tədbirlərin görülməsi məqsədilə bütün müvafiq istintaq və prosessual tədbirlər həyata keçirilir”, - nazirlikdən bildirilib.
Bu gün, yanvarın 23-də, səhər saatlarında Milli İcra Bürosunun əməkdaşları Xatiaşvili ailəsini Kekelidze №1-də yerləşən mənzildən çıxarmağa başlayıblar ki, bu da hadisə yerinə toplaşan vətəndaşların etirazına səbəb olub. Onlar binanın girişinin dəmir qapısını möhürləsələr də, mühafizə polisinin nümayəndələri patrul polisi və fövqəladə hallar idarəsinin əməkdaşlarının köməkliyi ilə qapını açıb və mənzilə daxil ola biliblər, bundan sonra ailə və onların tərəfdarlarını mənzildən zor gücü ilə çıxıblar.
Məcburi çıxarılma zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri deyir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları mənzilə daxil olduqdan sonra gözyaşardıcı qazdan istifadə ediblər. İcra Bürosu bunu təkzib edir və bildirir ki, “əksinə, mənzildə olan şəxslər guya prosesi pozmaq üçün xilasetmə xidmətinə və icra polisinə qarşı bibər qazından istifadə ediblər və bu zaman bir neçə polis əməkdaşı xəsarət alıb”.
Polislər öz peşə öhdəliyini yerinə yetirən jurnalistlərə də fiziki təzyiq göstəriblər. “Dağ Xəbərləri” və “Gürcüstan Xəbərləri” nəşrlərinin redaktoru Qela Mtivlişvili saxlanılıb və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 173-cü, yəni hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmamaq maddəsini pozmaqda ittihamı irəli sürülüb. Jurnalist polisə müqavimət göstərdiyini inkar edir. Onun sözlərinə görə, saxlanıldıqdan sonra ona qarşı zorakılıq tətbiq edilib və kriminal polis əməkdaşları maşında onun boynunu sıxıblar.
Mənzilin keçmiş sahibi, ipotekadan zərər çəkən Marina Xatiaşvili deyir ki, o, pulu 2008-ci ildə “Gürcüstan Bankı”ndan kredit olaraq götürüb, lakin 2013-cü ildə ödəmənin ay yarım gecikməsinə görə iş məhkəməyə verilib və bank işçisi onu şəxsi ipotekaçılara yönləndirib. Sonda Xatiaşvili ailəsi “Gürcüstan Bankı”na 20 min ABŞ dolları məbləğində 10 illik kredit üçün 5 il ərzində 43 min dollar, özəl ipoteka götürənlərə isə ümumilikdə 80 min dollar ödəyib. İcra Bürosu ötən illər ərzində bir neçə dəfə ailəni evdən çıxarmağa cəhd edib.
Yanvarın 24-də Şalva Dadiani küçəsində, yanvarın 26-da isə Zandukeli küçəsində evlərdən çıxarılmalar planlaşdırılır.