“Tbilisi Pride” təşkilatının rəhbəri Mariam Kvaratsxelia hesab edir ki, iyulun 8-də festivala hücum və onun dağıdılması Daxili İşlər Nazirliyi ilə zorakı qruplar arasında kordinasiyalı çəkildə baş verib. Zorakı və homofob qrupların ictimaiyyətə verdiyi açıqlamalardan, onların nəyin bahasına olursa olsun festivalı dağıtmağı planlaşdırdıqları əvvəlcədən məlum idi. Tbilisidə, festivalın keçirilməli olduğu Lisi gölünün yaxınlığında, nazirlik toplaşmaq və ifadə azadlığını qorumaq və zorakılığın qarşısını almaqdan daha çox, nümayiş üçün də olsa, yüzlərlə polisi toplayıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“Prayd Festivalı” günü
Festival hasarlanmış ərazidə keçirilməli idi. Yalnız təşkilatçılar tərəfindən dəvət olunmuş və ya əvvəlcədən qeydiyyatdan keçmiş şəxslər iştirak edə bilərdi.
“Prayd Festival”ına hazırlaşırıq”. Hazırda rəssamlar, çox məşhur qruplar məşq edir, dekorasiyalar hazırlayırıq, qonaqları, o cümlədən səfirləri, beynəlxalq təşkilatları, aktivistləri, hüquq müdafiəçilərini gözləyirik. Bu festivala təkcə LGBT fərdlər deyil, bu ölkədə demokratiya, Avropaya inteqrasiya, bərabərlik, azlıqların vəziyyətini vacib hesab edən hər kəs gəlir. Bir neçə aydır ki, Daxili İşlər Nazirliyi ilə işləyirik. Onlar tədbiri qoruyurlar, çoxlu polis səfərbər olunub”, - deyə Mariam Kvaratsxeliya festivalın başlamasına bir neçə saat qalmış açıqlama verib. Daxili İşlər Nazirliyi tədbirin təşkilatçılarına möhkəm təhlükəsizlik zəmanəti verib. İyulun 7-də yaydığı bəyanatda da qurum tədbirin təhlükəsiz formatda keçirilməsi, eləcə də hər bir şəxsin ifadə və sərbəst toplaşma azadlığının qorunması üçün “bütün lazımi tədbirləri” görəcəyini yazıb.
Festival saat 16:00-da başlamalı idi. Dörd saat əvvəl rusiyayönümlü və zorakı partiya olan “Alt-İnfo/Mühafizəkarlar Hərəkatı” və “Gürcü Arzusu”nun keçmiş üzvü Vato Şakarişvilinin çağırışı və təşkilatçılığı ilə vətəndaşlar və Pravoslav Kilsəsinin din xadimləri Vaja-Pşavela prospektində toplaşmağa başlayıblar. Onların arasında festivala toplaşan insanları dağıtmaq üçün toplaşan insanlara xeyir-dua verən Sxalti baş yepiskopu Spiridon və arxiyepiskop Spiridon Tskipurishvili də olub.
“Bizim vəzifəmiz heç bir səbəb olmadan ora qədər qalxmaqdır. Orada bütün ərazini nəzarət altına alacağıq. Nələrsə keçirmək istədikləri ərazini biz, insanlra mühasirə alacağıq!”, -“Alt-İnfo”nun liderlərindən biri olan Zurab Maxaradze aksiya iştirakçılarına müraciət edib, bundan sonra onlar Lisi gölünə doğru yürüşə başlayıblar. Maxaradze tərəfdarlara iki qrupa bölünərək müxtəlif tərəflərə getmək əmri verib.
“Biz sol tərəfdən blokada quracağıq. Həmin əraziyə gedən hər üç yol bağlanacaq. Oraya heç kim girə bilməz, orada kimsə varsa, çıxaracağıq, çünki saat 4-də orada heç bir festival keçirilə bilməz”, - “Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun sədri Qiorqi Kardava bildirib.
Radikal qruplar asanlıqla festival ərazisinə çatıblar. Polisdə gözlənilən zorakılığın qarşısını almaq üçün nə lazımi avadanlıq, nə də lazımi təchizat olub.
Üstəlik, bəzi hallarda hətta cinayəti törədənlərin niyyəti və davranışlarına qarşı həmrəylik də nümayiş etdiriblər. Videolardan birində Daxili İşlər Nazirliyinin maskalı əməkdaşının zorakı aksiya iştirakçısını necə qarşılaması və qucaqlaması əks olunub.
Təxliyyə və festivalın dağıdılması
Zorakı qruplar festival ərazisinə hücum edən kimi polis onların təhlükəsizliklərini qorumaq bəhanəsi ilə “Prayd” təşkilatçılarını və könüllüləri əvvəlcədən səfərbər olunmuş mikroavtobusa mindirib. “Tbilisi Prayd” təşkilatının rəhbəri Ana Subelianinin sözlərinə görə, polis zorakıların yolunu özü açıb, süni şəkildə, insan kütləsinə nəzarət edə bilmədiyi təəssüratı yaradıb və faktiki olaraq onları mikroavtobus taksisinə minməyə məcbur edib.
“Birdən hay-küy qopdu, müəyyən əşyalar atıldı, əməkdaşlarımdan birinə ağır bir şey atıldı və təsadüfən sağ qaldı ki, başına dəymədi. O, polisin [cinayətkarlara] içəri girmələri üçün necə işarə etiyini öz gözləri ilə gördü. Əraziyə daxil etdilər, qəfil panika saldılar və faktiki olaraq bizi bu “marşutlara” minməyə məcbur etdilər. Sonra bizi meşəyə apardılar. Qarşımızda gedən polis maşını saxladı, onlar mikroavtobus sürücüsünü saxlayıb, bu adamları düşür deyirdi. Bu, məskunlaşılmamış bir yerdə olurdu, heç bilmirəm hara idi. Bizdən təxliyyə edilmiş insanların ora gəlməsini istədilər. Dalaşmaq və qışqırmaq məcburiyyətində qaldıq, nəticədə onlar bizi daha təhlükəsiz yerə aparmağa məcbur oldular”, - Subeliani deyir.
Festivalın təşkilatçıları mikroavtobusdan açıqlama yayıb: “Biz ərazini tərk etməli olduq. Polis ərazini qoruya bilmədi”. Onlar festivalı qonaqlarına Lisi ərazisinə gəlməmək barədə xəbərdarlıq ediblər.
Hücumdan sonra bir neçə yüz adam ərazini dağıdıb. Onlar LGBTQ+ hərəkatının, Avropa İttifaqının və Ukraynanın bayraqlarını yandırıb, ərazidə yerləşən piştaxtaları dağıdıb, festivalın səhnə dekorasiyalarını zədələyib, müxtəlif əşyalar və içkilər oğurlayıblar.
Daxili İşlər Nazirliyinin özünə haqq qazandırması və festival təşkilatçılarının cavabı
Zorakı qrupların nümayəndələri “Alt İnfo” tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirərək festivalın keçirildiyi ərazini tamamilə zəbt etdikdən sonra daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze mediaya açıqlama verib. O, polisin hər bir insanın həyat və sağlamlığını qorumaq üçün əlindən gələni etdiyini deyib, lakin dövlətin iyulun 8-də də qorumadığı, konstitusiya huquqları olan toplaşmaq və ifadə hüquqları barədə heç nə deməyib.
“Səhər saatlarından etibarən Daxili İşlər Nazirliyinin müvafiq bölmələri - Xüsusi Təyinatlılar İdarəsi, Tbilisi şəhər polisi, Patrul polisi səfərbər edilib, lakin kifayət qədər çox sayda aksiya iştirakçıları gəldi. Yollarda müvafiq kordonlarımız var idi, amma bura açıq ərazi olduğu üçün etirazçılar dolama yollarla içəri girib polis kordonlarını yarmağa müvəffəq oldular. Bununla belə, biz ərazidə olan “Tbilisi Prayd” tədbirinin təşkilatçılarını və iştirakçılarını sağ-salamat ərazidən çıxara bildik, onlar heç bir xəsarət almayıb”, - Daraxvelidze bildirib.
Zorakı qruplar Vaja-Pşavela prospektindən Lisi gölü istiqamətində hərəkət edən zaman Daxili İşlər Nazirliyi niyə yolları bağlamayıb və ya onlara qarşı xüsusi vasitələr, bibər qazı və su şırnaqlarından niyə istifadə olunmayıb - məsələn, mart etirazları zamanı olunduğu kimi sualına cavab olaraq Daraxvelidze bildirib: “Bu gün bu ərazini qorumaq üçün səfərbər edilə biləcək maksimum sayda polis səfərbəl olunmuşdu, lakin bildiyiniz kimi, bütün aksiyaların - 100% təhlükəsizliyini təmin etmək və tam qorumaq qeyri-mümkündür, xüsusən də söhbət geniş bir ərazidən gedirsə. Biz hər zaman bu risklərdən danışmışıq, lakin görürsünüz ki, çoxlu sayda əks-aksiya iştirakçıları gəlib. Biz hər bir insanın həyatını və sağlamlığını qorumaq üçün əlimizdən gələni etdik”.
“Tbilisi Pride”ın rəhbəri Ana Subeliani deyir ki, festivalın təşkilatçıları və Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşları, o cümlədən Aleksandr Daraxvelidzenin iştirakı ilə bir sıra görüşlər keçirilib və Daxili İşlər Nazirliyi tədbirin harada keçirilməsinin planlaşdırıldığı barədə yaxşı məlumatlı olub.
“Hər görüşdə bu ərazi barədə necə qiymətləndirmələrinin olduğunu soruşurduq. Bütün bu görüşlər protokollaşdırılıb. Onlar vurğulayırdılar ki, bu ərazini mühafizə etmək keçən ilki festival zonasını qorumaqdandan qat-qat asandır. Yeri gəlmişkən, onu çox yaxşı qorumuşdular. Bu komponent Aleksandr Daraxvelidze ilə də razılaşdırılmışdı. O, yalançıdır.
Bütün görüşlərdə, Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, Amerika Səfirliyinin və Xalq Müdafiəçisinin nümayəndələri iştirak edirdilər və Daxili İşlər Nazirliyi “Prayd Həftəsi” çərçivəsində planlaşdırılan hər bir qapalı tədbirin qorunacağı barədə “qeyd-şərtsiz təminat” verdi.
Görüşlərin birində, bilavasitə Aleksandre Daraxvelidze bizə deyirdi ki, nəinki Tbilisidən bütün polis bölmələri çıxarılacaq, hətta Şərqi Gürcüstandan 5-6 min polis gətiriləcək və onlar bu radikal qruplaşmalara qarşı faktiki müqavimət göstərəcəklər, eskalasiya olsa, onlar robokopları, ağır texnika və su şırnaqlarını işə salacaqlar. Onlar bizə kifayət qədər yüksək səviyyəli müdafiə və səfərbərliyə zəmanət verirdilər və bizim əyani olaraq gördüyümüz kimi, onlar kifayət qədər səfərbər oldular. Onların çox sayda idilər və bu, bizə elə onların bizi həqiqətən də qoruyacaqları təəsüratı yaradırdı”, - Ana Subeliani deyir.
LGBTQ+ icmasının nümayəndələri keçmiş təcrübə, o cümlədən 17 may 2013-cü il və 5 iyul 2021-ci il hadisələrində dövlətin onların ictimai toplaşmaq hüquqlarını qoruya bilmədiyini göstərdikdən sonra qapalı tədbir keçirmək qərarına gəliblər.
“Bilirik ki, biz artıq ictimai toplaşmaq hüququnu itirmişik, lakin, əvvəlki illərdə heç olmasa qapalı ərazidə festivalı qorumaq mümkün idi. Əgər bu il bu baş vermədisə və dövlət bizi zorakı qruplarla qarşı-qarşıya qoydusa, bu, həqiqətən insan haqları və Avropaya inteqrasiya baxımından geriləmədir”, - “Tbilisi Pride” təşkilatının nümayəndəsi Tamar Jakeli deyir.
Prezidentin və Diplomatik Korpusun rəyi
Gürcüstan prezidenti Salome Zurabişvili fövqəladə brifinqdə hüquq-mühafizə orqanlarını tənqid edib. Onun sözlərinə görə, insanlara əvvəlcədən planlaşdırılan, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə razılaşdırılmış, qapalı məkanda təşkil edilən, hüquq-mühafizə strukturlarının mühafizə vəd etdiyi öz tədbirlərini keçirməyə imkan verilməyib və beləliklə, bütün lazımi tədbirlər görülməli idi.
“Bu gün ölkədə Gürcüstan Konstitusiyası ilə verilən vəd: 17-ci maddə, hər kəsin fikrini ifadə etmək hüququ, 21-ci maddə isə sərbəst toplaşmaq hüququ pozulub. Qeyd etmək istərdim ki, toplaşmaq hüququnun qorunması tədbir keçirmək deməkdir, məkanın qorunması yox ki, guya təhlükəsizliyi başqa cür qorumaq olmaz. Bu formada və bu motivlə biz təsəvvür edə bilərik ki, forması və məzmunu hər hansı bir radikal qruplaşmanın xoşuna gəlməyən bütün tədbirlər, yəqin ki, hüquq-mühafizə orqanları bu gün necə davranıbsa, elə davransa pozulmalı olacaq”, - prezident bildirib.
Gürcüstanda keçirilən “Prayd Festivalı”na edilən basqını Amerika Birləşmiş Ştatları və Böyük Britaniya səfirlikləri, eləcə də Avropa İttifaqı və müxtəlif ölkələrin səfirləri şərhrdib. Onlar hakimiyyəti zorakılığın qəbuledilməz olduğunu nümayiş etdirməyə və dinc toplantılara aqressiv şəkildə müdaxilə edənlərin hamısını məsuliyyətə cəlb etməyə çağırıblar.
Daxili İşlər Nazirliyi cəmi iki nəfəri həbs edib. Onlar barəsində polisin qanuni tələbinə tabe olmama və xırda xuliqanlıq maddələri ilə inzibati icraat aparılır. Festival ərazisində baş verən soyğunçuluq faktı ilə bağlı Daxili İşlər Nazirliyində oğurluq maddəsi ilə araşdırmalara başlanılıb.