Prezident “xarici agentlər” haqqında rus qanununa veto qoyub

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında rus qanununa veto qoyub. Prezidentin brifinqdə dediyi kimi, veto, elə bu gün parlamentə təqdim olunacaq.

“Bu gün mən rus qanununa veto qoydum. Bu qanun öz mahiyyətinə, ruhuna görə konstitusiyamıza və bütün Avropa standartlarına zidd olan və Avropa yolunda maneə olan rus qanunudur. Veto hüquqi baxımdan düzgündür və bu gün parlamentə təqdim olunacaq.

Qanun heç bir dəyişik, təkmilləşdirməni nəzərdə tutmur. Bu qanun ləğv edilməlidir”, - deyə prezident bildirib.

Prezidentin veto qoyduğu “agentlər haqqında qanun” baxılması üçün parlamentə qaytarılır. Vetonu aşmaq üçün 76 deputatın dəstəyi lazımdır, parlament çoxluğunun isə 83 səsi var. Parlament vetonu aşdıqdan sonra qanun layihəsinin ilkin variantını yenidən səsə qoyacaq. Əgər prezident qanuna yenidən imza atmasa, onu parlamentin sədri imzalayaca. Qanun dərc edildikdən sonra qüvvəyə minmiş hesab ediləcək.

“Şəffaflıq Qanununa qarşı heç bir şərh və arqument olmadığını nəhayət təsdiq edən Salome Zurabişviliyə çox təşəkkür edirəm. (Müxtəlif nəsillərdən vəkillər uzun müddətdir ki, yeni veto növünün ixtirasını müzakirə edirlər). Konstruktiv təklifimizə gəlincə, veto proseduruna xarici partnyorlar cəlb olundu, o, imtina və destruksiya cavab verdi! “Naçionalların”, varlı engeoların və onların tapşırıq verənlərinin şəffaflığa və suverenliyə qarşı saxta layihəsi – “rus qanununa yox” iflasa uğradı!” – parlament çoxluğunun lideri Mamuka Mdinaradze sosial şəbəkədə prezidentin veto qoymasına belə münasibət bildirib.

Bundan əvvəl, mayın 15-də Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Salome Zurabişvili demişdi ki, “rus qanununa veto qoymaqla heç bir saxta, süni, fırıldaqçı danışıqlara getməyəcək”.

“Heç kim düşünməsin ki, bu hakimiyyətin simasını xilas etmək üçün Gürcüstan prezidentindən istifadə edə bilər. Bu gün bu məsələ gündəmdə deyil. Bu gün Gürcüstanın xilası məsələsi gündəmdədir”, - deyə prezident bildirib.

Keçən il çoxminlik etiraz aksiyaları və misli görünməmiş beynəlxalq təzyiq nəticəsində “Gürcü Arzusu” “xarici agentlər” haqqında rus qanununu geri götürərək onu  geri qaytarmayacağına söz verdi. Lakin bir ildən çox müddət keçdikdən sonra, 2024-cü il aprelin 3-də hakim partiya parlamentdə rus qanununu yenidən gündəmə gətirdi və mayın 14-də üçüncü, yekun oxunuşdan qəbul etdi. Hakimiyyət beynəlxalq tərəfdaşların xəbərdarlıqlarını və qanunun qeyd-şərtsiz geri götürülməsi ilə bağlı ölkədə davamlı keçirilən kütləvi etiraz aksiyalarının tələbini nəzərə almadı.

Rus qanunu beynəlxalq fondların qrant dəstəyi ilə fəaliyyət göstərən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən, müstəqil media və qeyri-hökumət təşkilatlarını “xarici agent” kimi qeydiyyatdan keçməyə məcbur edir. Rus qanunu agent kimi qeydiyyatdan imtinaya görə 25.000 lari məbləğində cərimə və digər cəza tədbirləri nəzərdə tutur ki, bu da müstəqil təşkilatların yox olmasına səbəb olacaq.

“Gürcü Arzusu” qanunun son variantında həmçinin yazıb ki, fiziki şəxslər də tələb olunan məlumatları Ədliyyə Nazirliyinə təqdim etməyə borclu olacaqlar. Nazirlik həmçinin şəxsin siyasi baxışları, dini və ya fəlsəfi əqidəsi, sağlamlıq vəziyyəti və cinsi həyatı ilə bağlı məlumatları tələb edə bilər. Tələb olunan məlumatların təqdim edilməməsi halında 5000 lari məbləğində cərimə nəzərdə tutulur.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur