Prezident yığılan pensiyalar haqqında qanuna edilən dəyişiklikləri imzalamayıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Prezident Salome Zurabişvili yığılan pensiyalar haqqında qanuna düzəlişləri imzalamasa da, ona veto da qoymayıb. Bu barədə parlamentin spikeri Şalva Papuaşvili bildirib. Məhz Papuaşvilinin imzası ilə mübahisəli qanunvericilik dəyişiklikləri qüvvəyə minəcək.

“Biz Zurabişvilidən məktub aldıq ki, o, bu qanunu nə imzalayır, nə də əsaslandırılmış iradlarla geri qaytarır, yəni veto yoxdur və müvafiq olaraq, əsaslandırılmış iradlar yoxdur. Əvvəlki vetolara münasibətdə gördüyümüz “çünki”nin arqument kimi göstərilməsi olmayacaq. Görünür, xanım Salomenin parlament katibi bu dəfə “çünki” arqumenti ilə parlamentə gəlmək istəməyib və sadəcə olaraq imza atmayıb.

Bundan irəli gələrək Gürcüstan Konstitusiyasına əsasən, bu gün mən bu qanunu imzalayacağam və o, dərc edildikdən dərhal sonra qüvvəyə minəcək”, - Papuaşvili Büro iclasında bildirib.

Parlamentin iyunun 27-də keçirilən iclasında “yığılan pensiyalar haqqında” qanuna dəyişikliklərə üçüncü oxunuşda baxılıb və 75 səslə qəbul edilib. 66 səs “Gürcü Arzusu” fraksiyasının üzvlərinə, 9 səs isə hakim partiyanın sateliti “Xalqın Gücü” deputatlarına məxsusdur.

Qəbul edilən qanuna əsasən, Pensiya Agentliyinin adı dəyişdirilərək “Gürcüstan Pensiya Fondu” adlandırılıb və dəyişikliklər idarəetmə qaydalarına daxil edilib. O cümlədən, pensiya fondunda mövcud müşahidə və investisiya şurasını əvəz edəcək yeni idarə heyəti yaradılacaq. Mövcud qanunvericiliyə görə, İnvestisiya Şurasının üzvləri parlament tərəfindən seçilir və təqdim olunan dəyişikliklə Şuranın peşəkar üzvləri Baş Nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək. Həmçinin Pensiya Fondu Müdirliyi icra orqanı kimi yaradılmışdır. Onun üzvləri İdarə Heyəti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər. Qəbul edilən dəyişikliklə, digər növ aktivlərə investisiya etmək limitləri artır. Dəyişikliklər həmçinin pensiya fondunun Milli Bankın razılığının tələb olunacağı istənilən fəaliyyətinin autsorsinqə verilməsi imkanını da nəzərdə tutur.

Qanun layihəsinin müəlliflərindən biri İrakli Nadareişvili bildirib ki, dəyişikliklər idarəetmə və nəzarət sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. “Beynəlxalq Şəffaflıq – Gürcüstan” bu fikirlə razılaşmır. Qeyri-hökumət təşkilatı hesab edir ki, fondda səfərbər olunan vəsaitlərin səmərəli idarə olunması üçün mühüm təminat olan pensiya fondunun müstəqilliyi və ona nəzarət imkanları zəifləyir.

“Hazırda bir milyondan çox Gürcüstan vətəndaşının pensiya təminatını əhatə edən pensiya fondunda 5 milyard lari səfərbər olunub. Risklər və müstəqillik istiqamətində təqdim olunan dəyişikliklər əhəmiyyətli təhlükə ehtiva edir. Parlamentli respublikada təyinat prosesində parlamentin iştirakının vacib olduğunu nəzərə alaraq, Pensiya Agentliyinin mövcud idarəetmə sisteminin dəyişdirilməsi geriyə addım kimi qiymətləndirilməlidir, xüsusən də şura üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi məsələsini Baş Nazirin tabeliyinə vermək müstəqilliyi və şəffaflığı zəiflədir.

Pensiya fondunun “digər aktiv növləri”nə investisiya yatırmaq üçün limitlərinin dəyişdirilməsinə gəlincə, bu siyasi maraqların ola biləcəyi və pensiya sistemi iştirakçılarının maraqlarına xidmət etməyən müxtəlif dövlət layihələrinə investisiyaların qoyulması riskini artırır.

Xüsusilə İdarə Heyətinin üzvlərinin təyin edilməsinin Baş Nazirin müstəsna səlahiyyətinə çevrildiyi fonda”, “Beynəlxalq Şəffaflıq – Gürcüstan” mütəxəssislərinin təhlilində deyilir.

Prezident Salome Zurabişvili “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülən qanunu “mənfur” adlandırıb. “İndi baş verənlər pensiya fondunun hökumətin əlinə keçməsidir və bu, çox təhlükəli istiqamətdir”, - o, iyunun 4-də deyib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur