Gürcüstan Prokurorluğu “Birgə İnvestisiya Fondu”nun keçmiş icraçı direktoru Qiorqi Baçiaşvilini “Gürcü Arzusu”nun təsisçisi və ölkənin keçmiş baş naziri Bidzina İvanişviliyə məxsus 39 215 820 ABŞ dolları dəyərində bitkoinləri mənimsəməkdə ittiham edir.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Bu gün Tbilisi Şəhər Məhkəməsində keçirilən prosesdə prokurorluq Baçiaşvili barəsində cəza tədbiri olaraq 3 milyon lari ödənilməsini tələb edib. Hakim Tamar Mchedlişvilinin qərarına əsasən, təqsirləndirilən şəxsə 2,5 milyon lari girov ödənilməsi həvalə olunub, bundan başqa, iş üzrə yekun qərar çıxarılana kimi, ona prokurorluğun razılığı olmadan ölkə ərazisini tərk etməsi qadağan edilib və istintaq üçün Gürcüstan və Rusiya Federasiyası vətəndaşı pasportlarını təhvil verməsi tapşırılıb.
2013-2019-cu illərdə “Birgə İnvestisiya Fondu”nun icraçı direktoru vəzifəsini tutmuş Qiorqi Baçiaşvili irəli sürülən ittihamları qəbul etmir.
“Mən günahkar deyiləm. Mən heç vaxt cinayət də törətməmişəm və ona görə də niyə bu prosesdə olduğum anlaşılan deyil. Bir nəfərin nəyinsə baş verdiyini iddia etməsindən başqa, işdə heç bir sübut yoxdur”, - Qiorqi Baçiaşvili bildirib.
Bu gün Baş Prokurorluq külli miqdarda kriptovalyutaların mənimsənilməsi və gəlirlərin qanunsuz leqallaşdırılması işi ilə bağlı bəyanat yayıb. Qurum təqsirləndirilən şəxsə onun baş hərfləri ilə istinad edib, zərərçəkmiş kimi tanınan investorun kimliyi barədə isə heç nə deməyib. Yalnız məhkəmə prosesində məlum olub ki, şikayətçi investor Bidzina İvanişvilidir.
“Biz sadə bir vəziyyətlə üzləşirik - investisiyanın bir hissəsi kimi yaradılan kriptovalyutanın mənimsənilməsi və sonradan bu aktivin leqallaşdırılması. İstintaq bu ilin artında, bizə məlumat daxil olan zaman başlanılıb. Zərərçəkmişin nümayəndəsi bizə ifadə ilə müraciət etdi və təbii ki, hər bir iş və şəraitdə olduğu kimi, bu çərçivədə də istintaqa başladıq”, - işin prokuroru Mixeil Sadradze bildirib.
İş materiallarına görə, 2015-ci ilin yayında Qiorqi Baçiaşvili şəxsən onun səfərbər etdiyi və investor, yəni Bidzina İvnişvili tərəfindən köçürülən məbləğ vəsaitlə kriptovalyuta - bitkoin dövriyyəsinə sərmayə qoyub. Bitcoin dövriyyə xidmətləri 2015-ci ilin iyulunda Baçiaşvilinin sahibi olduğu müəssisə ilə bağlanmış 1 illik müqavilə əsasında xarici şirkət tərəfindən həyata keçirilib. Müqavilənin dəyəri 6 305 000 ABŞ dolları müəyyən olunub, ondan Bidzina İvanişviliyə 5 000 000 ABŞ dolları, Qiorqi Baçiaşviliyə isə 1 305 000 ABŞ dolları məxsus olub. Ehtimal olunur ki, məqbul mənfəət sərmayə qoyulmuş məbləğlərə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli imiş.
“Bir illik dövr ərzində 24 661,85 bitkoin emal olunub, ondan yatırılan vəsaitlərə mütənasib olaraq və çəkilən xərclər nəzərə alınmaqla, investor üçün xalis mənfəət kimi məqbul olan kriptovalyuta 8 253,13 bitkoin təşkil edib. 2017-ci ilin oktyabr ayında bütün dövriyyə kriptovalyutasına qanuni sahiblik və nəzarətə malik olan cavabdeh investora investisiyadan tam mənfəət əvəzinə cəmi 536 900 ABŞ dolları verib və investora məxsus olan, geridə qalan, dəyəri mənimsəmə müddətində 39 215 820 ABŞ dolları olan 8 253,13 bitkoini mənimsəyib”, - prokurorluq bildirir.
İttiham tərəfinin sübutuna əsasən, kriptovalyutanı mənimsədikdən sonra Qiorqi Baçiaşvili ələ keçirilən aktivlərin qeyri-qanuni mənşəyini ört-basdır edib və “qanunsuz mənimsənilmiş kriptovalyutanı – 8253,13 bitkoin və onun xaric edilməsi nəticəsində əldə edilmiş xüsusilə böyük məbləğdə vəsaiti qanuniləşdirib”.
Prokurorluğa cavab olaraq Qiorqi Baçiaşvilinin vəkili Levan Maxaraşvili bildirib ki, iş “Kartu Bank” ilə Baçiaşvilinin şirkəti arasında imzalanmış kredit müqaviləsindən gedir və bu, şirkətin 5 milyon kredit götürdüyünü və bir il sonra ödədiyini sübut edir.
“İstintaqın 8 ildən sonra nə üçün bu faktla maraqlanması daha böyük sual işarəsi yaradır, xüsusən də bütün bu illər ərzində Baçiaşvili bu gün zərərçəkmişlə birbaşa və ya dolayı əlaqəsi olan şirkətlərdə aparıcı vəzifələrdə çalışıb”, - deyə vəkil bildirib.
Qiorqi Baçiaşvili təqsirli bilinərsə, onu 9 ildən 12 ilə qədər həbs gözləyir.