“Qarabağ Respublikası” yanvarın 1-dən fəaliyyətini dayandıracaq, 66 mindən çox insan bölgəni tərk edib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Ermənistan hökumətinin məlumatına görə, sentyabrın 28-i səhərə qədər Dağlıq Qarabağdan olan məcburi köçkünlərin sayı 66 mini ötüb. Etnik ermənilər bölgəni Azərbaycanın sentyabrın 19-20-də həyata keçirdiyi hərbi əməliyyat nəticəsində öz suverenliyini bərpa etdiyini bəyan etdikdən bu yana tərk edirlər.

Dağlıq Qarabağın Stepanakert şəhərindən Ermənistan sərhədinə qədər olan hissədə bir neçə kilometrlik tıxac yaranıb. Qarabağdan Ermənistanla sərhəddə Kornidzor kəndində açılan məntəqəyə çatmaq üçün vətəndaşlara bir gün, bir çox hallarda daha çox vaxt lazım olur.

“Ailəmizin 12 üzvü bu avtomobildə 18 saat yol qət etdik. Mənim və bacımın uşaqları bizimlədir. Stepanakertdə bizə benzin verdilər və heç nə götürmədən gəldik. Sərhəddə heç kim yoxlamadı, sadəcə olaraq neçə nəfər olduğumuzu qeyd etdilər”, - yük maşını ilə Ermənistanın Qoris şəhərinə gələn və sığınacaq üçün gözləyən Qarabağdan olan şəxs deyir.

“CivilNet” xəbər agentliyinin Qarabağ üzrə müxbiri Haik Ğazaryan yazır ki, Stepanakertdə xaos hökm sürür - kiçik icmaların əhalisinin bir hissəsi artıq təxliyyə edilib, qalan insanlar isə şəhərdə növbə gözləyir, çünki onlara avtobuslarla daşınacaqları barədə söz verilmişdi.

“Məmurların çoxu Ermənistana gedib, hüquq-mühafizə orqanları fəaliyyət göstərmir. Elə insanlar var ki, qohumlarını dəfn etmirlər, meyitlərini Ermənistana aparırlar”, – jurnalist deyir.

Ümumilikdə Qarabağda 120 min insan yaşayırdı. Qarabağlıların əsas problemi mənzil məsələsidir. Köçkün ailələri çox vaxt Azərbaycanla həmsərhəd rayon və kəndlərdə məskunlaşmaqdan imtina edirlər.

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryanın sözlərinə görə, dövlət 5700-ə yaxın insanın məişət problemlərinin həllinin qayğısına qalıb. Məcburi köçkünlərin əksəriyyəti öz qohumlarının yanına köçür.

Dünən məlum olub ki, Azərbaycan hakimiyyəti Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi ilə Dağlıq Qarabağı tərk edən müstəqilliyi tanınmamış Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri, milyarder Ruben Vardanyanı həbs edib. Vardanyan 2022-ci ilin sentyabrında Qarabağa köçüb, Rusiya vətəndaşlığından imtina edib, noyabrda isə müstəqilliyi tanınmamış respublikanın dövlət naziri təyin edilib. O, 2023-cü ilin fevral ayının sonuna kimi bu vəzifədə çalışıb. Bakı ondan Qarabağı tərk etməsini istəyirdi.

Ermənistan hökuməti Ruben Vardanyanı müdafiə etmək üçün onun həbsindən bir neçə saat sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək Bakıdan saxlanılan şəxsin yeri və vəziyyəti ilə bağlı məlumat tələb edib.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin bu gün yaydığı məlumata görə, Vardanyan terrorçuluğu maliyyələşdirməkdə, qanunsuz silahlı birləşmənin yaradılmasında və fəaliyyətində iştirak etməkdə, Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməkdə ittiham olunur.

Bu gün, sentyabrın 28-də müstəqilliyi tanınmamış respublikanın prezidenti Samvel Şahramanyan sərəncam imzalayıb və ona əsasən, 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları və təşkilatları” ləğv olunacaq və “Dağlıq Qarabağ Respublikası” (Artsax) mövcudluğunu dayandıracaq. Sərəncamın ikinci bəndinə əsasən, Qarabağ əhalisi, o cümlədən hazırda onun hüdudlarından kənarda olanlar Azərbaycanın təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalı, Qarabağda qalmaq və ya qayıtmaq barədə müstəqil və fərdi qaydada qərar verməlidirlər.

Bakı Qarabağın keçmiş “dövlət naziri”ni terroru maliyyələşdirməkdə ittiham edir

Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ ərazisi Azərbaycanın bir hissəsi hesab olunur. Rayonda əsasən etnik ermənilər yaşayır. Sovet hakimiyyəti illərində Qarabağ bölgəsi muxtar vilayətə çevrilib. 1988-ci ildə qarabağlılar Qarabağın Sovet Azərbaycanından sovet Ermənistanına verilməsini istəyiblər. Münaqişə 1990-cı illərin əvvəllərində genişmiqyaslı müharibəyə çevrilib. Döyüşlər 1994-cü ilə qədər davam edib və sonda bölgə Qarabağ ərazisində müstəqillik elan edən yerli ermənilərin nəzarətinə keçib. Qarabağ Respublikası heç bir ölkə, o cümlədən Ermənistan tərəfindən tanınmayıb. 2020-ci ilin payızında Ermənistan və Azərbaycan arasında 7 min əsgər və 170 mülki şəxsin həlak olduğu yenidən başlayan hərbi münaqişə Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması ilə başa çatıb. Bakı Dağlıq Qarabağ və onun ətraf ərazilərinin əhəmiyyətli hissəsinə nəzarəti bərpa edib. Müqaviləyə əsasən, Rusiya əsgərləri Qarabağ bölgəsində sülhməramlılar kimi yerləşdirilib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur