Qiorqi Kajaia baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi təyin edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Qiorqi Kajaia Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu barədə Kobaxidze hökumətin bugünkü iclasında bildirib.

Son dörd il ərzində Qiorqi Kajaia Moskvada İsveçrənin Rusiya Federasiyasındakı səfirliyində Gürcüstanın maraqları bölməsində fövqəladə və səlahiyyətli nümayəndə olub. O, 2012-ci ilin sonundan xüsusi nümayəndə vəzifəsini tutan Zurab Abaşidzeni əvəzləyib.

İrakli Kobaxidze Zurab Abaşidzeyə uğurlu fəaliyyətinə görə təşəkkür edib və bildirib ki, vəzifəsindən getməyə özü qərar verib.

“Bildiyiniz kimi, o, uzun illər baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi olub, 10 ildən artıqdır ki, bu vəzifədə böyük uğurla xidmət edib. Onun zəhməti və iştirakı sayəsində müxtəlif istiqamətlərdə çox ciddi nailiyyətlərimiz olub. Mən ona uzun illər dövlətə xidmətinə görə təşəkkür etmək istəyirəm və ona yeni vəzifəsində uğurlar arzulayıram”, - deyə Kobaxidze bildirib.

Bundan sonra Zurab Abaşidze baş nazirin müşaviri olacaq. O, təsdiqləyib ki, keçmiş hökumət başçısı İrakli Ğaribaşviliyə özü də bir neçə ay əvvəl xüsusi nümayəndə postundan getməklə bağlı müraciət edib. “Məntiq çox sadə idi: 2012-ci ildən 12 il keçib, hər şeyin başlanğıcı və sonu var”, - Abaşidze qeyd edib.

Zurab Abaşidze 12 il ərzində Gürcüstan və Rusiya arasında Cenevrədə keçirilən beynəlxalq danışıqlarda Gürcüstanı təmsil edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur