Rus qanununa qarşı keçirilən nümayiş zamanı saxlanılan 18 yaşlı Sandro Joxadze Tbilisi şəhər məhkəməsinin hakimi Koba Çaqunava tərəfindən qanunu pozmuş şəxs kimi tanınıb və 2200 lari cərimələnib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
12-ci sinif şagirdi Sandro və onun böyük qardaşı, “Çavçavadze Mərkəzi”nin tədqiqatçısı Qiqa Joxadze aprelin 16-da gecə saatlarında parlamentin arxa girişində saxlanılmışdılar.
Daxili İşlər Nazirliyi onların hər ikisinə qarşı İnzibati Xətalar Məcəlləsinin 173 və 166-cı, polis əməkdaşının qanuni tələbinə tabe olmamaq və xırda xuliqanlığı nəzərdə tutan maddələri əsasında iddia qaldırmışdı. Bu gün Qiqa Joxadze də qanunu pozmuş şəxs kimi tanınıb və 2500 lari cərimələnib.
Qardaşlara qarşı ifadəni polis əməkdaşları verib. Vəkil Qano Çkaduanın sözlərinə görə, Daxili İşlər Nazirliyi kordonun pozulmasını təsdiqləyən heç bir sübut təqdim edə bilməyib.
“Dörd nəfər polis yalan danışaraq məhkəməyə saxta ifadə verdilər. Bu təkcə bizim təqdim etdiyimiz sübutlarla yox, Daxili İşlər Nazirliyinin nümayəndələrinin Sandro və Qiqa Joxadzenin necə saxlanılmasını əks etdirən videoqeydlərlə sübuta yetirildi. Polis onları kordonu pozduqları zaman saxladıqlarını bildirib, videoda isə onların kordondan təxminən 100-200 metr aralıda olduqları zaman saxlanıldıqları görünür”, - Jano Çkadua bildirib.
Məhkəmədən sonra şərhi Sandro Joxadzenin özü də verib. O deyib ki, böyük ehtimalla qərardan şikayət etməyəcək, çünki Gürcüstan məhkəməsinə etimad yoxdur.
“Bu cərimə mənim üçün motivasiya mənbəyi olacaq. Bu onun göstəricisidir ki, mən vətən uğrunda lazım olan yerdə, lazımi vaxtda mübarizə aparmışam və bu mübarizəni mütləq davam etdirəcəyəm”, - məktəb şagirdi qeyd edib.
Bu gün hakim Koba Çaqunava mitinqin digər iştirakçısı Qiqa Beradzeni 2500 lari, dünən, aprelin 24-də isə “Lelo” partiyasının baş katibi İrakli Kupradzeni 2500 lari cərimələyib. “Qirçı – Daha Çox Azadlıq” partiyasının üzvü Qela Xasaia da qanunu pozmuş şəxs olaraq tanınmışdı və 2600 lari cərimə olunmuşdu.
Aprelin 19-da parlamentdə çıxışı zamanı daxili işlər naziri Vaxtanq Qomelauri bildirmişdi ki, rus qanununa etirazlar zamanı 40 nəfər inzibati qaydada saxlanılıb.
Bir il əvvəl minlərlə nəfərlik etiraz nəticəsində geri götürülən və bir daha qəbul etməyəcəyi sözünü verən “Gürcü Arzusu” 2024-cü il aprelin 3-də “xarici agentlər” haqqında rus qanununu parlamentdə növbəti dəfə irəli sürüb. “Rus qanunu” beynəlxalq təşkilatların qrant dəstəyi ilə işləyən və hökumət və ya əlaqəli qruplar tərəfindən idarə oluna bilməyən müstəqil media və qeyri-hökumət təşkilatlarını xarici agent kimi qeydiyyatdan keçməyə məcbur edir. Aprelin 15-dən Tbilisidə parlamentin yaxınlığında rus qanununa qarşı etirazlar keçirilir.