Ukraynanın demək olar ki, bütün ərazisi həyəcan içindədir. Rusiya hərbi qüvvələri Kiyev, Lvov, Zaporojye, Dnepropetrovsk, Nikolayev, Jitomir, Xmelnitski, Krivoy Roq və Xarkovu bombaladı. Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün səhər saatlarında Kiyevə hücum zamanı, ilkin məlumata görə, 5 mülki şəxs həlak olub, 12 nəfər yaralanıb. Ukrayna hakimiyyəti vətəndaşları sığınacaqlarda qalmağa çağırır.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnın sözlərinə görə, oktyabrın 10-u səhər saatlarından Rusiya qüvvələri Ukraynaya 75 raket atıb, onlardan 41-i Ukrayna qüvvələri tərəfindən vurulub.
“Terror dövləti Rusiya Federasiyası Ukrayna ərazisinə kütləvi raket və hava zərbələri endirir, pilotsuz uçuş aparatlarından istifadə edir. Səhər saatlarında təcavüzkar 75 raket atıb. Onlardan 41-i hava hücumundan müdafiəmiz tərəfindən zərərsizləşdirilib. Silahlı qüvvələr vətəndaşlarımızı qorumaq üçün hər şeyi edir”, - Zalujnı yazıb.
Lvov meri Andrey Sadovun sözlərinə görə, partlayış kritik obyektdə baş verib. Elektrik enerjisinin kəsilməsi səbəbindən İES (İstilik elektrik stansiyası) işləmədiyindən əhaliyə ilıq suyun verilməsi azalır. Merin sözlərinə görə, məktəblər distant təhsilə keçib. Raket hücumu təhlükəsi ilə əlaqədar Ukraynanın bir neçə rayonunda məktəblər bağlanıb.
İvano-Frankovsk şəhərində nəqliyyatın hərəkəti dayanıb. Bələdiyyə sədri Ruslan Marçinkiv vətəndaşları hava xəbərdarlığı siqnalına diqqət yetirməyə, sığınacaqlarda qalmağa, təhsillərini və distant işlərinə davam etməyə çağırıb. Onun sözlərinə görə, Ukrayna şəhərlərinə hücumlar “olduqca uzun müddət” davam edə bilər.
Ukrayna prezidenti Volodimir Zelenski ölkə ərazisinə endirilən raket zərbələri nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.
“Tammiqyaslı müharibənin 229-cu günü. 229 gündür ki, bizi məhv etməyə, yer üzündən yox etməyə çalışırlar. Zaporojyada evlərində yatanların məhv edilməsi, Dnepr və Kiyevə işə gedənlərin öldürülməsi. Xahiş edirəm sığınacaqları tərk etməyin. Özünüzün və yaxınlarınızın qayğısına qalın”.
Kiyev küçələrində lentə alınan videoda Zelenski deyir ki, Rusiya Ukrayna şəhərlərinə hücumları İranın “Şahed”lə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirib.
“Biz terrorçularla mübarizə aparırıq. İranın onlarla “Şahed” raketi. Onların iki hədəfi var. Ölkə daxilində enerji obyektləri. Kiyev vilayəti və Xmelnitski vilayəti, Lvov və Dnepr, Vinnitsa, Frankov vilayəti, Zaporojya, Sum vilayəti, Xarkov vilayəti, Jitomir vilayəti, Kirovoqrad vilayəti, ölkənin cənubu. Onlar çaxnaşma və xaos yaratmaq istəyirlər, enerji sistemimizi məhv etmək istəyirlər. Onlar ümidsizdirlər.
İkinci hədəf insanlardır. Belə bir vaxtda, mümkün qədər çox zərər vermək üçün bu cür hədəflər xüsusi olaraq seçilirdi. Amma biz ukraynalıyıq, bir-birimizə kömək edirik, özümüzə inanırıq, dağıdılan hər şeyi bərpa edəcəyik.
İndi elektrik enerjisinin fasilələrlə kəsilməsi ola bilər, amma bizim qələbəyə inamımız heç vaxt sarsılmayacaq. Niyə belə zərbələr vurular? Düşmən bizi qorxutmaq, insanları qaçırmaq istəyir, amma biz ancaq irəli qaça bilirik və bunu döyüş meydanında göstəririk. Gələcəkdə də belə olacaq”, - deyə Ukrayna prezidenti bildirib.
Ukrayna şəhərlərinə kütləvi raket hücumları oktyabrın 8-də Krım körpüsündə baş verən partlayışdan iki gün sonra başlayıb. Rusiya prezidenti Vladimir Putin 3 nəfərin ölümünə və körpünün qismən zədələnməsinə səbəb olan partlayışı terror aktı adlandırıb və onun təşkilində Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb. Daha sonra Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyanın cavabı yalnız “terrorçuların məhvi” olmalıdır. Medvedevin sözlərinə görə, partlayışın sifarişçisi və icraçısı onun “dayanıqsız dövlət” adlandırdığı Ukraynadır.
“Bu, Kiyevin cinayətkar rejimi tərəfindən törədilən terror aktı və təxribatdır. Heç bir şübhə yoxdur və heç vaxt olmayıb. Bütün hesabatlar və nəticələr hazırlanır. Rusiyanın bu cinayətə cavabı ancaq terrorçuların birbaşa məhvi ola bilər. Necə ki, dünyada qəbul edilir. Rusiya vətəndaşlarının da gözlədiyi budur”, - Medvedev “Komsomolskaya Pravda”nın jurnalistinə bildirib.
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak cavabında bildirib ki, Ukraynanı terrorda ittiham etmək hətta Rusiya üçün də həddən artıq rüsvayçılıqdır. Podolyakın sözlərinə görə, “yalnız bir terror dövləti var və onun hansı dövlət olduğunu bütün dünya bilir”.