Rusiya vətəndaşları Gürcüstanda 8 ayda 15 mindən çox bina və 14 minə qədər torpaq sahəsi alıblar

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

2022-ci ilin 1 yanvar tarixindən sentyabrın 9-dək Gürcüstanda 15.164 bina və tikili üzərində 12 335 Rusiya vətəndaşının mülkiyyət hüququ qeydə alınıb. Bunlardan 13.262-si yaşayış mənzilləridir ki, onların üzərində Rusiya Federasiyasının 11.722 vətəndaşının mülkiyyət hüquqları qeydiyyata alınıb.

Ədliyyə Nazirliyindən “İnterpressnews” agentliyinə verilən məlumata görə, təxminən səkkiz ay ərzində Rusiya Federasiyasının 10.975 vətəndaşı tərəfindən 13.850 torpaq sahəsi (həm binalı, həm də tikilisiz) qeydiyyata alınıb. Həmin dövrdə Rusiya Federasiyasının 3771 vətəndaşının 4390 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınıb. Bundan əlavə 73 Rusiya vətəndaşı 93 kommersiya obyektini mülkiyyətinə qeydiyyat edib.

Rusiya vətəndaşları Gürcüstana kütləvi şəkildə Rusiyanın Ukraynanı işğal etməsindən və müharibə başlayandan sonra daxil olublar. Onların sayı xüsusilə keçən il sentyabrın 21-dən, Rusiya Prezidenti Vladimir Putinin 300 min nəfəri müharibəyə cəlb etmək üçün “qismən səfərbərlik” elan etməsindən sonra artıb. Lars sərhəd-keçid məntəqəsində Rusiya vətəndaşlarının bir neçə kilometr uzunluğunda növbələri yaranıb.

 Səfərbərlikdən qaçan ruslar üçün Gürcüstan əsas istiqamətlərdən biridir, çünki onlar ölkəmizə vizasız daxil olub bir il qala bilirlər.

Ukraynanın Gürcüstandakı səfiri vəzifəsini icra edən Andriy Kasyanov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyinin Gürcüstandakı ofisinin məlumatlarına əsaslanaraq bildirib ki, 2022-ci ilin noyabrına olan məlumata görə, ötən ilin 24 fevral tarixindən Gürcüstana 1 milyon 268 min rusiyalı daxil olub, onlardan təxminən 116 min vətəndaşı Gürcüstan ərazisində qalıb. Bu, on bir ay ərzində ümumilikdə 182 min ukraynalının Gürcüstana daxil olduğu və onlardan ölkədə cəmi 25 min nəfərin qaldığı vaxt periodunu əhatə edir.

Andrey Kasyanov ukraynalı qaçqınların ölkədə uzun müddət qalmasına mane olan amillər kimi Rusiya vətəndaşlarının Gürcüstanda “anormal yüksək sayı”nı və həmçinin bunların səbəb olduğu mənzillərin və ərzaq məhsullarının bahalaşmasını göstərir. “Tiflisdə bir otaqlı mənzilin kirayə haqqı 600 dollardan başlayır və payızda Rusiya Federasiyasında “qismən səfərbərlik” elan edildikdən sonra xeyli artıb”, - deyib Kasyanov.

2022-ci ilin dekabr ayında Gürcüstana pul köçürmələri şəklində ümumilikdə 535,3 milyon ABŞ dolları köçürülüb. Bunun 317,3 milyon ABŞ dolları Rusiyadan gəlib. 2019-cu ilin dekabrında Rusiyadan köçürülən məbləğin cəmi 43,82 milyon dollar, 2020-ci ilin dekabrında 40,71 milyon dollar, 2021-ci ilin dekabrında 39,7 milyon dollar olub.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur