Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli “Havana sindromu” Tbilisidə də müşahidə edilib

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Jurnalist araşdırmasına görə, Amerikal; diplomatlar, rəsmilər və bütün dünyada kəşfiyyatçıların 10 ildən artıqdır ki, qarşılaşdıqları “Havana sindromu” kimi tanınan “açıqlana bilməyən anormal sağlamlıq halları” Rusiyanın Mərkəzi Kəşfiyyat İdarəsi (QRU) ilə əlaqəlidir. “Havana sindromu” 2021-ci ildə Tbilisidə də müşahidə olunub.

Rusiyaya diqqət yönəldən “The Insider” nəşri, “60 Minutes” və “Der Spiegel” ilə birlikdə bu gün dərc olunan jurnalist araşdırması üzərində beş il çalışıb. Jurnalistlər dünyanın müxtəlif regionlarında aşkar edilən “Havana sindromu” halları ilə “QRU”nun 29155 saylı bölməsinin əməkdaşlarının səfəri arasında əlaqə yarada biliblər.

“Havana sindromu” nədir?

“Havana sindromu” - bu adlanmanı 2016-cı ildə Kubanın paytaxtı Havanada baş vermiş ən böyük hadisələrdən birindən sonra alıb. Yerli konsulluğun bir çox amerikalı və kanadalı əməkdaşı qəribə hadisə ilə qarşılaşıb. Onlar qəfildən xəstələniblər, şiddətli təzyiq və bəzən qulaqlarında ağrılar, ürək bulanması və panik atakları keçiriblər, çəyirtkə səsinə bənzəyən qəribə səslər eşidiblər. Bulanıq şüur, diqqət problemləri, müvazinətin itirilməsi, hiperakuziya [eşitmə kəskinliyi], yuxu problemləri konsulluq işçilərini hadisədən sonra aylar və ya illərlə narahat edib.

Zaman keçdikcə məlum olub ki, oxşar şeylər Amerika diplomatları, rəsmiləri və kəşfiyyatçılarının başlarına bütün dünyada, tez-tez məhz konsulluqların binalarında gəlir. Son illərdə Amerika hökumət rəsmilərinin mindən çox şikayəti toplanıb. 2014-cü ildən Avropadan Cənub-Şərqi Asiyaya və Latın Amerikasına qədər “Havana sindromu” halları qeydə alınıb. Tibbi müayinə bir çox hallarda beynin müəyyən bölgələrində travmanın obyektiv sübutlarını aşkar etməyə və bununla da psixosomatikanı istisna etməyə imkan verib. Bu təsirə səbəb olan şey hələ müəyyən edilməmişdir, lakin əsas işləyən versiya impulslu mikrodalğalı radiasiyadır.

Bu yaxınlara qədər ABŞ kəşfiyyat xidmətləri başqa ölkələrin bu hadisə ilə əlaqəsi barədə məlumatı olmadığını iddia edirdilər, lakin araşdırmaçı jurnalistlər hücumların vaxtının və məkanının “QRU”nun 29155 saylı bölməsinin zabitlərinin səfəri ilə bağlı olduğunu müəyyən edə bildilər. İki qurban hücumdan əvvəl və ya qısa müddət sonra 29155-ci bölmənin əməkdaşlarını görüb və onları fotoşəkillərdən tanıyıblar.

Araşdırmaçı jurnalistlər həmçinin “QRU”ya bağlı hərbi tibb akademiyasının “Havana sindromu”nun klinik təsirlərini öyrəndiyini və Qrup 29155-in əsas üzvlərindən birinin Rusiya hökuməti tərəfindən akustik silahların hazırlanması üçün sifariş aldığını aşkar ediblər.

Tbilisidə “Havana sindromu”

Jurnalist araşdırmasının əsas fəsillərindən biri 2021-ci ildə Tbilisidə baş vermiş hadisəyə istinad edir ki, hadisədə qurban ABŞ səfirliyinin əməkdaşının arvadı, hücumçu isə 29155 bölməsinin komandirinin oğlu “QRU”dan, Albert Averianovdur.

Jurnalist araşdırmasına görə, Coi (ad dəyişdirilib) 2020-ci ilin fevralında əri və oğlu ilə Amerika Birləşmiş Ştatlarından Gürcüstana gəlib. Onun əri ABŞ-ın Tbilisidəki səfirliyində Ədliyyə Departamentinin attaşesi olub. Onlar Diğomida, səfirliyin yaxınlığında məskunlaşdılar. Coi anesteziologiya üzrə fəlsəfə doktoru olan tibb bacısıdır. Tbilisidə özəl Amerika klinikalarından birində işləyib.

7 oktyabr 2021-ci ildə Coi oğlunun məktəbdən evə gəlməsini gözləyirmiş və evin ikinci mərtəbəsində paltar yuyurmuş. Paltaryuyan maşından paltarı çıxararkən pəncərəyə tərəf dönüb və qəfildən nəsə hiss edib - pəncərənin sol tərəfindən başının içindən keçən güclü səs dalğası kimi hər şeyi əhatə edən səs-küyə səbəb olan dəhşətli baş ağrısı. Coi vanna otağına girib, əvvəlcə səs itib və o qusmağa başlayıb. Bundan sonra o, səfirliyin mühafizəçilərinin müşayiəti ilə az sonra evə gələcək olan ərinə zəng edib.

Coi ərini gözləyərkən bayıra baxıb, həmin küçədə indiyədək görmədiyi qəribə avtomobili görüb və şəkilini çəkdib. Maşının yanında hündürboy, açıq rəng saçlı, arıq görünüşlü bir kişi görüb. Onun yanında bir qız dayanıbmış. İkisi də toya, teatra gedirmiş kimi çox gözəl geyinibmişlər. Kişi Coinin onun şəkilini çəkdiyini görüb və tez maşına minib.

O gündən bu günə Coi hər gün əvvəllər heç vaxt yaşamadığı ağır miqrenlər yaşayır. Şüuru bulanıqlaşır, pilləkənlərlə enərkən pilləkənləri tapmaqda çətinlik çəkir, hərəkətlərin koordinasiyası pozulur və vestibulyar sistemdə problemlər yaranmağa başlayır. Coinin qulaqlarında tez-tez səs-küy yaranır və eşitmə problemləri inkişaf edib. O qədər güclü başgicəllənməsi olur ki, bəzən çarpayıda belə çevrilməkdə çətinlik çəkir. Eşitmə qabiliyyəti həddindən artıq həssaslaşır və hətta kondisionerin səsi də ona təyyarə mühərrikinin səsi kimi gəlir.

Cons Hopkins Universitetində Coiyə sonradan Los-Anceles Universitetində təsdiqlənən diaqnoz qoyulub:  çox nadir bir xəstəlik, ikitərəfli yarımdairəvi kanal dehissensi. Bu, anadangəlmə ola bilər, lakin o zaman xəstəlik çoxdan aşkarlana bilərdi, ya da travmanın nəticəsi ola bilərdi, amma Coinin heç bir travması yox idi. Coi iki cərrahiyyə əməliyyatı keçirib - bu, simptomları yüngülləşdirib, lakin tamamilə deyil - və gələcəkdə üçüncü əməliyyata ehtiyacı olacaq.

Amerikalı araşdırmaçılar Tbilisi insidentinin nədən qaynaqlandığını müəyyən edə bilməyiblər, lakin “The Insider”in öyrəndiyi kimi, “QRU”nun 29155-ci bölməsinin zabitləri həmin vaxt Gürcüstanda olublar.

30 sentyabr 2021-ci ildə 29155-ci bölmənin rəisi, general Andrey Averianov Rusiyanı işgüzar səfərlə tərk edib. Bu arada onun bir neçə il əvvəl öz şöbəsində işlə təmin etdiyi oğlu, 21 yaşlı Albert Averianov da Moskvadan uçub. Həmin gün general Averianov telefonunu söndürüb və bu, onun sonrakı marşrutunu müəyyənləşdirməyi çətinləşdirib. “The Insider” yalnız onu öyrənib ki, general oktyabrın 10-da, oğlu kimi Moskvada peyda olub.

Albert Averianovun telefonuna görə, sentyabrın 30-da o, Daşkəndə uçub və səhəri gün səhər hava limanından Özbəkistanın mobil telefon nömrəsi ilə zəng edib. 40 dəqiqə sonra, oktyabrın 1-də səhər saat 8:40-da Daşkənd-Tbilisi reysi hava limanından qalxıb.

Daşkənddə etdiyi son zəngdən doqquz gün sonra - və Coinin başına gələn hadisədən cəmi iki gün sonra - oktyabrın 9-da Albert Averianov Daşkənddə telefonu yenidən qurub (“Özbəkistana xoş gəlmisiniz” mesajı bunu sübut edir) və növbəti gün Moskvaya qayıdıb.

Coiyə Albert Averianovun şəklini göstərdikdə o, dərhal onu tanıyıb: “Mən bu şəkli görəndə kortəbii reaksiya verdim, özümü pis hiss etdim. Onun eyni insan olduğuna 100 faiz əmin ola bilmərəm, amma buna çox bənzədiyinə əminəm. Bu günə qədər ona baxanda məndə eyni intuitiv reaksiya yaranır”, - Coi deyib.

“60 Minutes” mənbəsinin bildirdiyinə görə, Albert Averianovun elektron poçtunun Tbilisidə kimsə tərəfindən açıldığına dair sübutlar var. “The Insider”in istintaq şöbəsinin rəhbəri Xristo Grozev əmindir ki, bu Averianovun özü olub.

Albert Averianov insidentdə iştirakı ilə bağlı “The Insider”in materilını şərh etməyib.

“Biz inanırıq ki, 29155-ci bölmənin üzvləri amerikalı diplomatlara, Amerika hökumətinin nümayəndələrinə akustik silahlardan istifadə edərək hücumları asanlaşdırmaq, nəzarət etmək və ya bəlkə də şəxsən hücumlar həyata keçirmək üçün orada olublar”, - Xristo Qrozev bildirib.

Jurnalist araşdırmasına görə, 2021-ci ildə, Tbilisidəki insidentdən əvvəl general Andrey Averianov və komandası hər dəfə “Havana sindromu”nun epizodlarına təsadüf edən daha bir neçə iş səfəri edib.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur