Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı prezident Vladimir Putin prezident seçkilərində 87,31% səslə qalib gəlir. Artıq seçki protokollarının 99,7%-i hesablanıb.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
MSK-nın məlumatına görə, Putinə 74,2 milyon seçici səs verib. Onun rəqibləri ümumilikdə 13%-dən az səs toplayıblar. İkinci yerdə “Rusiya Kommunist Partiyası”nın namizədi – Nikolay Xaritonov, üçüncü yerdə “Yeni Xalq” partiyasından Vladislav Davankov, dördüncü yerdə isə “Rusiya Liberal-Demokrat Partiyası”nı təmsil edən Leonid Slutski qərarlaşıb.
Putin ona yüksək “dəstək” göstərilməsini ölkənin üzləşdiyi “dramatik hadisələrlə”, o cümlədən Ukraynadakı müharibə ilə izah edib.
“Bu, mövcud vəziyyətlə əlaqədardır. Bizim əlimizdə silahla, sözün əsl mənasında, vətəndaşlarımızın, xalqımızın mənafeyini qorumağa, gələcək Rusiya Federasiyasının tam, suveren, təhlükəsiz inkişafını yaratmağa məcbur olmağımızla əlaqədardır”, - deyə beşinci müddətə Rusiya prezidenti olmaq üzrə olan Putin bildirib.
Rəsmi məlumatlara görə, hazırkı prezident ən yüksək dəstəyi Çeçenistanda qazanıb, burada seçki məntəqəsinə gələn seçicilərin 98,99%-i ona səs verib. Putin Moskvada 85,13 faiz, işğal olunmuş Krımda isə 93,6 faiz səslə qalib gəlir.
Seçici fəallığı 74%-i ötüb, “BBC”nin Rus xidmətinin məlumatına görə, bu, həmçinin MSK-nın dərc etdiyi Putinə dəstək nisbəti rekord göstəricidir.
Rusiya vətəndaşları üç gün ərzində prezident seçkilərində səs verə bilərdi. Martın 17-də, səsvermənin son günü - “Putin əleyhinə günorta” aksiyasına Moskva, Sankt-Peterburq və Rusiyanın digər böyük şəhərlərindən minlərlə insan qoşulub. Aksiya iştirakçıları günorta saat 12:00-da seçki məntəqələrinə gedib Putinin rəqiblərindən birinə səs verməyə və ya bülleteni korlamağa çağırılıb. KİV-in məlumatına görə, 20 şəhərdə 80-dən çox aksiya iştirakçısı həbs edilib.
Martın 17-də keçiriləcək dinc nümayişə getmək çağırışı rusiyalı müxalifətçi Aleksey Navalninin ölümündən əvvəl verdiyi son siyasi bəyanat idi. Dünyanın bir çox şəhərlərində “Putin əleyhinə günorta” aksiyası baş tutub. Ruslar səs vermək üçün Rusiya səfirliklərində və konsulluqlarında bir neçə saat növbəyə dayanıblar. Berlində keçirilən aksiyaya Alkesey Navalninin həyat yoldaşı Yuliya Navalnaya da qatılıb.
“Meduza” nəşri xəbər verir ki, seçicilərdən bəziləri bülletenlərə “Navalni”, “Sülh”, “Müharibə yoxdur”, “Sevgi ölümdən güclüdür” və s. yazılar; yazıblar.
Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin kəsilməsi ilə əlaqədar Gürcüstandakı Rusiya vətəndaşlarının bir qismi səs vermək üçün İrəvan və İstanbula gedib, Tbilisinin mərkəzində Putin əleyhinə nümayiş keçirilib.
Rusiyada prezident seçkiləri işğal altında olan Tsxinvali bölgəsi və Abxaziyada da keçirilib.