Rusiyalı iş adamları ilə əlaqəli şirkət Acaradakı tenderlər vasitəsilə 5 milyon lariyə qədər pul alıb

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

İldar Neverov

Rus iş adamlarına, o cümlədən Rusiya dövlət şirkətinin direktoru İldar Neverova bağlı olan “Sever” şirkəti Acara bələdiyyələrində sahibsiz heyvanlara qulluq və zibilxanaların istismarı ilə bağlı tenderlərdə rəqibsiz qalib gəlir.

“Beynaəlxalq Şəffaflıq - Gürcüstan”ın araşdırmasına görə, 2013-cü ildən indiyədək “Sever” 73 dövlət satınalmasında iştirak edib ki, onlardan 69-da, 63-də müsabiqəsiz, 6-da isə rəqibin diskvalifikasiyası hesabına qalib gəlib. Ümumilikdə şirkət 4 816 286 lari alıb. Həmin dövrdə “Sever”lə 163 428 lari olan 39 sadələşdirilmiş satınalma müqaviləsi imzalanıb. Alıcılardan biri Zuqdidi bələdiyyəsi, qalan podratçılar isə Acara bələdiyyə hüquqi şəxsləridir.

“Sever”in sahibləri, Rusiya vətəndaşı olan iş adamları

“Sever” şirkəti (qeydiyyat adı “Север”) 2011-ci ilin fevralında Gürcüstan vətəndaşı Süleyman Fərəcev və Ukrayna vətəndaşı Kirilo Novak tərəfindən təsis edilib və həmin ilin noyabrında şirkətin 30-30%-i Rusiya vətəndaşları Andrey Balaşov İldar Neverov tərəfindən alınıb. 2012-ci ildə şirkətin direktoru Rusiya vətəndaşı Valeri Litvinenko olub, daha sonra Estoniya vətəndaşı Alias ​​Qunnar, sonuncusu isə 2022-ci ilin noyabrında edilən dəyişikliklərlə Cemal Qoqitidze şirkətin direktor vəzifəsini icra edib. Eyni dəyişikliklə İldar Neverov öz payını bu gün şirkətin səhmlərinin 90%-nə sahib olan Andrey Balaşova verib, 10%-nin sahibi isə Ukrayna vətəndaşı Kirilo Novakdır.

2022-ci ilin noyabrında İldar Neverov Gürcüstanda qeydiyyatda olan başqa bir şirkətin 50%-lik payını Andrey Balaşova verib. “Tyor” MMC 2011-ci ilin aprelində Neverov və Balaşov tərəfindən təsis edilib. “Sever” bu şirkətdən tender şərtləri ilə müəyyən edilmiş xüsusi avtomobili icarəyə götürürdü. Ötən ilin noyabrında Neverov “Tyor”un direktorluğundan istefa verib. Bundan əvvəl Neverov və Balaşov Kiprdə oxşar ada malik ofşor şirkəti - “Tyor Commercial Inc.”i təsis ediblər, bu barədə məlumatı “Araşdırmaçı Jurnalistlər Konsorsiumunun” (ICIJ) məlumat bazasında tapmaq olar. Onlar Gürcüstanda “Tyor”u, bir neçə həftə əvvəl “Sever”in qurulduğu ünvanda qeydiyyatdan keçiriblər.

İldar Neverov Kimdir?

İldar Neverov Rusiya Federasiyası Prezidenti yanında Sahibkarların Müdafiəsi Şurasının nümayəndəsinin ofisində ekologiya və təbiətdən istifadə məsələləri üzrə ictimai biznes ombudsmanıdır. Eyni zamanda, Neverov 2010-cu ildən “Biznes Rusiya” ictimai təşkilatının əlaqələndirmə şurasının üzvü və həmin qurumun ekologiya komitəsinin sədridir. “Biznes Rusiyası” Rusiyanın iqtisadi və maliyyə strategiyasını müzakirə etmək üçün vaxtaşırı Vladimir Putin tərəfindən dəvət olunan daimi iqtisadi forumdur.

Bu gün Neverov Rusiyanın “Arktikugol” dövlət şirkətinin direktorudur. Bu şirkət Arktikanın inkişafı proqramı üzərində işləyir, Şpitsbergen arxipelaqında kömür hasil edir və bu məhsula qismən sanksiya tətbiq olunduğu halda ixrac həcmini artırmağa çalışır.

“Beynəlxalq Şəffaflıq Gürcüstan”nın məlumatına görə, Neverovun biznes maraqları çoxşaxəlidir: müxtəlif vaxtlarda o, Rusiyanın təkrar litonlar bazarında fəaliyyətdə olub, tullantıların emalı müəssisələrinin idarə edilməsində iştirak edib, Murmansk Dəniz Şirkətinin idarə heyətinin üzvü olub və Arktika və Şimal Dəniz Marşrutunun İnkişafı Qrupunun üzvü olub.

İldar Neverov “Bank Sputnik” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü olub. Bu şirkət 27 may 2022-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb. Bu sanksiya Rusiyanın hərbi təcavüzü səbəbindən tətbiq edilməyib və buna bankın Şimali Koreya ilə münasibəti səbəb olub.

Ukrayna Xarici İşlər Nazirliyinin dəstəklədiyi “Müharibə və sanksiyalar” layihəsində İldar Neverovun biznes tərəfdaşı, illər boyu Rusiya Federasiyasının tərkibində olan Buryatiya Respublikasının tikinti naziri olmuş Nikolay Ruzavinə sanksiya tətbiq edilməsi nəzərdə tutulur. Neverov və Ruzavin Kiprdə qeydiyyatdan keçmiş ofşor şirkət Siberia Metals Ltd-yə sahibdirlər, bu barədə məlumata Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) məşhur araşdırma layihəsində (Panama Papers, Pandora) də rast gəlinir.

İldar Neverovun əmlakında Tbilisidə, İ. Çavçavadze №80-də 2012-ci ilin mart ayında aldığı 196 kv.m. mənzil də mövcuddur.

“Sever”in bələdiyyə satınalmalarında rəqibsiz qələbələri

Araşdırmalara görə, 2011-ci il sentyabrın 29-da Acarıstan Muxtar Respublikası hökuməti, təsis olunduqdan az sonra “Sever”ə Batuminin Kaxaberi qəsəbəsində 511 kvadratmetrlik 4 binanı əhatə edən 12208 kvadratmetr sahəyə malik uzufrukt verib. Bu sahədə şirkət həssas heyvanlar üçün quşxanalar, onlara qulluq və evtanaziya ilə bağlı infrastruktur təşkil edib. 2013-cü ildən “Sevər” bələdiyyə satınalmalarında fəal iştirak edir.

“Beynəlxalq Şəffaflıq Gürcüstan” qeyd edir ki, “Sever” hələ də heyvanlara qulluq, sterilizasiya, peyvənd və digər prosedurları həyata keçirən rəqibsiz şirkətdir.

2014-cü ildən etibarən “Sever” Batumi zibilxanalarının istismarı üçün elan edilmiş bələdiyyə satınalmalarında müsabiqəsiz qalib gəlib. Bu şirkət bələdiyyələrin ərazisində yığılan məişət tullantılarını Batumi zibilxanasına gətirən Acaranın digər bələdiyyələrinə də xidmət göstərir (Kobuleti, Xulo, Şuaxevi, Xelvaçauri, Keda).

“Beynəlxalq Şəffaflıq Gürcüstan” hesab edir ki, “Sever” şirkətinin Rusiya vətəndaşları, xüsusən də Rusiya dövlət şirkətinin direktoru İldar Neverovla bağlı əlverişli mövqe tutması Acarıstan bələdiyyələrinin satınalmaları, tender şərtlərinin ona uyğunlaşdırılması, rəqabətin məhdudlaşdırılması istintaq strukturlarının araşdırması üçün əsas olmalıdır.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur