“Öz fikrini ifadə edən o adama qarşı hücum hər kəsi təəccübləndirdi. Çox savadlı insandır o. Alimlər hər zaman müəyyən mövqelərlə razılaşmaya bilər, lakin biz təhsilə hörmət edirik. Gürcülər bilirlər ki, bu rusiyayönümlü dezinformasiya çoxdandır davam edir, son vaxtlar isə daha da artıb və aqressivləşib. Məqsəd gürcüləri bölməkdir. Ölkəni bu qədər qütbləşdirən əsas elementlərdən biri də insanların nəyin doğru və nəyin yanlış olduğunu anlamaması üçün ictimaiyyəti çaşdırmağa çalışan rusiyayönümlü qüvvələr tərəfindən təşkil edilən daimi dezinformasiya dalğasıdır”, - ABŞ səfiri Kelli Deqnan Kvarelidə rusiyayönümlü “Alt İnfo” partiyası üzvlərinin Levan Berdzenişvilinin mühazirəsini dağıtması ilə bağlı “Gürcüstan xəbərləri”nə müsahibəsində deyib.
Əsas xəbərlər
“Oçneba” konstitusiya çoxluğunu əldə edəcəyi təqdirdə VMH və digər partiyaları ləğv etməklə hədələyir
Zelenski Kursk vilayətində əməliyyatın əsas vəzifəsi kimi “bufer zonasının yaradılmasını” hallandırıb
“İndi Gürcüstanın inanılmaz fürsəti olan vaxtda bu cür qüvvələr güclənir və Gürcüstanı Avropa olduğuna inandığım bu taleyindən ayırmağa cəhd edirlər. Gürcüstan əsrlər boyu tutduğu istiqamətə can atdığını qəti və aydın şəkildə nümayiş etdirməlidir.
Gürcü mədəniyyəti bu ümumi dəyərlərə - azadlıq və müstəqilliyə, insan hüquqlarına hörmətə, həmçinin bir-birinə hörmətə əsaslanır. Ümid edirəm ki, gürcülər rusiyapərəst qüvvələrin bu ifrat aqressiv cəhdi qarşısında öz tarazlığını bərpa edəcəklər”, - qeyd edib səfir.
“Mühafizəkarlar Hərəkatı/Alt İnfo”nun 20-yə yaxın üzvü Levan Berdzenişviliyə yanvarın 15-də Kvarelidə “İlya, bizim avropalı atamız” mövzusunda mühazirə keçirməyə imkan verməyib. Rusiyayönümlü partiyanın nümayəndələri “Kvareli Avroklub”a gedən yolu bağlayıb və Levan Berdzenişvilini binaya buraxmayıblar. Aksiya iştirakçıları “Levan Berdzenişvili satqındır və Çar Erekleni təhqir etdiyinə görə onu Kaxeti qəbul etməyəcək” deyə qışqırırdılar.
Hadisə yerindəki polislər yolu təmizləməyə cəhd göstərməmişdi və xuliqanlığın qarşısını almamışdı.
2022-ci ilin mayında Levan Berdzenişvili Kartl-Kaxetiya Çarı II Erekleni 1783-cü ildə Rusiya ilə Georgiyevsk müqaviləsini imzaladığına görə tənqid etmişdi. Berdzenişvili müsahibələrinin birində deyirdi: “Kral Erekle satqın elan olunana qədər İrakli Qaribaşvili çıxıb “Müharibə istəyirsiniz?!” deyəcək. Hə, Erekle də bunu demişdi, nə yəni müharibəmi istəyirsən a kişi. O, döyüşçü idi, 80 döyüşdə qalib gəlmişdi. Müharibə istəmirdim, heç kim istəmirdi, amma o, bütün Gürcüstanı təslim etdi, yalnız Kaxetiyaya nəzarət edirdi, ona bunu etməyə kim haqq vermişdi? Öz nəvəsi ki, yazmışdı ona - sənə bunu etməyə kim icazə verib? Qulaq asmadılar ona. Barataşviliyə qulaq asmırlar”.
Berdzenişvilinin bu çıxışlarından sonra petisiya yayıldı, petisyanı imzalayanlar onun tələbələrə mühazirə oxumasının qadağan edilməsini tələb edirdilər. Mayın 28-də Telavidə II Erekle sarayının yaxınlığında “çarın müdafiəsi üçün” adlı aksiya keçirilmişdi, iştirakçıların əksəriyyəti Telavi Dövlət Teatrının əməkdaşları, “Alt İnfo”nun fəalları və dövlət qulluqçuları idilər. Berdzenişvilinin şəkillərini çar sarayının yaxınlığındakı tualetin qapısına yapışdırmışdılar.