Şəffaflıq birləşmək hüququna qeyri-mütənasib şəkildə müdaxilə etmədən nail oluna bilər - Ombudsman

“Gürcü Arzusu”nun rus qanunu müstəqil medianın və ictimai təşkilatların mövcudluğuna təhlükə yaradır, Gürcüstanın Avropa İttifaqına üzv olmasına mane olur.

Rus qanunu Gürcüstanda, eynilə Rusiyada söz azadlığını yox edən Putinin qaydalarının təməlini qoyur.

Məzlum olduğunuz zaman probleminizi işıqlandıran və yanınızda duran olmayacaq.

“Gürcüstan Xəbərləri” “Gürcü Arzusu”nun rus tipli qəsdinə sona qədər müqavimət göstərəcək!

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani bildirir ki, rus qanunu olmadan da təşkilatların şəffaflığına nail olmaq mümkündür və parlament Gürcüstanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını təhlükə altına qoya biləcək heç bir hüquqi aktı qəbul etməməlidir.

Xalq Müdafiəçisi bu gün parlamentdə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən gündəmə gətirilməsini bir daha şərh edib və bəyan edib ki, Gürcüstan üçün nəzərdə tutulan xarici yardım axınının şəffaflığının artırılması və yardım alan təşkilatların hesabatlılığı qanuni məqsəddir, lakin buna birləşmək hüququna qeyri-mütənasib şəkildə müdaxilə etmədən də nail oluna bilər.

Xalq Müdafiəçisinin fikrincə, bu məqsədə “Qrantlar haqqında” qanuna müvafiq dəyişikliklər etməklə və “eAIMS” məlumat bazasında dəyişiklik etməklə asanlıqla nail olmaq olar.

2020-ci ildən Gürcüstanda Maliyyə Nazirliyi, Avropa və Avro-Atlantik Strukturlara İnteqrasiya üzrə Dövlət Nazirinin Ofisi və Hökumət Administrasiyasının birgə işi nəticəsində yaradılmış “eAIMS” məlumat bazası fəaliyyət göstərir. Sözügedən məlumat bazası bütün maraqlı şəxslər üçün əlçatan olan internet saytında yerləşir. O, istifadəçiyə bütün donorlar, maliyyələşdirmə növləri, layihələr və tematik sahələr haqqında məlumat əldə etmək imkan; verir. Eyni portalda çox asan axtarış sistemi vasitəsilə təşkilatların çəkdiyi xərclərin məbləği haqqında məlumat əldə etmək mümkündür.

Xalq Müdafiəçisi qeyd edir ki, ATƏT/DTİB bir il əvvəl parlamentdə irəli sürülən analoji qanun layihələrini “əsas insan hüquqları ilə ziddiyyət təşkil edən təşəbbüslər” kimi qiymətləndirib.

Ombudsman Konstitusiyanın 78-ci maddəsinə istinad edir ki, ona görə konstitusiya orqanları Gürcüstanın Avropa İttifaqına və Şimali Atlantika Müqaviləsi Təşkilatına tam inteqrasiyasını təmin etmək üçün öz səlahiyyətləri daxilində bütün tədbirləri görməlidirlər.

“Yuxarıda qeyd olunanlar xüsusilə nəzərə alınmalıdır, çünki birləşmək və ifadə azadlığı, eləcə də şəxsi həyatın toxunulmazlığı hüququ ilə bağlı digər ölkələrin qanunvericiliyində əks olunan oxşar tənzimləmələr  Avropa İnsan Haqları Məhkəməsi, Avropa İttifaqının Ədalət Məhkəməsi, ATƏT/DTİHB, Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkili, Venesiya Komissiyası və BMT-nin Xüsusi Məruzəçisi tərəfindən mənfi qiymətləndirilib.

Buna görə də parlament Gürcüstanın konstitusiya istəklərinin həyata keçirilməsinə təhlükə yarada biləcək hər hansı hüquqi aktı qəbul etməməlidir.

Təqdim olunan qanun layihəsinin təşkilatlarla müxtəlif (əmək və ya xidmət müqaviləsi) münasibətlərində olan hər hansı şəxs haqqında kifayət qədər iri həcmli fərdi məlumatların toplanması və ictimailəşdirilməsi üçün əsas yaratması xüsusi diqqətə layiqdir ki, bu da şəxsi həyatın toxunulmazlığı hüququnu poza bilər ”, - deyə Xalq Müdafiəçisinin bəyanatında deyilir.

Gürcüstanın Xalq Müdafiəçisi baxılan təşəbbüslərin insan hüquqları standartlarına uyğunlaşdırılması üçün qanun layihəsinin müəllifləri ilə əlavə məsləhətləşmələr aparmağa hazır olduğunu bildirir.

Gürcü Arzusu” bir il əvvəl genişmiqyaslı ictimai etirazlar nəticəsində ləğv etdiyi “Xarici agentlər haqqında” qanun layihəsini “qeyd-şərtsiz” parlamentdən geri götürədüyü barədə söz verdikdən sonra, onu təkrardan  geri qaytarıb. Qanun layihəsinin mətni olduğu kimi qalıb – yalnız “xarici təsir agenti” “xarici dövlətin maraqlarını daşıyan təşkilat” ifadəsi ilə əvəz edilib. Hakim partiya Gürcüstanın Avropaya inteqrasiya prosesinə xələl gətirə bilmə ehtimalı olsa da, rus qanununu yaz sessiyasının sonuna kimi qəbul etmək niyyətindədir.

Gürcüstan xəbərləri
Gürcüstan xəbərləri
müstəqil, ictimai-siyasi onlayn nəşrdir. Vebsayt İnformasiya Resursları Şəbəkəsi (IRN) tərəfindən idarə olunur